Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası Ağdam rayonunun Orta Qərvənd kəndində erməni hərbçilərinin 9 yaşlı Fariz Bədəlovun qətlə yetirilməsinin qırxıncı günündə işğal nəticəsində uşaq və yeniyetmələrimizin hüquqlarının tapdanmasının müzakirəsinə həsr edilmiş dəyirmi masa keçirib.
Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova bu hadisəni atəşkəs dövründə ermənilərin törətdiyi növbəti vandalizm kimi qiymətləndirib: "Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistan silahlı qüvvələri azyaşlı uşaqlara yönəlik bu cür amansız qətl faktıyla insanlığa, bəşəri dəyərlərə, humanizm prinsiplərinə düşmən olduqlarını bir daha dünyaya göstərdilər. Ancaq bizi təəssüfləndirən odur ki, dünyanın gözü qarşısında baş verən bu qanlı olaylara, məsum uşaqlara qarşı aparılan vandalizmə özlərinə "demokratik don" geyindirən Qərb dövlətləri hələ də siyasi qiymət verməyib. Nüfuzlu beynəlxalq uşaq təşkilatları da 9 yaşlı Farizin qətlə yetirilməsini indiyə kimi qınamayıblar. Bu cür ikili standartlar həmin dövlətlərin demokratik düşüncə tərzlərindən uzaq olmalarını ortaya qoyur".
Filologiya elmləri namizədi Sona Vəliyeva bildirib ki, 9 yaşlı Farizin atəşkəs zamanı öldürülməsinə göz yumursa, qarışmırsa, o zaman Qərb Azərbaycanın heç bir daxili işinə qarışmasın. Sona Vəliyeva Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasının yeni metodlarının tapılmasını, təbliğat vasitələrinin yenilənməsini olduqca vacib sayıb.
Milli Qeyri-Hökumət Təşkilatı Forumunun sədri Rauf Zeyni Farizə tuşlanan gülləni NATO-ya, BMT-yə, Avropa Birliyinə, ATƏT-ə tuşlanan güllə kimi qiymətləndirib. Təklif verib ki, əgər dünya birliyi, beynəlxalq təşkilatlar 9 yaşlı Farizin qətlə yetirilməsinə biganə qalırlarsa, bizim ölkəmiz də etiraz əlaməti olaraq bu il “Eurovision” mahnı yarışmasından imtina etsin.
Tədbirin sonunda hazırlanmış bəyanata öz təkliflərini veriblər.
Bəyanatda bildirilib ki, Azərbaycanın qadın jurnalistləri və ictimaiyyət nümayəndələri bu il martın 8-də doqquz yaşlı Fariz Bədəlovun Ermənistanın işğalı altındakı Ağdam rayonu ərazisindən erməni snayperinin açdığı atəşlə qətlə yetirilməsini, eləcə də beynəlxalq təşkilatların və kütləvi informasiya vasitələrinin bu qəddarlıq faktına laqeyd yanaşmalarını qətiyyətlə pisləyirlər.
“Fariz Bədəlov Ermənistan silahlı qüvvələrinin hərbçilərinin qətlə yetirdiyi minlərlə uşaqdan biridir.
Belə ki, Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində 20 mindən çox günahsız insan, o cümlədən uşaqlar beynəlxalq humanitar hüquq normaları, əsas beynəlxalq hüquqi aktlarda təsbit olunmuş insan hüquq və azadlıqları kobud şəkildə pozularaq bir çoxu xüsusi amansızlıqla qətlə yetirilib, aralarında qadın və uşaqların çoxluq təşkil etdiyi minlərlə dinc Azərbaycan vətəndaşı girov götürülüb"-deyə bəyanatda bildirilib.
Sənəddə daha sonra qeyd edilib: “Biz dünyanın bütün qadın jurnalistlərini və ictimaiyyət nümayəndələrini Azərbaycan xalqının haqq işini-öz torpaqlarında dinc və əminamanlıq şəraitində yaşamaq istəyini dəstəkləməyə, günahsız bir uşağın amansızcasına qətlə yetirilməsilə nəticələnən, əslində isə bütün uşaqlara və insanlığa qarşı yönələn bu ağır müharibə cinayəti aktını kəskin şəkildə pisləməyə çağırırıq.
Qoy, dünyanın bütün analarının qisməti göz yaşları deyil, körpələrin təbəssümü olsun!"
Mail Ağaxanov