Sorğuda iştirak edən ictimai təşkilatlar bununla bağlı xeyli təkliflər sadalayıblar
Azərbaycanda bu gün çoxlu sayda Qeyri-Hökümət Təşkilatları (QHT) fəaliyyət göstərir. Onlar vaxtaşırı hesabatlarla çıxış edir, müxtəlif təkliflər irəli sürürlər. Qeyd edək ki, QHT sektorunun dövlət strukturları ilə əlaqələrinin kövrəkliyi daim müzakirə mövzusudur. İctimai qurumların rəhbərləri hesab edirlər ki, onların təklifləri o qədər də diqqətə alınmır. Bəs bu təşkilatlar cəmiyyət həyatı üçün lazım olan təkliflər paketini ortaya qoya bilirmi?
Modern.az ölkə üzrə bir neçə tanınmış QHT rəhbərinə “Hansı qanunvericilik təşəbbüsü ilə çıxış etmək istərdiniz? Bununla bağlı konkret olaraq hansı təklifləriniz varmı” sualı ilə müraciət edib.
Milli Qeyri-Hökümət Təşkilatları Forumunun rəhbəri Rauf Zeyni bildirib ki, vətəndaş cəmiyyəti olaraq daim qanunların təkmilləşməsinin tərəfdarıdırlar. Milli QHT Forumu hesab edir ki, Azərbaycanda “Dövlət sosial sifarişi haqqında” qanun qəbul olunmalıdır.
“Bu gün əsas təklifimiz bundan ibarətdir və bu barədə bəzi millət vəkillərinə də demişik, onlar da bununla çox maraqlanırlar, məsələ yəqin ki, yaxın günlərdə gündəmə gələcək”-deyə R.Zeyni vurğulayıb.
Beynəlxalq Avrasiya Mətbuat Fondununun rəhbəri Umud Rəhimoğlu isə həmkarından fərqli olaraq hər hansı bir təkliflərinin olmadığını vurğulayıb. U.Rəhimoğlu hesab edir ki, bir sıra ixtisaslaşmış QHT-lər var ki, onlar qanunvericiliklə bağlı müəyyən ortalığa çıxan sualları dəyərləndirirlər.
“Təbi ki, bizə aid olan məsələlərdə öz sözümüzü deyirik, mövqeyimizi ortaya qoyuruq”.
Konstitusiya Araşdırmaları Fondunun (KAF) sədri Əliməmməd Nuriyevin sözlərinə görə, hal-hazırda Azərbaycan Respublikası Prezidentin yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sifarişi ilə bir neçə qanun layihəsinin hazırlanması üçün işə başlanılıb. Bunlar “Korporativ sosial münasibətlər haqqında”, “Sosial sifarişlər haqqında”, “Peşə təşkilatları haqqında” qanun layihələridir. Bundan başqa, həmçinin ayrı-ayrı QHT-lər müxtəlif vaxtlarda bir sıra qanunvericilik dəyişiklikləri ilə bağlı çıxış ediblər.
“Fondumuz tərəfindən bir neçə dəfə qanun layihələrinə dəyişikliklərlə bağlı müxtəlif təkliflərimiz olub. Sonuncu hazırladığımız QHT Şurasıının dəstəyi ilə “Normativ hüqüqi aktlarının antikorrupsiya ekspertizası haqqında” qanun layihəsidir. Biz bunu bir neçə aydır hazırlamışıq və müvafiq strukturlara təqdim eləmişik. Bundan əvvəl isə “Etik davranış kodeksi” ilə bağlı bizim ictimai dinləmələrimiz olub. Mən həmçinin Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yanında qanunvericiliyin təkmilləşdirilməsi qrupunda ekspert qismində iştrak edirəm. Burda da bir çox qanunların hazırlanması prosesində iştrak etmişik”-deyə Ə.Nuriyev bildiridi.
KAF rəhbərinin sözlərinə görə, QHT-lər həm müstəqil, həm müxtəlif sifarişlərlə, eyni zamanda ayrı-ayrı qanunların hazırlanması prosesində ekspert qismində çıxış edirlər. Ə.Nuriyev qeyd edib ki, Milli QHT Forumu tərəfindən hazırlanmış “Könüllülük fəaliyyəti haqqında” qanun layihəsi Milli Məclisdə qəbul olunub. Eyni zamanda “Xeyriyəçilik fəaliyyəti haqqında” qanun layihəsi hazırlanıb.
“Rəhbərlik etdiyim işçi qrup tərəfindən “Neft fondu haqqında” qanun layihəsi hazırlanıb və Milli Məclisə təqdim olunub. Hal-hazırda Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası tərəfindən “Mədən sənayesinin şəffaflığı haqqında ”qanun layihəsi üzərində iş gedir. Eyni zamanda “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna əlavə və dəyişikliklər təqdim olunub. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ortaq layihələrə də xüsusi diqqət yetirir və hər zaman qanunvericiliklə bağlı təşəbbüsləri həmişə dəstəkləyib”.
Ə. Nuriyev bildirib ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumatlandırma və Əməkdaşlıq Şəbəkəsinin üzvü olan Tacirlər və İstehsalçılar Birliyi tərəfindən “Daxili ticarət haqqında” qanun layihəsi hazırlanıb və Milli Məclisə təqdim edilib.
Fondun rəhbərinin sözlərinə görə, KAF Milli Məclisin Hüquq siyasəti və və dövlət quruculuğu komitəsi ilə çox sıx əlaqəlidir.
“İnam” Plüralizim Mərkəzinin rəhbəri Vahid Qazi vurğulayıb ki, indiyə qədər qanunvericilik təşəbbüsu ilə çıxış etməyib.
“Ancaq bəzi QHT-lər var ki, onlar bu sahədə işləyirlər və qanunlar hazırlayırlar. Mənim yaxın zamanlar üçün də qanunvericiliklə bağlı hər hansı bir təklifim yoxdur”.
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətin rəhbəri Novella Cəfəroğlu qadınlarla bağlı qanunvericilikdə bir neçə dəyişikliklərin olmasının tərəfdarıdır. Onun sözlərinə görə, qadınlara qarşı zorakılıqların hüquqi məsuliyyətini yaradan mexanizmlərlə bağlı təkliflər hazırlayıblar.
Qurumun qadınlarla bağlı təkliflərindən biri də bələdiyyə strukturlarında işsiz qadınların siyahıya alınaraq onların əməyindən istifadə mexanizmlərinin hazırlanması ilə bağlıdır. N.Cəfəroğlu qeyd edir ki, müxtəlif qadınlar şəxsi evlərdə dayə, qulluqçu, paltaryuyan və s. xidmətlər üzrə işləyirlər.
“Təklif etmişik ki, qanunvericilikdə bələdiyyələrə verilən hüqular çərçivəsində bu işin təşkili özünüidarə qurumlarına verilsin. Bələdiyyələr həmin qadınların adlarını siyahıya alsınlar. Dövlət dəstəyinin köməyi ilə bu xidmət sferasında çalışan qadınları vergiyə cəlb etmək və bununla da onların gələcək pensiya təminatını yaratmaq olar”-deyə o bildirib.
Qurum həmçinin Milli Məclisə sosial içilərin hazırlanması ilə bağlı təkliflər göndərib. Cəmiyyətin təkliflərindən biri də boşanmalar zamanı alimentlə bağlı öhdəçilyin icrasına aiddir. N.Cəfəroğlunun sözlərinə görə, dövlət alimentlərin verilməsi ilə bağlı Fond açmalı, alimentdən yayınanların axtarılmasını öz üzərinə götürməlidir.
“Dövlət bu fond vasitəsilə həmin şəxsi tapıb işlə təmin edərək onun maaşından aliment pulunun çıxarılmasını təşkil etsin. Bu gələcək vətəndaş olan körpənin böyüməsi üçün faydalı olacaq”.
Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşviq Ələsgərli isə hesab edir ki, mövcüd qanunvericilik medianın fəaliyyətinin tənzimlənməsi üçün kifayətdi və ən inkşaf etmiş ölkələrin qanunvericiliyinə uyğundur, ona görə də bu sahədə xüsusi bir problemin olmadığını bildirib. M.Ələsgərli onu da deyib ki, JuHİ jurnalistlərin işinin tənzimlənməsi üçün Əmək Məcəlləsində xüsusi qeydlər edilməsi üçün dəfələrlə məsələ qaldırıb.
“Jurnalistika sahəsi spesifik bir sahə olduğu üçün, çox vaxt operativ işlər çıxdığı üçün, jurnalistlərin iş saatı uzanır. Jurnalistlərin işi daha çox vaxtamuzd yox, işəmuzd kimi hesablanır. Yəni, jurnalistin işi işəmuzd kimi, saata görə hesablanır. Bu da tam mənası ilə bu sahəyə uyğun gəlmir”.
M.Ələsgərlinin sözlərinə görə, rəhbərlik etdiyi qurum bununla bağlı bir neçə dəfə məsələ qaldırıb.
“Jurnalistlərin fəaliyyəti, onlarla əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı ya Əmək Məcəlləsində müəyyən dəyişikliklər olunmalı, ya da onlar haqqında xüsusi bir qanunvericilik aktı qəbul edilməlidir”-deyə M.Ələsgərli qeyd etdi.
Mail Ağaxanov