Modern.az

Politoloq: “Hərbçilərimiz İran ərazisilə də işğaldakı torpaqlarımıza keçə bilərlər”

Politoloq: “Hərbçilərimiz İran ərazisilə də işğaldakı torpaqlarımıza keçə bilərlər”

Qarabağ

21 Aprel 2011, 13:39

Bu gün “Mübariz Əhmədoğlu ilə Qarabağ saatı” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri M.Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsi ətrafında  yaranmış vəziyyəti təhlil edərək, jurnalistləri maraqlandıran sualları cavablandırıb.

SİTM sədri bildirib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin son bəyanatı münaqişənin tənzimlənməsinin, o cümlədən dinc yolla tənzimlənməsinin tərəfdarlarının uğurudur. Politoloq deyib ki, Ermənistanın, onun havadarlarının, o cümlədən münaqişənin dinc yolla tənzimlənməsinin əleyhdarlarının son bir illik fəaliyyəti nəticəsiz başa çatdı: “Minks Qrupu həmsədrlərinin bəyanatı tənzimləmənin fəlsəfi-siyasi mahiyyətini bərpa etdi. Bu, Sankt-Peterburq təkliflərindən sonra ikinci belə haldır: Yenilənmiş Madrid Prinsiplərini darmadağın etmək məqsədilə ermənilər Sankt-Peterburq təkliflərini gündəliyə gətirdilər; Azərbaycan bunun qarşısını aldı. İndi də eynilə həmin proses təkrar olundu”.

Ekspert qeyd etmişdir ki, ATƏT-in Minsk Qrupunun son bəyanatı Azərbaycan ordusunun, eləcə də hərbi diplomatiyamızın qələbəsidir: “Vasitəçilər prosesi snayperlərin qoşunların təmas xəttindən geri çəkilməsi kimi danışıqların mahiyyətinə zidd olan təkliflərə kimi kiçiltmişdilər. Azərbaycanın hərbi aviasiyası və sərt diplomatiyası vasitəçilərin baxışlarını bütövləşdirdi. Azərbaycan ordusu “topsuz oyun oynamaq”la və ya lazım olan anda, lazımi mövqedə durmaqla hadisələrin gedişinə təsir edə bildi”.

M.Əhmədoğlu hesab edir ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində bütün konsepsiyaları və tezisləri iflasa uğrayıb. İndi isə Ermənistan insan hüquqları tezisindən möhkəm yapışıb: “Məntiqsiz və ziddiyyətli bəyanat verən erməni rəsmiləri başa düşmürlər ki, insan hüquqları təkcə ermənilərə aid deyil, həm də deportasiya olunmuş, soyqırıma məruz qalmış azərbaycanlılara aiddir. Dağlıq Qarabağ münaqişəsinin insan hüquqlarının müdafiəsi prizmasından tənzimlənməsi ilk növbədə  oradan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına qayıtmasını tələb edir. Bu azərbaycanlıların öz doğma məskənlərinə qayıtması hüququ ermənilərin özləri üçün uydurduğu təhlükəsizlik və digər hüquqlardan daha prioritetdir”.

SİTM sədri Ermənistan-Rusiya münasibətlərinin mövcud vəziyyətini təhlil edərək, tərəflər arasındakı qeyri-səmimi münasibətlərin mövcud olduğunu bildirib: “Ermənistan Rusiyanın regional maraqlarına zərbə vurmaq siyasətini davam etdirmişdir: Ermənistan-Çin, Ermənistan-İran münasibətlərində müsbət dinamika davam edir; Hətta ermənilərə yaxın mənbələr də qeyd edir ki, Çinin Ermənistanda investisiyası yoxdur. Ermənistan Çin üçün istehlak bazarı kimi də o qədər maraqlı deyil. Çin Ermənistanın konfliktogen ehtiraslarını tədqiq edib onu satın ala bilər. Belə Ermənistan Çinə Rusiya və Türkiyəyə qarşı lazımdır”.

Sonda, ekspert İranın Dağlıq Qarabağ münaqişəsinin həllində roluna da toxunub. M.Əhmədoğlu deyib ki, İranın ərazisi vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi layihəsini hazırlayıb, müzakirə üçün ictimaiyyətə təqdim ediblər: “İran Dağlıq Qarabağ münaqişəsi regionunun yeganə qonşusudur. Ona görə, İranın mövqeyi vasitəçilərin mövqeyindən tamamilə fərqli olmalıdır. İran unikal coğrafi mövqeyindən Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə deyil, tənzimlənməməsi istiqamətində istifadə edir. Faktiki olaraq, İran-Ermənistan destruktiv cütlüyü yaranmışdır. Layihə ilk əvvəl İran ərazisi vasitəsilə mülki adamların işğal olunmuş ərazilərə keçib namaz qılmasını və məzarları ziyarət etməsini nəzərdə tutur. Yeri gəlmişkən, zəbt edilmiş ərazilərdəki məzarların ziyarət olunması ATƏT-in Minsk Qrupunun işğal olunmuş ərazilərdəki son monitorinqi, sahə dəyərləndirmə missiyasının hesabatında da nəzərdə tutulmuşdur. ATƏT-in Minsk Qrupunun bu məsələdə İslam Konfransı Təşkilatı ilə də əməkdaşlıq edə bilər. İran ərazisi vasitəsilə Azərbaycanın hərbi birləşmələri də işğal olunmuş ərazilərə keçə bilərlər”.

Politoloqun fikrincə, layihə elə tərtib olunub ki, nəzərdə tutulmuş hərəkətlərin qarşısını almaq və ya neytrallaşdırmaq mümkün deyildir: “Hətta İranın indiki rəhbərliyi imkan verməsə də, hakimiyyətdə istənilən dəyişiklik və yaxud seçkilər bu məsələdə yeni aktivlik yaradacaqdır”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama