Modern.az

Parlament - cəmiyyət münasibətləri yeni media müstəvisində

Parlament - cəmiyyət münasibətləri yeni media müstəvisində

29 Aprel 2011, 18:29

PJB yeni layihəyə start verib 

Parlament Jurnalistləri Birliyi Milli Məclisin işinin media tərəfindən daha yaxşı işıqlandırılmasına yönələn yeni layihənin icrasına başlayıb.
“Parlament-cəmiyyət münasibətlərində İnternet medianın rolunun gücləndirilməsi” adlı layihə çərçivəsində təşkilat xeyli yeniliklərə imza atmağı planlaşdırır.

Bu layihə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Artıq PJB-nin təşəbbüsü ilə Modern.az saytında parlamentin işinə həsr edilən xüsusi bölmə yaradılıb. Bu bölmədə Milli Məclisdə müzakirəyə çıxarılan, qəbul edilən sənədlər barəsində ətraflı məlumat verilir. Çox maraq doğuran, əhalinin həyat tərzinə birbaşa aidiyyəti olan qanun layihələri ilə bağlı ekspert rəyləri hazırlanaraq sayta yerləşdiriləcək. Bu cür sənədlərlə əlaqədar həmçinin komitə sədrləri və üzvlərindən müsahibələr hazırlanacaq.

Müzakirədə olan və yeni qəbul edilən qanunların veb-səhifədə yerləşdirilməsi də təmin olunacaq. Saytda tanınmış hüquqşünasların qanunlarla bağlı izahatı, qanunun üstün cəhətləri və çatışmazlıqlarının göstərilməsi ilə müşayiət olunan yazılar da yerləşdiriləcək.

Artıq Modern.az-da hansı sahəyə aid qanunların qəbuluna ehtiyac olmasına dair onlayn sorğu da elan edilib.  İstifadəçilər istədikləri cavab variantını seçməklə Azərbaycanda hansı sferada qanunvericiliyin gücləndirilməsinə ehtiyac olduğunu bildirəcəklər. Oxşar sorğu həmçinin deputatlar və jurnalistlər arasında da keçiriləcək. Ümumilikdə, sorğuda qoyulan suallar vasitəsilə hansı qanunlar barədə ictimaiyyətə məlumat çatdırılmasına daha çox ehtiyac olduğu müəyyənləşdiriləcək.

Dörd ay müddətində bütövlükdə cəmiyyət üçün xüsusi maraq kəsb edən qanun layihələrinin ictimai müzakirəsi təşkil ediləcək. Bu müzakirədə qanunlar üzərində işləyən qrup üzvləri, komissiya sədrləri və komissiyanın üzvləri, müvafiq dövlət strukturunun nümayəndələrinin iştirakı təmin ediləcək. İlk dəfə olaraq tədbirin video çəkilişi aparılacaq və müzakirələr zamanı səslənmiş ən maraqlı və önəmli fikirlərin video variantı da sayta yerləşdiriləcək. Bu da qanun layihəsi ilə bağlı onlayn müzakirələrin açılmasına şərait yaradacaq.

Saytdakı materialların daha çox İnternet izləyicisinə yayılmasını təmin etmək üçün Facebook, Twitter kimi sosial şəbəkələrdən də istifadə olunacaq. Bir sözlə, saytda parlamentin işini onun içindən görmək mümkün olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama