Modern.az

Qadın jurnalistlərin Yevlax və Goranboy səfərindən REPORTAJ

Qadın jurnalistlərin Yevlax və Goranboy səfərindən REPORTAJ

4 May 2011, 16:02

Səfər "Azərbaycan müstəqilliyinin 20 illiyi və qadınlar" layihəsi çərçivəsində baş tutub


Azərbaycanda son illər regionların inkişafına diqqət əhəmiyyətli dərəcədə artırılıb, desəm yəqin ki, mübaliğə etmərəm. Bu inkişafın nəticəsidir ki, beş il bundan əvvəl gördüyün şəhər və rayonlar indi tanınmaz səviyyədə abadlaşıb, müasirləşib, bir-birindən fərqli yaşayış evləri və dövlət müəssisələri tikilib istifadəyə verilib. Düzdür, deyə bilərsiniz ki, dövlətin büdcəsindən ayrılan vəsaitdir ona görə də bu inkişaf var. Mən bu fikirlə razı deyiləm. Çünki Azərbaycanın üçüncü şəhəri olan Sumqayıtın da abadlaşdırılması, yenilənməsi məqsədilə kifayət qədər pul ayrılmışdı. Ancaq Sumqayıt bu gün ölkənin ən geridə qalmış, parkı bərbad vəziyyətdə və yaşayış səviyyəsi sonuncu yerlərdə olan şəhərlərindəndir. Sumqayıtlılar güman edir ki, yeni icra başçısı Eldar Əzizov şəhərdə yaxşı işlərə imza ata biləcək...

...Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə aprelin 30-u və mayın 1-də bir qrup qadın jurnalist "Azərbaycan müstəqilliyinin 20 illiyi və qadınlar" layihəsi çərçivəsində Yevlax və Göranboy rayonlarında səfərdə olduq. Etiraf edim ki, hər iki rayona səfərim ilk dəfə idi. Əvvəlcə yolumuzu Yevlaxdan saldıq.
"Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızının qonağı olduq. Yevlaxın ictimai-siyasi həyatında öz dəsti-xətləri ilə seçilən və sayılan xanımlarla görüşdük. AJQA-nın rəhbəri Sevil Yusifova cəmiyyətdə qadınların rolundan və Azərbaycanın müstəqilliyinin qazanılmasında, ondan sonrakı müddətdə qadınların gördüyü işlərdən danışdı. Tədbirdə mən də çıxış elədim və bildirdim ki, güclü dövlətin, güclü cəmiyyətin, güclü gələcəyin olmasını istəyiriksə, Azərbaycan qadını həm savadlı, həm mübariz, həm də öz hüquqlarını qorumağı bacarmalıdır. Yevlaxda mən bu cür qadınları gördüm. Həmin qadınlar rəhbərlik etdikləri və çalışdıqları idarə və müəssisələrdə heç də əkscinslərdən geri qalmayaraq fədakarlıq göstərirlər. Ən təqdirəlayiq haldır ki, bu rayonda vəzifələrdə qadınlar da təmsil olunur və onlar işlərinin öhdəsindən layiqincə gəlirlər. Biz bunu Əminə xanımın timsalında gördük...
...Əminə xanım bizi Kür çayının lap yaxınlığında salınmış parka gəzintiyə dəvət elədi. Bura heç də Bakının dənizkənarı parkından seçilmirdi. Əksinə, bir qədər də göz oxşayırdı və maraqlı dizaynı vardı. Pilləkənlərlə Kür çayının üstündə dəmirdən düzəldilən kiçik körpüyə enirik. Körpünün məhəccərinə söykənib dəli Kürə baxıram. Bir anlığa özümü Bərgüşadın, Həkərinin və Ağa çaylarının sahilində hiss edirəm. Ancaq bu bir xəyaldır ki, gerçəkliyə çevriləcəyi günü səbirsizliklə gözləyirəm...
...İki ildir Yevlaxda fəaliyyət göstərən və region televiziyaları sırasında birinciliyi ilə seçilən "EL" televiziyasının kollektivi ilə görüşürük. Kollektivin rəhbəri İqbal Məmmədəliyev bizi iş otaqları, müasir avadanlıqlar, ayrı-ayrı verilişlərin çəkilişi aparılan studiyalarla tanış edir. Və sonra dəyirmi masada yaradıcı kollektivlə fikir mübadiləsi aparırıq. İqbal Məmmədəliyev görəcəkləri işlərdən və planlardan danışır. Eyni zamanda, etiraf edir ki, "EL" televiziyasında peşəkar kadr çatışmamazlığı var və bunu aradan qaldırmaq üçün çalışırlar. Qeyd edim ki, burada çalışanların demək olar əksəriyyəti gənc nəslin nümayəndələridir...

...Yevlaxdakı dostlarımızla sağollaşıb üz tuturuq Goranboy rayonuna. O rayon ki, orada vaxtilə Azərbaycanın bölən "Gülüstan" sülh müqaviləsi imzalanıb. Bizi mehribanlıq və qonaqpərvərliklə qarşılayan Goranboy rayon İcra Hakimiyyətinin müavini Elçin İsmayılov əvvəlcə rayonda inşa olunan və istifadəyə verilən tikiş fabrikini görməyimizi məsləhət bilir. Bu fabrikdə 80 işçi çalışır və rayonun, o cümlədən ətraf rayonların sifarişləri əsasında müxtəlif çeşiddə məhsullar tikərək təhvil verirlər. Məlumat alırıq ki, son illər Goranboyda bu tipli müəssələr istifadəyə verilib ki, bu da işsizliyin azalmasına təsir göstərir. Goranboyda parkın bir tərəfində qocalar üçün bir guşə də yaradılıb. Burada onlar boş vaxtlarını səmərəli keçirir və pulsuz çaydan da istifadə edirlər. Goranboyda önəm verdiyimiz və dəyərləndirdiyimiz məsələlərdən biri də "Ana dili" abidə kompleksinin inşası və Gənclər və idman evinin tikintisi idi. Gənclər evində açılmış sərgi salonu diqqətimizi cəlb elədi. Burada rayonun bacarıqlı rəssamlarının əsərlərindən ibarət rəsmlərdə hər mövzudan bəhs olunur. Əsasən Dağlıq Qarabağ probleminə önəm verən rəssamlar Azərbaycanın ağrı-acısını olduğu kimi çatdırmağa çalışıblar...

...Goranboyun axşamları çox sakit keçir. Hətta o qədər sakitlikdir ki, küçənin bu başından o başına asta səslə danışanın nə dediyi belə aydın olur. Bu yerlərin təmiz havası da bir başqa aləmdir. O qədər təmiz havaya ehtiyacımız var ki, buranın havasını ciyərlərimizə çəkməklə doymaq bilmirdik. Səhəri yağışla açdıq...

...Goranboyda da qadınlarla görüşümüz oldu. Bu görüşdə mənə bir şey aydın oldu ki, bölgələrdə xanımlar belə tədbirlərin, özləri demişkən, acıdırlar. Çünki bəzi kişilər milli mentalitet adı altında qadınları kölə vəziyyətində yaşamağa məcbur edir, "qadın, ancaq mətbəxtdə olmalı, uşaq böyütməli, ərinin qulluğunda dayanmalıdır" fikirləri ilə onların hüquqlarını əllərindən alırlar. Hə yaxşı ki, artıq bölgələrimizdə, eləcə də Goranboyda qadınlar öz hüquqlarını başa düşürlər. Və əmindirlər ki, onlar da bir vətəndaş kimi bu Vətənə öz işləri, bilikləri ilə xeyir verə bilərlər...

...Günortadan xeyli keçmiş Bakıya dönürük. Bu dəfə Şamaxı yolu ilə qayıdırıq. Yolboyu yaşıllıqlar, az qala adam boyuna çatan taxıl zəmiləri göz oxşayır. Sürücü deyir ki, bu il taxıl bir o qədər də bol olmayacaq. Çünki yağış normadan artıq yağdığı üçün bütün zəmi boyu bitən sarı çiçəklər taxılın keyfiyyətinə və kəmiyyətinə təsir göstərəcək.


Arzu Şirinova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama