Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yeni müsabiqə elan etməyə hazırlaşır. Bu barədə Modern.az saytına Şuranın sədri, millət vəkili Azay Quliyev məlumat verib. O, qeyd edib ki, ölkə Prezidenti tərəfindən 2011-ci il “Turizm ili” elan olunub:
“Biz də Qeyri-Hökümət Təşkilatlarının bu məsələ ilə bağlı təkliflərini dinləmək istəyirik. Eyni zamanda bu sektorun turizmlə bağlı töfhə verəcəyini düşünürük. Bu məsələ ilə bağlı müzakirə aparırıq. Müsabiqə yaxın vaxtlarda elan olunacaq. Turizm üçün müsabiqəyə təxminən 80-100 min manat arasında vəsait nəzərdə tutulub”.
Bundan başqa, Azay Quliyev bildirib ki, hazırda korrupsiyaya qarşı mübarizə ilə bağlı layihələrin üzərində iş gedir. O, dövlət başçısının çağırışına cavab olaraq belə bir addım atdıqlarını deyib.
Şurasının sədri onu da qeyd edib ki, hesablamalara görə, ildə Azərbaycan QHT-ləri təxminən 30 milyon dollar qrant əldə edirlər.
“Bu qrantların yalnız 2 milyonu QHT Şurasının hesabınadır. Yerdə qalan 28 milyonu xaric donorların hesabınadır. Bu da onu göstərir ki, Azərbaycanda milli QHT-lərin hələ də böyük hissəsi xarici donorlarla işləyirlər”.
Azay Quliyev onu da söyləyib ki, QHT Şurası bu məsələlərin həlli üçün təkliflər irəli sürüb.
“Bildirmişik ki, Azərbaycanın ümumi büdcəsinin 7 faizi civarında qrant verib onlara tam nəzarət etmək gücümüz var. Bu, Azərbaycan QHT-lərinin xaricdən asılılığının minimuma endirilməsi üçün mühüm məsələdir. İnanırıq ki, təkliflərimizə baxılacaq”.
Modern.az