Vüqar Bayramov: “Viza rejiminin sadələşdirilməsi, nağdsız hesablaşmalardan istifadənin genişləndirilməsi, qiymətlərinin tənzimlənməsi kimi tədbirlərin həyata keçirilməsi vacibdir”
Ötən şənbə Almaniyada keçirilən final konsertinin nəticələrinə əsasən Azərbaycan "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi etmək haqqını qazandı. Hələlik müsabiqənin təşkilinə nə qədər vəsait xərclənəcəyi bəlli olmasa da, təxmini hesablamalar "Eurovision"un Azərbaycan büdcəsinə ucuz başa gəlməyəcəyini göstərir. Bununla belə mütəxəssislər hesab edir ki, mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi ölkə iqtisadiyyatının müxtəlif sahələrinin daha da inkişafına, turizm sahəsinin canlanmasına gətirib çıxaracaq. Məlumat üçün bildirək ki, Almaniya müsabiqəyə bütün xərcləri ilə birlikdə 47 milyon avroy xərləmişdi. Müsabiqənin reallaşdığı Düsseldorf şəhəri turistlərin xərclədikləri pullar və eksklüziv yayıma görə 140 milyon avro gəlir əldə edib. Mahnı müsabiqəsinin keçirildiyi 4 gündə oteldə qalma 1 nəfərə təxminən 800 avroya başa gəlib.
İqtisadçı-alim Vüqar Bayramov deyir ki, 2012-ci ildə Azərbaycanda keçiriləcək 57-ci "Eurovision" mahnı müsabiqəsini ölkə üçün yalnız mədəni deyil, iqtisadi baxımdan qiymətləndirmək lazımdır: “Prosesin iqtisadi baxımdan planlaşdırılması və ölkənin eləcə də tədbirin keçiriləcəyi şəhərin iqtisadi cəhətdən buna hazır olması kifayət qədər əhəmiyyətlidir.
"Eurovision"la bağlı Ukrayna modelinin tətbiqi olduqca vacibdir. Belə ki, müsabiqə Ukraynada keçirilən zaman gələnlərin sayının artırılması, eləcə də ölkənin daha çox tanıdılması məqsədilə 6 ay müddətinə ("Eurovision" başlamazdan 3 ay əvvəl və müsabiqədən 3 ay sonra) vizasız rejim elan edildi. Bu addım Kievə müsabiqəni izləməyə gələnlərin sayının kəskin artımına səbəb oldu. Azərbaycanda eyni sistemin tətbiq edilməsi və ya əvvəllər olduğu kimi vizanın Azərbaycan sərhədlərində verilməsi daha məqsədə uyğundur”.
Mütəxəssisin sözlərinə görə, vizasız rejim və ya vizanın sərhədlərdə alınması müsabiqəyə maraqın daha da artmına gətirib çıxaracaq: “Bundan əlavə qiymətlərin tənzimlənməsinə ehtiyac var. Söhbət təkcə qiymətlərə inzibati müdaxilədən getmir.Müsabiqə dövründə süni qiymət artımlarına qarşı mübarizənin gücləndirilməsi, kifayət qədər ciddi inzibati tədbirlərin görülməsinə ehtiyac var. Ölkəyə birinci dəfə gələnlər üçün qiymətlərin səviyyəsi, xidmətlərin keyfiyyəti olduqca vacibdir”.
V.Bayramov qeyd edir ki, "Eurovision" dövründə Azərbaycana gələnlər potensial turistlər olacaq: “Yəni onların sonradan Azərbaycana gəlməsi, ölkə ilə bağlı rəylərinin daha düzgün formalaşması vacibdir. "Eurovision"dan əvvəl Mədəniyyət və Turizm Nazirliyi otel işçiləri, o cümlədən digər xidmət sahələrində çalışanlar üçün təlimlər keçirməlidir. Xidmətlərin keyfiyyətini Avropa standartlarına yaxınlaşdırmaq mümkün olarsa, bu Azərbaycanın turizm imkanlarının tanıdılması baxımdan prosesə müsbət təsir edər”.
İqtisadçı deyir ki, qiymətlərin tənzimlənməsi ölkəyə daha çox turistin gəlişinə şərait yaradacaq: “Müsabiqənin Bakıda təşkil edilməsi Azərbaycan iqtisadiyyatına və eləcə də turizm sektorunun inkişafına müsbət təsir göstərəcək. "Eurovision" müsabiqəsi zamanı ölkə gələn turistlərinin sayı və onların orta xərcləmələrini nəzərə alsaq bu ölkəyə yalnız həmin günlər 80 milyon manata yaxın gəlir deməkdir və həmin daxiolmaların əksəriyyəti məhz xidmət sektoruna yönəldiləcək. Amma uzun müddətli prespektiv, xüsusən turizm sektorunun inkişafı baxımdan məsələyə yanaşdıqda gəlirlər təbii ki, daha böyük olacaq. Son "Eurovision"u canlı olaraq35 min nəfərin izlədiyini nəzərə alsaq Azərbaycanda belə potensiala malik qapalı arena yoxdur. Xərc çox olsa da yeni arenanın tikilməsi realdır. Düzdür, həmin arenanın sonradan istifadə imkanları məhdud olacaq. Amma arenanın "Eurovision" nun keçirildiyi tarixi yer kimi gələcəkdə turistlərin cəlb edilməsinə müsbət təsir etmək imkanları da var”.
V.Bayramov nəqliyyat sistemində bir sıra islahatların vacib olduğunu söyləyir:”Ölkədaxili nəqliyyatda ödənişlər tənzimlənməlidir. Hava limanından şəhərə ictimai nəqliyyat xətti açılmalıdır və ya müsabiqəni izləməyə gələnlər Bakının əsas otellərinə “şatl sistemi” üzrə pulsuz çatdırılmalıdır. Eləcə də nağdsız islahatların həyata keçirilməsi üçün maliyyə islahatlarının aparılması vacibdir. 2012-ci ilin yanvar ayının 1-nə kimi nağdsız hesablaşmaların aparılması üçün texniki imkanları olmayan xidmət müəssisələrinə inzibati cəza tətbiq olunmalıdır. Bütün otellər Azərbaycanla bağlı səyahət bukletləri yerləşdirməlidirlər. Həmin ərəfədə Azərbaycanın tarixi yerlərinə turist turları təşkil edilməlidir. Turizm şirkətləri bu işə cəlb olunmalıdır”.
Modern.az