Modern.az

“Ermənilər Medvedyevlə Putin arasındakı mübarizədən öz xeyrinə istifadə etməyə çalışırlar”

“Ermənilər Medvedyevlə Putin arasındakı mübarizədən öz xeyrinə istifadə etməyə çalışırlar”

25 May 2011, 14:01

Bu gün “Mübariz Əhmədoğlu ilə Qarabağ saatı” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri M.Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti təhlil edib.

SİTM sədri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində dinamizmin davam etdiyini deyib. Onun sözlərinə görə, Ermənistan bu prosesin qarşısını almaqda acizdir: “Dinamizmin olması ümumilikdə münaqişənin tənzimlənməsinin xeyrinədir. ATƏT-in Minsk Qrupu həmsədrləri, tənzimləmə ilə məşğul olan müvafiq qurumlar müzakirənin intensivliyini azaltmayıblar. Avropa müstəvisi daha aktivdir. Avroparlamentin spikeri regiona səfəri zamanı Ermənistana açıq mətnlə mesajlar verdi: ermənilər Dağlıq Qarabağı tənzimləməyə hazırlamalıdır, tənzimləmə Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında baş tutacaqdır”.

Politoloq KTMT-nin baş katibi N.Bordyuja Ermənistanda olarkən DQ münaqişəsinin tənzimlənməsi ilə bağlı verdiyi bəyanata da münasibət bildirib. Qeyd edib ki, bu bəyanat KTMT adından əvvəllər verilən, həmçinin onun səsləndirdiyi bəyanatlardan fərqlidir: “Fərq ermənilərin xeyrinə, Azərbaycanın isə ziyanınadır. KTMT baş katibinin mövqeyindəki bu dəyişikliyin Azərbaycanın NATO-dan uzaqlaşdığı, ermənilərin SSRİ-ni Qarabağ məsələsi ilə dağıtmalarını etiraf etmələri ilə eyni vaxtda düşməsi də diqqəti çəkir. Erməni mətbuatının rolunu da nəzərə alsaq, bəyanat KTMT adından Azərbaycan üçün hədə formasına çevrildi. Qırğızıstan hadisələrində heç bir addım ata bilməyən KTMT-nin Qafqazda ciddi bir iş görəcəyini düşünmək sadəlövhlükdür. KTMT-nin 6 üzvündən yalnız Ermənistan özünə dəstək verə bilər. Rusiyanın ani sürətdə Ermənistana dəstək verəcəyini düşünmək qeyri-ciddilikdir. Belorusiya prezidenti Belorusiyanın mövqeyini açıqladı. Mərkəzi Asiya regionu dövlətlərinin də mövqeyi eləcə. Ona görə N.Bordyujanın bu bəyanatına ciddi vəzifə tutan, ciddi adamın ciddi sərsəmləməsi kimi baxmaq lazımdır”.

M.Əhmədoğlu həmçinin qeyd edib ki, Ermənistan Rusiyanın daxilindəki vəziyyətdən, prezident D.Medvedyevlə baş nazir V.Putin arasındakı liderlik uğrunda gedən mübarizədən öz xeyrinə istifadə etməyə çalışır. Onun qənaətinə görə, KTMT-nin baş katibinin verdiyi bəyanat da bunu təsdiq edir: “Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin indiki dövründə əsas məqsədi müharibəyə nail olmaq, müharibənin gedişinə Rusiya Federasiyasından müəyyən qüvvələri cəlb etməkdir. Ermənistanda belə fikirləşirlər ki, indi Ermənistanla Azərbaycan arasında hərbi güclər arasındakı fərq minimaldır. Ermənistanın hərbi güclər arasındakı minimal fərqi ödəmək imkanı var. Gələcəkdə Ermənistanda belə imkan olmayacaqdır. Ən azı, bu ildən 12 illik təhsil sisteminə keçən Ermənistanda oktyabr ayında çağırışçıların sayı birdən-birə 6000 nəfər azalacaqdır. Hərbçilərin sayı 40 min hüdudlarında olan Ermənistan üçün bu böyük riskdir. Ona görə də Ermənistan üçün müharibəyə əl atmaq həyati zərurətə çevrilir. Gürcüstanın Ermənistana dəstəyi Rusiyanı narahat etməyə başlamışdır. KTMT üzvü Ermənistanı hərbi blokadaya aldığı üçün Gürcüstanı hədələdi. Eləcə də Rusiya Erməniləri İttifaqının sədri A.Abramyanın Abxaziya və Cənubi Osetiyanın tanınması istiqamətində 90 milyon dollar pul xərcləməsi ilə bağlı məlumatlar da mətbuata şüurlu şəkildə ötürüldü”

Politoloq İranın Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqeyi də şərh etmişdir. O bildirib ki, rəsmi Tehranın mövqeyi strateji baxımdan Azərbaycan üçün təhlükə yaradır: “İran istəyir ki, Ermənistan uzun müddət Dağlıq Qarabağı işğalda saxlaya bilsin. Bunun üçün İran Ermənistana dəstək kampaniyasına əlavə dövlətləri də cəlb edir. İranın Livan, BƏƏ və Gürcüstan istiqamətindəki siyasətində son vaxtlar bu elementlər aşkar hiss olunur. İran Ermənistan üçün vahid qonşular sistemi yaratmaq istəyir. İranın Ermənistanla bağlı siyasəti təkcə antiazərbaycan deyil, həm də antitürkiyə və antirusiya mahiyyətlidir”.

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama