Bu gün dünyada normal cəmiyyətlərin qazandığı ən böyük dəyərlərdən biridə ictimai nəzarət və şəffaf idarəetmə sistemləridir. Şəffaflıq yalnız hər hansı beynəlxalq təşkilata və yaxud dövlətin üzərinə götürdüyü öhdəliyə görə olmur. Burada əsas prinsip insana dəyər verilməsindən, onun sosial hüququnun ədalətli tanınmasından və cəmiyyətin diqtə etdiyi şəffaf idarəetmə sisteminin oturuşmasından başlayır.
Təbii ki, Azərbaycan da dünyanın tərkib hissəsi kimi bu proseslərdən, yəni ictimai nəzarətdən kənarda yaşayıb inkişaf edə bilməz. İctimai nəzarətin olmaması və yaxud zəif olması iqtisadi sahədə görülən işlərin faydasını azalmasına təsir edər.
Müsbət haldır ki, vətəndaşlarla keçirilən görüşlər zamanı prezident İlham Əliyev ölkədə görülən işlərlə bağlı ictimai nəzarətin vacibliyi məsələsini önə çəkib. Mərdəkan və Buzovna qəsəbələrində müxtəlif vaxtlarda sakinlərlə görüşdə də prezident bir daha bu məsələyə toxunub: “Burada ictimai nəzarət də çox güclü olmalıdır. İctimai nəzarət də sizdən asılı olacaqdır. İndi işlər başlanacaq, yollar, su xətləri çəkiləcək, qaz xətləri yenidən çəkiləcəkdir. Elə etməliyik ki, keyfiyyətli olsun. Çünki dövlət vəsait ayırır və işlər görülür, bəzi hallarda görülmüş işlər bizi qane etmir. Nə üçün?!Çünki ictimai nəzarət zəif olubdur. İş icraçıları vəzifə borclarına məsuliyyətsiz yanaşmışlar. Ona görə ictimai nəzarət çox güclü olmalıdır”.
Bu gün bir çox sahələrdə dövlətin müxtəlif qurumları tərəfindən böyük həcmli layihələr həyata keçirir. Aydın məsələdir ki, bu proqramlara ictimai nəzarətin olması və bu prosesdə vətəndaş cəmiyyəti institutlarının, medianın iştirakı zəruridir. Biz QHT və media təmsilçisi olaraq dəfələrlə Kənd Təsərrüfatı Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin beynəlxalq maliyyə institutları ilə birlikdə həyata keçirdikləri layihələrin ən azından araşdırılmasına cəhd etmişik. Çox təəssüf ki, bu cəhdlərimiz faydasız olub. Niyə görə? Təbii bütün səbəbləri sadalayıb sizi yormaq istəmirəm.
Ancaq bəzi vacib məqamları qeyd etmək istərdim. Birincisi, bu layihələrin icrasında QHT-lərin iştirakına bilərəkdən və yaxud bilməyərəkdən şərait yaradılmır. Əgər bu iş baş verirsə, hər hansı ictimai qurum orada təmsil olunursa, baxıb görürsən ki, özlərinə yaxın QHT-lərlə iş birliyi qurublar.
Bir faktı qeyd etmək istərdim. 2006-cı ildə və 2009-cu ildə iki dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Layihələrin İcra Qrupu beynəlxalq maliyyə təşkilatları ilə birlikdə Azərbaycanın Şimal bölgəsində “Şahdağ”Milli Parkını yaradılması ilə bağlı layihə həyata keçirəcəyini bəyan etdi və rəsmi qəzetlərdə müsabiqə ilə bağlı elan verildi. Biz həmin layihədə iştirak etməkdə israrlıydıq.
Layihənin məqsədi Azərbaycanın Quba və Qusar rayonlarından başlayaraq Oğuz rayonuna qədər uzanan geniş bir ərazidə “Şahdağ” Milli Parkının yaradılması və həmin bölgələrdə yaşayan, sahibkarlıq fəaliyyətilə məşğul olan insanlara hərtərəfli dəstəyin göstərilməsi və s. məsələlər nəzərdə tutulurdu. Biz də vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq bu işdə tam səmimi dəstəyimizi göstərməyə hazır idik. Həmin müsabiqəyə tələb olunan lazımı sənədləri adıçəkilən quruma təqdim etdik. Üzun müddət müsabiqənin nəticələrini gözləsəkdə səs-səmir gəlmədi
Bəs nəticəsi nə oldu? Bu gündə həmin layihələrin aqibəti bəlli deyil. Bu proqramlar necə həyata keçirildi ya yaxud keçirilmədi? Layihə üçün ayrılmış böyük məbləğdə vəsait necə oldu, onun iqtisadi səmərəsi oldumu ya olmadımı? Bu gün bu bəlli deyil. Belə faktları xeyli sadalamaq olar.
Məqsədimiz heç zaman qərəzçilik olmayıb. Ancaq həyata keçirilən hər bir layihə səmərəli və şəffaf olmayanda onun praktik əhəmiyyəti də olmur. Azərbaycan prezidenti, cənab İlham Əliyevin dediyi ictimai nəzarət burada lazımdır. Dövlət başçısı hər bir məmurun yanında dayanıb ona nəzarət edə bilməz. Ona görə də ən optimal variant ictimai nəzarəti gücləndirməklə bərabər ictimai rəylə hesablaşmaqdır.
İctimai rəyi qaldırmaq üçün bəzi addımların atılmasına ehtiyac var.
Birincisi, həm medianın, həm də vətəndaş cəmiyyəti institutlarının halal maliyyə çevrəsini genişləndirməkdir. Təbii ki, bütün bunları etmək üçün kifayət qədər yollar var.
İkincisi, böyük həcmli iqtisadi layihələr hazırlanarkən orada QHT-lərin və medianın şəffaf müsabiqələr yolu ilə iştirakına şərait yaradan müddəaların salınmasıdır.
Üçüncüsü, layihələri icra edən müxtəlif qurumların mediaya və ümumilikdə cəmiyyətə açıq olması və ictimai rəyə diqqət yetirməsi pis olmazdı.