Modern.az

Azərbaycanda QHT-lərlə KİV-lər dostdurlar, yoxsa…

Azərbaycanda QHT-lərlə KİV-lər dostdurlar, yoxsa…

8 İyun 2011, 12:50

Azərbaycanın qeydiyyatdan keçən Qeyri-Hökümət Təşkilatlarının sayı kifayət qədərdir.

Ədliyyə Nazirliyindən Modern.az saytına verilən məlumata görə, Azərbaycanda rəsmi qeydiyyata alınan QHT-lərin sayı 3.500-I ötüb. Təkcə ötən il vətəndaş cəmiyyətinin inkişafında qeyri-hökumət təşkilatlarının mühüm rolu nəzərə alınaraq 124 təşkilat dövlət qeydiyyatına alınıb.

QHT-lər müxtəlif sahələrdə araşdırmalar aparır, layihələr həyata kecirir. Təbii ki, görülən işlərdən cəmiyyətin digər üzvlərinin də xəbərdar olması üçün QHT və media əməkdaşlığı olmalıdır.

Bəs, bu sahədə bizdə vəziyyət necədir?

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli QHT-lərlə media qurumları arasında olan əməkdaşlıq səviyyəsinin o qədər də yüksək olmadığı qənaətindədir. Bu sahədə bir neçə QHT-nin fəallıq nümayış etdirirdiyini deyən E.Mirzəbəyli qeyd etdi ki, onların bir qismi öz sahələrinə uyğun, digərləri isə siyasi fəaliyyət göstərir.

Başqa bir məqama da diqqət çəkmək istəyən baş redaktor söylədi ki, QHT-lər media qurumları ilə əlaqə qurmağa can atmır: “QHT rəhbərləri elə fikirləşir ki, media qurumları işini-güçünü atıb onların axrasınca qaçmalıdır. QHT-lər özləri media ilə əlaqə qurmağa çan atmırlar. Bu əlaqələrin olması QHT-lərin fəaliyyətlərinin cəmiyyətə çatdırılması baxımından vacibdir.

QHT-lər həm yerli, həm də xarici donarlardan aldığı qrantlardan mətbuata 1 manat da olsa xərcləmək istəmir. Bu məsələnin özü ədalətsizlikdir”.

E.Mirzəbəyli cəmi bir neçə QHT-ni bu sahədə aktiv sayır: “Məndə olan məlumata görə, 3000-dən çox QHT var, onlardan bir neçəsi – Milli QHT Forumu, Gənclər Təşkilatları Milli Şurası, Konstitusiya Araşdırmaları Fondu aktiv fəaliyyət göstərir”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı isə son zamnalar QHT-media münasibətlərinin gücləndiyi qənaətindədir: “QHT-lər yeni yarananda media qurumları ilə əlaqələri o qədər də müsbət deyildi. Bu tendensiya son zamanlar QHT-lərin piar kampaniyası çərçivəsində dəyişib və media ilə münasibətlər güclənib. QHT-lərin gördükləri işlərin işıqlandırılmasında, cəmiyyətə çatdırılmasında medianın rolu əvəzsizdir. QHT-lər də bilir ki, mediasız mümkün deyil”.

Akif Aşırlı da dedi ki, QHT-lər layihələrdən aldıqları vəsaitlərin bir qismini KİV-lərə verməlidirlər: “Qəzetlər marifləndirmə işini yerinə yetirsə də, onların ayaqda durması üçün maliyyə vəsaitinin olması vacibdir. Qəzetin oxucu auditoriyası, bu aiditiriyaya çatdırılan xəbərləri var. Qəzetin o məlumatları toplamaq, oxucularına çatdırmaq və biznes sturukturu kimi inkişaf etməsi üçün müəyyən vəsaitə ehtiyacı var. Bu işdə QHT-lər aldıqları vəsaitin müəyyən bir qismini qəzetlərə verməklə kömək edə bilərlər”.

A.Aşırlı QHT-media münasibətlərinin gücləndiyini desə də,  ümumilikdə cəmi 15-20 QHT-nin aktiv olduğunu söyləyə bildi: “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi,  Demokratiya və İnsan Hüquqları Komitəsi, Vətəndaşların Əmək Hüqüqlarının Müdafiə Liqası, “Müasir İnkişaf”  İctimai Birliyi,  İnsan Haqları və Qanunçuluğun Müdafiəsi Bürosu ...”.

Modern.az-ın əməkdaşı ilə söhbətcə QHT rəhbərləri də medai ilə münasibətlərdən razı deyil. Onlar problemlərin məhz sözügedən qurumdan qaynaqlandığını ifadə edirlər.

Azad İstehlakçılar Birliyinin sədri Eyub Hüseynov bu nümunənin rəhbəri olduğu qurumun timsalında yaxşı olduğunu desə də, ümumilikdə vəziyyətin qənaətbəxş olmadığını söylədi: “QHT-lər və rəhbərləri mediaya açıq deyil. Bəzi hallarda QHT-lər arzuolunmaz yerlərdən qrant alır, korrupsioner dövlət məmurlarından maliyyələşir. Fəaliyyətləri şəffaf olmayan qurumlar da nəticə etibarilə mediaya açıq olmaqdan çəkinir. Beynəlxalq təşkilatların nümayəndələri Azad İstehlakçılar Birliyinin ofisində olub, onlar da bizim işi dünya ölkələrinə nümunə olaraq göstərib və qiymətləndirib. 13 ildə 14 min məqalə, 100 saatlıq TV verlişi saxlanılır”.
QHT-lərin qəzetlərə maliyə vəsaiti ayırmağına gəlincə, E.Hüseyönov hesab edir ki, maraqlı informasiyaları olan QHT pul vermədən də öz xəbərlərini mediada yaya bilər: “Düzdür, Azad İstehlakçılar Birliyi qəzetlərə pul vermir. Amma bizim birliyin maraqlı informasiyaları olur. Əgər QHT-lərin maraqlı informasiyaları olsa, qəzetlərə pul verməsələr də, onların materialları çap olunar. Burada hər şey QHT rəhbərindən asılıdır”. 

 Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməməd Nuriyev isə bu sahədə müəyyən dinamikanın olduğu fikrindədir: “Müxtəlif iş birlikləri var, QHT lahiyələrinin təqdimatında, görülən işlər haqqında cəmiyyətə informasiya ötürülməsində - bütün bu məsələlərin işıqlandırılmasında medianın rolu var. Maliyyə imkanlarının zəif olması, peşəkarlığın zəif olması bu sahəni hər tərəfli əhatə etməyə imkan vermir”.

Son zamanlar medianın QHT-lərə informasiya mənbəyi kimi baxdığını deyən Ə.Nuruyev qeyd etdi ki, QHT-lər cəmiyyətdə müxtəlif sahələrdə araşdırmalar apardığından daha çox informasiyaya malikdir: “Hətta bəzi dövlət qurumlarından QHT-lər daha aktiv işləyir. Bir neçə dövlət qurumunu çıxmaq şərti ilə QHT-lər əksər dövlət qurumalrından yaxşı fəaliyyət göstərir. QHT-lər müxtəlif sahələrə dair araşdırmalar aparır və daha çox bilgiyə sahibdir”.

QHT rəhbəri media QHT əlaqələrində problemlər və onları aradan qaldırmaq, əlaqələri inkişaf etdirmək üçün terninqlərin keçirilməsini təklif edir: “İki qurum arasında treninqlərin kecirilməsinə ehtiyac var, daha yaxşı press-relizlərin hazırlanması üçün də həmcinin... Hər iki qurum  cəmiyyətinin bir sektorudur, müstəqil qurumdur. Bu gün münasibətləri inkişaf etdirmək üçün peşəkarlığın artırılması, maliyyə məsələlərinin həlli lazımdır. Ümumilikdə xeyli işləmək lazımdır”.

Sədaqət SÜLEYMANOVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal