Modern.az

Əhməd Əhmədzadə məhkəməyə verilib

Əhməd Əhmədzadə məhkəməyə verilib

Qarabağ

14 İyun 2011, 17:45

“Son illər Azərbaycanda su təsərrüfatı sisteminin idarə olunması, Kür və Araz çayları  sahillərində bəndvurma və sahilbərkitmə işlərinin  aparılması, bu istiqamətdə ayrılan vəsaitlərin həcmi və xərclənməsi barədə ətraflı məlumat əldə etmək üçün “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı bir müddət öncə Meliorasiya və Su Təsərrüfatı ASC-nə rəsmi informasiya sorğusu göndərmişdi. Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurum sorğuya cavab versə də, cavablar “Kür” Qərargahını təmin etməyib. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sorğuya verdiyi natamam cavabın qanunsuz hesab edilməsi və sorğunun tam cavablandırılması tələbi ilə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı 1 saylı Bakı İnzibatı- İqtisad məhkəməsinə müraciət edib”. Bu barədə Modern.az-a “Kür” Vətəndaş Cəmiyyəti Qərargahından məlumat verilib.

Məlumata görə, iddia ərizəsində qeyd olunur ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC informasiya sorğusu ilə istənilən bilgilərə sahib olduğundan “İnformasiya əldə etmək haqqında” Qanunun 9-cu maddəsinə əsasən, informasiya verməyə borclu olan informasiya sahibi sayılır;

“İnformasiya sahibi kimi o, həyata keçirdiyi fəaliyyətlər, dövlət büdcəsindən ayrılan pul vəsaitlərinin xərclənmə vəziyyəti barədə ictimaiyyətə məlumatlar açıqlamaq vəzifəsini daşıyır.  İnformasiya sorğusunda 9 sual göstərilib. Bu sualların hamısına cavabdeh tərəfindən cavab verilməyib”.

Xatırladaq ki, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı 2010- cu ilin 21 mayında yaradılıb. Qərargahın məqsədi 2010- cu ilin yazında baş vermiş Kür daşqınlarının baş vermə səbəblərini tədqiq etmək, fəlakətin əngəllənməsi üçün öncəki illərdə ayrılmış vəsaitlərin şəffaf və təyinatlı xərclənməsini araşdırmaq, daşqınların nəticələrinin aradan qaldırılmasında vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etməkdir.  

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama