Milli Məclisin 11 fevral 2011-ci il tarixli iclasında “Auditor xidməti haqqında” Qanuna edilmiş dəyişikliklər nəticəsində məcburi auditdən yayınma ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə olunaraq, digər hüquqi şəxslər kimi qeyri-hökumət təşkilatlarına da 500 manatdan 2500 manatadək cərimə sanksiyalarının tətbiq edilməsi nəzərdə tutulmuşdu.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərin müstəqil maliyyə mənbələrinə malik olmadığını, onların fəaliyyətinin daha çox könüllülük prinsipinə söykəndiyini, əksər donorlar tərəfindən məcburi audit xərclərinin ödənilmədiyini, eləcə də qeyri-hökumət təşkilatlarının qanunvericiliyin tələblərinə uyğun şəffaflığı təmin etmək məqsədilə aldıqları maliyyə vəsaitlərinə dair müvafiq qurumlara hesabat verdiklərini nəzərə alaraq, 16 fevral 2011-ci il tarixdə Prezident Administrasiyasına, Nazirlər Kabinetinə və Auditorlar Palatasına müraciət edərək, QHT-lərin məcburi auditin obyekti olan təsərrüfat subyektləri siyahısından çıxarılmasını xahiş etmişdi. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev QHT-lər üçün ciddi sayılan problemin həllinə çalışacaqlarını qeyd etmişdi.
Modern.az xəbər verir ki, Nazirlər Kabineti 14 iyun 2011-ci il tarixli 96 saylı qərarı ilə “Məcburi auditin obyekti olan təsərrüfat subyektləri üzrə "Daxili audit haqqında" Azərbaycan Respublikası Qanununun mərhələlərlə tətbiqi müddətləri"nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2007-ci il tarixli 155 nömrəli qərarında dəyişiklik edərək, QHT-ləri məcburi auditə cəlb olunan təsərrüfat subyektləri siyahısından çıxarıb.
Beləliklə, QHT-lər məcburi auditə cəlb edilməyəcəklər. Məlumatı saytımıza Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidməti verib.
Modern.az