20 iyun – Ümumdünya Qaçqınlar Günü ilə bağlı Müstəqil Elmi-Praktik Hüquq Mərkəzi (MEPHM) mətbuat konfransı təşkil edib. Təşkilatın sədri Aydın Kərimov Beynəlxalq Qaçqınlar Günü haqda məlumat verib, qloballaşan dünyada qaçqınlığın ciddi sosial və siyasi problem olduğunu bildirib. O, indi dünyada ən çox qaçqın və məcburi köçkün həyatı yaşayanların azərbaycanlılar olduğunu qeyd edib. Bunun isə Ermənistanın işğalçılıq siyasətinin nəticəsi olduğunu vurğulayıb.
Qeyd edilib ki, dünyada hazırda hərbi münaqişələr, ayrı-seçkilik və təqiblər üzündən öz ölkələrini tərk etmiş milyonlarla insan yaşayır. Onların himayəsini təmin etmək üçün beynəlxalq və milli səviyyədə işlər görülür.
Bu gün Azərbaycanda xarici ölkələrdən gəlmiş iki mindən artıq qaçqın, eləcə də öz yurd-yuvalarını tərk etməyə məcbur olmuş yüz minlərlə məcburi köçkün yaşayır. Onlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Azərbaycan dövlətinin himayəsi altındadırlar.
MEPHM-nin əməkdaşı, hüquqşünas Şəmsəddin Əliyev qaçqınlara göstərilən hüquqi xidmət haqqında məlumat verib.
O bildirib ki, təşkilat hər il beş yüz nəfərə yaxın qaçqına hüquqi xidmət göstərir.
Mətbuat konfransında çıxış edənlər dünya ictimaiyyətinin diqqətini Azərbaycandakı vəziyyətə cəlb etməyə və Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həll edilməsinə çağırıblar.
Modern.az