Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Avropa İttifaqı və ECNL təşkilatının “QHT –hökumət əməkdaşlığının effektiv modeli” mövzusunda keçirdiyi regional konfransda iştirak etmək üçün Macarıstanın paytaxtı Budapeşt şəhərinə yola düşüb.
Şuradan Modern.az-a verilən məlumata görə, konfransda Avropa Birliyi ölkələrinin QHT, hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı gözlənilir.
Tədbirdə A.Quliyevin Azərbaycanda QHT sektorunun inkişaf dinamikası, QHT-hökumət münasibətlərində yeni mərhələ, dövlət büdcəsindən QHT layihələrinin maliyyələşdirilməsi mövzusunda təqdimatı olacaq. Qeyd edək ki, dövlət büdcəsindən QHT-lərin maliyyələşdirməsinin Azərbaycan modeli konfrans təşkilatçılarının təklifi ilə Avropanın ən yaxşı nümunələrindən biri kimi müzakirəyə çıxarılacaq, Şuranın bu sahədə əldə etdiyi təcrübə iştirakçıların diqqətinə çatdırılacaq.
Konfrans iyunun 22-dən 26-dək davam edəcəkdir.
Modern.az