Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ildə maliyyələşdirdiyi layihələrin icra vəziyyəti ilə bağlı müzakirələr keçirir.
Bu gün sosial məsələlərə dair təşəbbüslər istiqamətində maliyyələşdirilmiş layihələrin icra vəsiyyəti müzakirə edilib. Qeyd olunub ki, 2011-ci ildə Şura tərəfindən maliyyələşdirilmiş 54 QHT layihəsinə 326.599 manat vəsait ayrılıb. Bütövlükdə ölkənin 43 şəhər və rayonunu əhatə edən bu layihələrin icrasına 185 nəfər cəlb edilib və aralıq hesabat dövründə müəyyən işlər görülüb. 14 QHT kitab, buklet və broşur çap edərək layihə iştirakçıları və əhali arasında yayıb. 27 QHT layihədə nəzərdə tutulmuş sosial məsələlərlə bağlı maarifləndirmə tədbirləri həyata keçirib. 6 QHT müxtəlif peşə kursları və təlimləri təşkil edib. 1 QHT məlumat bankı yaradıb, 1 QHT ictimai debatlar təşkil edib, 4 QHT monitorinq, araşdırma işləri reallaşdırıb.
Müzakirələrin əvvəlində çıxış edən Şuranın icraçı direktoru Fərasət Qurbanov layihələrin icra vəziyyətilə bağlı bir sıra uğurlu cəhətləri vurğulayıb, yerinə yetirilmiş bu layihələrin cəmiyyət üçün bilavasitə önəm daşıdığını nəzərə çatdırıb. F.Qurbanov, həmçinin, layihələrin icrası və hesabatların təqdim olunmasında baş vermiş nöqsanlar haqqında da danışıb. Nöqsanların aradan qaldırılması üçün layihə rəhbərlərinə təlimatlar verilib.
Tədbirdə sosial təşəbbüslərə dair məsələlər istiqamətində yerinə yetirilmiş layihələrin icrasına nəzarəti həyata keçirən Şura əməkdaşları G.Ələsgərova və M.Zahidov məlumatlarla çıxış ediblər.
Diskussiya şəraitində keçən müzakirələrdə QHT və layihə rəhbərləri Z.Rəhimova, Ə.Abbasbəyli, İ.Qafarov, N.Həsənov, F.Kərimli, V.Abdurəhmanov, N.Atabəyli, R.Becanov, Ş.Camalov, N.Yusifova, X.Əhmədzadə və başqaları çıxış edərək layihələrin icrası ilə bağlı öz fikirlərini bildiriblər.
Sabah səhiyyə məsələlərinə dair təşəbbüslər və ətraf mühitin mühafizəsinə dair təşəbbüslər istiqamətlərində maliyyələşdirilmiş layihələrin icra vəziyyəti müzakirə ediləcək.
Modern.az