Qırığızıstanın İssık-Kul vilayətində Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə növbəti Regional Konfrans keçirilib. Dəyərləndirmədən sonrakı vəziyyətin müzakirəsinə həsr olunmuş konfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Taçikistan və Monqolstanın vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, şirkət və hökumət təmsilçiləri iştirak edib. Eyni zamanda, MSŞT üzrə beynəlxalq İdarə Heyətinin regional direktoru, Dünya Bankının region üzrə MSŞT departamentinin rəhbəri və Gəlirlərə Nəzarət İnstitutunun Müşahidə Şurasının sədri də Konfransda iştirak edib.
Konfrans barədə danışan MSŞT Koalisiyasının əlaqələndiricisi Qubad İbadoğlunun sözlərinə görə, tədbirdə əsas diqqət regionda MSŞT-nin hüquqi tənzimlənməsi, hesabatlıq, kommunikasiya, MSŞT prosesində hökumət, şirkətlər və vətəndaş cəmiyyətinin rolu kimi məsələlərə yönəldilib.
MSŞT-nin qanunvericilik bazasının yaradılması yönündə təşəbbüslərə daha çox Qırğızıstanda rast gəlindiyini deyən Q.İbadoğlu bildirib ki, Qırğızıstanın prezidenti MSŞT ilə bağlı yeni fərman imzalayıb və bu sənəddə MSŞT üzrə dövlət proqramının qəbul olunması nəzərdə tutulur: “Qırğızıstanın “Yerin Təki haqqıdna” Qanununa MSŞT ilə bağlı ayrıca bir bölmə daxil edilib. Bundan başqa, Qırğızıstanda Çoxtərəfli Qrupda tərəflər bərabər hüquqlar və bərabər şərtlərlə təmsil olunurlar. Eyni zamanda, Çoxtərəfli Qrupun idarəçiliyi həmsədrlik institutu vasitəsilə həyata keçirilir. Sədrlik növbə üzrə Çoxtərəfli Qrupun bütün tərəflərinə keçir. Qırğızıstanda MSŞT üzrə katiblik birbaşa Çoxtərəfli Qrupa tabedir. Yəni, hökumət komissiyasından birbaşa asılı deyil. Eyni zamanda, Qırğızıstanda qərar qəbul edilib ki, elektrik enerjisi istehsalı sektoru da MSŞT-yə cəlb olunsun. Artıq bunun tətbiqi prosesi gedir. Bu ölkənin nazirliklərində yaradılmış Müşahidə Şurasında vətəndaş cəmiyyəti təmsilçilərinin sayı hətta hökumətin təmsilçilərinin sayından çoxdur. Ümumiyyətlə, Qırğızıstanda qərarların qəbulu monopoliyadan çıxarılıb. Xalqın hakimiyyəti orada həqiqətən də bərqərar olunub. Qırğızıstan Azərbaycandan sonra dəyərləndirmədən keçib, bizdən sonra MSŞT-nin tamhüquqlu üzvü statusuna sahib olub. Amma hazırda Qırğızıstanda xüsusən prezident səviyyəsində MSŞT-nin tətbiqinə ayrılan diqqətin nəticəsində prosesin iştirakçılarının qarşısında yeni imkanlar yaranıb. Vətəndaş cəmiyyətinin səsinin eşidilməsi, təşəbbüslərinin qiymətləndirilərək həyata keçirilməsi nöqteyi nəzərindən Qırğızıstan demək olar ki, regionda alternativi olmayan ölkəyə çevrilib. Yeri gəlmişkən, Qığızıstanın prezidenti Roza Atunbayevanın özü də vaxtilə MSŞT üzrə Coxtərəfli Qrupun üzvü olub”.
Q.İbadoğlunun sözlərinə görə, hakimiyyət dəyişikliyindən sonra Qırğızıstanda çox əhəmiyyətli proseslər gedir. Həm ədalətli seçki təminatı, həm söz və mətbuat azadlığı, həm də sərbəst toplaşma imkanlarının genişlənməsi nəticəsində vətəndaş cəmiyyətinin də gücləndiyini deyən Q.İbadoğlu bir sıra digər maraqlı məqamlara da diqqət yönəldib: “Ayrı-ayrı nazirliklərdə, xüsusən iqtisadi instansiyalarda qərarların qəbulunda vətəndaş cəmiyyəti təmsilçilərinin və ekspertlərin iştirakı təmin olunur. Demək olar ki, bütün nazirliklərdə bu sistem formalaşıb. Qırğızıstanda vətəndaş cəmiyyətinin inkişafı yerli icmaların da güclənməsinə səbəb olub. Məsələn, bir çox şirkətlər yerli icmaların iştirakı olmadan fəaliyyətə başlaya bilmirlər. Baxmayaraq ki, onlar hökumətdən lisenziya alırlar, amma sonradan mədən sənayesində hasilatla məşğul olmaq üçün ilk növbədə yerli icmalarla görüşüb onların rəyini, ehtiyaclarını nəzərə almalıdırlar. Yalnız bundan sonra şirkətlər öz fəaliyyətlərini qura bilərlər. Bu isə öz növbəsində təbii sərvətlərdən daha səmərəli, daha şəffaf istifadə olunmasına şərait yaradır. Düzdür, ölkə iqtisadi cəhətdən zəifdir, təbii resursalrın istismarı sahəsində böyük təcrübəsi yoxdur. Son illər ərzində təbii resursların istismarından, xüsusilə qızıl hasilatından əldə etdikləri gəlirlər bütövlükdə götürəndə 4,5 milyardı ötmür. Amma bu vəsaitlərin istifadəsi son zamnlar çox rassional həyata keçirilir”.
Konfransın sonunda ölkələr üçün həm fərdi hesbatlıq, həm də qanunverici bazanın daha təkmil, daha mükəmməl olması ilə bağlı tövsiyyələr də qəbul olunub: “Ölkələrə o da tövsiyyə olundu ki, hesabatlarını daha əlçatan etsinlər”.
Q.İbadoğlu Qığızıstanda qiymətlərin Azərbaycanla müqayisədə dəfələrlə aşağı olmasından da bəhs edib. “Bu, alıcılıq qabiliyyətinin aşağı olması, əmək haqlarının səviyyəsinin Azərbaycanla müqayisədə geri qalması ilə izah oluna bilər. Amma qiymətlər arasında o qədər böyük fərq var ki, bu, həmin ölkədə aşağı əməkhaqqı ilə belə yaşamağın mümkünlüyünü göstərir” deyən Şura əlaqələndiricisi konkret misallar da göstərib: “Qırğızıstanda əsaz mobil operatorlardan biri “Bilayn”dır. Digər operat isə “Meqafon”dur. Təsəvvür edin ki, orada “Bilayn”da şəbəkədaxili zənglərin 10 dəqiqəsinin qiyməti burada “Azərcell”in şəbəkədaxili bir dəqiqəsinin qiymətinə bərabərdir. Ərzaq məhsullarının da qiymətində nəzərəçarpacaq fərq var. Məsələn, ətin, yağın qiyməti Azərbaycanla müqayisədə 1,5-2 dəfə ucuzdur”.
Modern.az