«Sosial cəhətdən həssas uşaqların mövcud təhsil problemlərinin monitorinqi və problemin həlli üçün stimullaşdırıcı tədbirlər» layihəsi Təhsildə Bərabərlik Alyansı (üzv təşkilatlar “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi, “Buta” Humanitar Uşaq Fondu, Azərbaycan Uşaqlar Birliyi, Gənclər üçün Təhsil Mərkəzi, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi) tərəfindən bu ilin mart ayından Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Təhsil Proqramı tərəfindən dəstəklənərək həyata keçirilir
Layihə çərçivəsində hazırda Təhsildə Bərabərlik Alyansı hədəf qrupu olan küçə uşaqları, məcburi köçkün, qaçqın və həssas qrupa daxil olan digər uşaqları üçün Bakının Bilgəh qəsəbəsində Yay Düşərgəsi təşkil edib. İyulun 1-dən başlayan tədbirdə ilk öncə 10 gün ərzində aşağı yaş qrupu üçün, sonra isə daha 10 gün ərzində yuxarı yaş qrupundan olan uşaqlar üçün düşərgədə təlim xidməti və səmərəli asudə vaxt təşkil edilib. Yeniyetmələrə “Liderlik bacarıqları”, “Şəbəkələşmə”, “Tənqidi təfəkkürün əsasları” mövzularında təlimlər keçirilir, onlar art terapiya seanslarına cəlb olunur, müxtəlif maraqlı oyunlarda, musiqi, rəsm və idman yarışlarında iştirak edirlər. Düşərgə zamanı uşaqlar müxtəlif tarixi yerlərə ekskursiyalara gedir, çimərlikdə əylənirlər. Ümumilikdə düşərgədə sosial cəhətdən həssas qrupa daxil olan 60 uşaq dincəlmək imkanı əldə edə bildi.
Düşərgədə istirahət edib, eyni zamanda yeni biliklər qazanan yeniyetmə və uşaqlar öz icmalarına qayıtdıqdan sonra bu bilikləri yaşıdları arasında yayacaqlar. Həmin işdə onlara yaxından düşərgədə olan böyüklər (sosial işçilər) köməklik göstərəcəklər. Uşaqdan uşağa metodu ilə yayılacaq bu məlumatlar gələcəkdə daha çox uşağın informasiyaya yiyələnməsinə kömək edəcəkdir. Gələcəkdə uşaqların düşərgədəki fəaliyyətləri barədə təəssüratlarının öz icmalarında müzakirəsi, düşərgədəki fəaliyyətlərin icmadakı digər uşaqlarla birgə təşkili, hər bir icmada nəticələrin valideynlər, müəllimlər və digər səlahiyyətli şəxslərlə müzakirəsi də, nəzərdə tutulub.
Mail Ağaxanov