Modern.az

Eldar Namazov, Əli Ömərov, Vahid Əziz yeni təşkilat yaradıblar

Eldar Namazov, Əli Ömərov, Vahid Əziz yeni təşkilat yaradıblar

Qarabağ

19 İyul 2011, 13:02

İyulun 16-da yeni ictimai təşkilatın “Deportasiya Qurbanları Mərkəzi”nin İdarə Heyətinin iclası keçirilib. Modern.az “Turan”a istinadən bıldirir ki, İdarə Heyətinin fəaliyyətdə olan sədri Nurəddin Mustafayev əvvəllər qəbul olunmuş bəzi qərarların icrasına dair məruzə edib. Müzakirələr zamanı təşkilati məsələlərin həllinin gedişindən ümumi razılıq ifadə olunub.

Sözügedən ictimai təşkilatın məclisinin formalaşdırılması ilə bağlı Köçəri Nağıbəylinin məlumatı dinlənilib. Sentyabrın ikinci yarısında mərkəzin məclisinin ilk iclasının keçirilməsi qərara alınıb.
İdarə Heyəti Ermənistandan deportasiya olunmuş azərbaycanlıların statusuna dair hüquqi vəziyyətlə bağlı Aydın Ələkbərlinin hazırladığı sənədlərə baxıb və xüsusi konfransda bu məsələnin geniş ictimai müzakirəyə çıxarılması barədə qərar qəbul edib.

Professor Firudin Cəlilov, şair Vahid Əziz ictimai təşkilatlar və KİV ilə əməkdaşlıq məsələləri ilə bağlı çıxış ediblər. Müzakirələrin yekunlarına əsasən, İdarə Heyəti bu ilin sentyabrından həftəlik “İrəvan” qəzetinin buraxılışının bərpası barədə qərar qəbul edib.

Sabiq baş prokuror Əli Ömərov mərkəzin təsis sənədlərinin hazırlanması barədə məlumat verib. Təşkilatın qeydiyyatı ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunması qərara alınıb.
Politoloq Eldar Namazov beynəlxalq təşkilatlarla və diplomatik korpuslarla aparılan görüşlər, həmçinin Qarabağ nizamlanmasına dair danışıqlar haqda məlumat verib.
Müzakirələr zamanı İdarə Heyətinin üzvləri Dağlıq Qarabağın statusuna dair referendum məsələsində birtərəfli güzəştlərin qəbulunun mümkünsüzlüyünü qeyd ediblər və əmin olduqlarını bildiriblər ki, hüquq bərabərliyinə əsaslanmış və münaqişə tərəflərinin maraqları nəzərə alınmaqla qəbul edilmiş mərhələli plan dinc nizamlanma üçün real zəmin ola bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir