Vətəndaş cəmiyyəti beynəlxalq donorlardan gileylidir
Azərbaycan QHT-lərinin donor sarıdan ciddi narahatlığı və narazılığı var. Son bir neçə ildə yerli vətəndaş cəmiyyətinin inkişafına vəsait ayıran donorların sayı xeyli azalıb. Bəzi QHT-lər hesab edir ki, beynəlxalq donor təşkilatlarının Azərbaycan qurumlarına maliyyə ayırmaqdan bu və ya digər şəkildə imtina etməsi nəticəsində 3-cü sektor sıradan çıxmaq təhlükəsi ilə üzləşib. Hətta bu fikirdə olan bəzi təşkilat rəhbərləri bir araya gələrək QHT Əməkdaşlıq Alyansı da yaradıblar.
Razi Nurullayev: “Görüntü üçün müsabiqə keçirmək lazım deyil”
Koalisiyanın üzvü, "REGION" Beynəlxalq Analitik Mərkəzinin sədri Razi Nurullayev deyir ki, bu narazılıq xüsusilə Avropa Komissiyasının elan etdiyi son müsabiqədən sonra yaranıb. Komissiyanın müsabiqə üçün irəli sürdüyü şərtlər çox ağır olub. Yalnız konsepsiya hazırlamaq üçün 60-70 səhifəlik materialı tərcümə etmək lazım olub. Müsabiqədən keçmədiyin halda sonradan ingilis dilində ətraflı layihə də tələb edilib. Əksər QHT-lər 100-dən çox vərəqin peşəkar tərcüməsi üçün 1000 manatdan çox xərcləməli olublar: “Nəticədə isə bəlli olur ki, müsabiqədən keçməmisən. Komissiyanın irəli sürdüyü yeni qaydalar yerli QHT-lərlə yanaşı, beynəlxalq təşkilatların da yarışmasına imkan yaradırdı. Belə olanda isə yerli qurumların uduzacağı labüddür. Müsabiqə nəticələrində bəlli oldu ki, Komissiya qrantı Azərbaycan QHT-lərinə yox, ölkədə fəaliyyət göstərən xarici təşkilatlara ayırıb. Əgər elan Azərbaycan QHT-lər üçün verilibsə, özləri qrant verən təşkilatlara niyə vəsait ayrılır?”.
Razi Nurullayev hesab edir ki, donorlar yerli QHT-lərə yanaşmalarını yenidən nəzərdən keçirməli, öz fəaliyyətlərindəki çatışmazlıqları aradan qaldırmaq üçün onları doğuran səbəbləri aradan qaldırmalıdırlar. Həmçinin, donorlar daha şəffaf olmalı, sadəcə görüntü üçün qrant müsabiqəsi elan etməkdən çəkinməlidirlər. Bu cür psevdomüsabiqə əvəzinə qapalı tender keçirtmək olar ki, digər QHT-lər əlavə xərcə, əmək sərfinə vadar olmasınlar.
Sahib Məmmədov: “Azərbaycan üçün ayrılan qrant yerli QHT-lərə verilməlidir”
Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov da həmkarlarının narahatlığını bölüşür. O, indiyə kimi bir çox beynəlxalq donor təşkilatdan rədd cavabı alsa da, heç vaxt mübahisəyə girişməyib, hesab edib ki, donor həmişə haqlıdır: “Amma son illər vəziyyət dəyişir. Azərbaycanda vətəndaş cəmiyyətinə töhfə verməyə gəldiyini bəyan edən bir çox donor indiki fəaliyyəti ilə, əksinə, ziyan vurur. Hazırda Azərbaycan QHT-lərinə ayrılan resurslar küll halında 25 milyon dollardırsa, tələbat 100 milyon dollardır. İşlərin bu cür gedişi isə ölkədə vətəndaş cəmiyyətinin inkişafına təsir göstərə bilmir”.
S.Məmmədov deyir ki, Azərbaycan QHT-ləri beynəlxalq donorlara yeni oyun qaydaları təklif etməlidir: “Gərək Azərbaycan üçün ayrılan qrant vəsaitini ancaq yerli qurumlara paylasınlar. Əgər məqsəd yerli vətəndaş cəmiyyətinin dəstəklənməsidirsə, onda vəsait niyə xarici qurumlara paylanmalıdır?”
Rufiz Qonaqov: “Yerli QHT-lər üçün ayrı müsabiqə elan olunmalıdır”
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov da vəziyyətin kritik hal aldığını hesab edir. Dediyinə görə, indi beynəlxalq təşkilatlar əsasən bir neçə QHT-ni öz himayəsinə götürüb: “Əgər bu qurumlar hansısa QHT-ni partnyor kimisə seçirsə, lap yaxşı, əvvəldən elan eləsinlər ki, müsabiqə partnyor təşkilatlar üçündür. Beynəlxalq donorlara təklif olunmalıdır ki, xarici təşkilatlar üçün ayrı, yerli QHT-lər üçün ayrı müsabiqə elan etsinlər”.
Himayət Rizvanqızı: “Nazirliklərin müsabiqəni necə keçirməsi bəlli olmur”
«Himayədar» Humanitar Tərəqqi İctimai Birliyinin rəhbəri Himayət Rizvanqızı isə təkcə beynəlxalq donorların yox, elə dövlətin də qrant ayırma siyasətində çatışmazlıqlar olduğunu deyir. Onun sözlərinə görə, bir çox nazirlik (Gənclər və İdman Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və s.) hər il yüz minlərlə vəsaiti özünə yaxın QHT-lərə ayırır: “Amma müsabiqə nə vaxt keçirilir, qaliblər necə elan olunur – bu haqda məlumat yayılmır. Seçim və qiymətləndirmə meyarları bəlli deyil. Hətta bəzən rəhbərinin 50-yə yaxın yaşı olan təşkilata gənclər təşkilatı kimi qrant verilir. Gənclər və İdman Nazirliyi ötən il hər ay İRƏLİ hərəkatına azı 40-50 min manatlıq qrant ayırıb”.
Donorlar niyə tənqid olunur?
QHT Əməkdaşlıq Alyansına daxil olan təşkilat rəhbərləri beynəlxalq donorların yol verdiyi digər xoşagəlməz hallardan da danışırlar. Məsələn, adi halda qoyulan vaxtdan hətta bir neçə dəqiqə gec təqdim eləyəndə sənədləri geri qaytarırlar. Amma bir də görürsən, sənədləri həddən artıq gecikdirmiş təşkilatı qalib elan etdilər. Bəzən isə 25-30 yaşlı bir gənc bütün məsələlər üzrə ekspert kimi çıxış edir. NED (Milli Demokratiya Yardım) ildə 4 dəfə qrant elanı versə də, hər dəfə pulu himayəyə götürdüyü QHT-lərə ayırır. Avrasiya Əməkdaşlıq Fondu qrant fondunun həcmini açıqlamır və bir neçə qrant layihəsi üçün yüzlərlə QHT-nin maliyyə, zaman və əmək itkisinə səbəb olur. Revenue Watch İnstitutu himayəsindəki bir neçə təşkilatla əməkdaşlıq edir, qeyri-şəffaf və qapalı qurum təsiri bağışlayır. SOROS fondunun adının isə korrupsiya ilə bağlı hallanması, bəzi əməkdaşlarının bir neçə təşkilata hamilik etməsi, qiymətləndirmədə subyektivliyə yol verilməsi, şəffaflığın lazımi səviyyədə olmaması və s. kimi nöqsanlar sonda bu təşkilatın özünün də fəaliyyətini yarımiflic vəziyyətə salıb ki, bunun da zərərini yenə yerli QHT-lər çəkir. Fondun öz fəaliyyətini tam bərpa etməməsi QHT-lərin vəziyyətini bir qədər də çətinləşdirib.
QHT Əməkdaşlıq Alyansı QHT–donor münasibətlərinə dair bəyanat da qəbul edib. Bəyanatda qeyd olunur ki, beynəlxalq təşkilatların Azərbaycana diqqətinin azalmasında iki faktor başlıca rol oynayır – birincisi, neft amili əsasında iqtisadi inkişaf; ikincisi, cəmiyyətin demokratikləşməsi cəhdlərinin nəticəsiz qalması. Amma Azərbaycanda demokratikləşmə cəhdlərinin dayandırılması cəmiyyətin yerində saymasına və ya geriyə addımlamasına səbəb ola bilər ki, bundan doğan problemləri də nə vaxtsa QHT-lər vasitəsilə aradan qaldırmaq mümkün olacaq.
Marşal Fondu yalnız siyasi layihələrə pul ayırır
Marşal Fondunun Qara Dəniz Əməkdaşlıq Təşkilatının məsləhətçisi və nümayəndəsi Mehriban Rəhimli təmsil etdiyi təşkilata təqdim olunan layihələrin bir neçə mərhələdə müzakirədən keçirildiyini deyir. Onun sözlərinə görə, fond qrant müsabiqəsi elan etmir. İl boyunca göndərilən layihələrə iki aydan bir rəy verilir. Əvvəlcə Mehriban xanım məsləhətçi qismində layihələr barədə şərh hazırlayır. Sonradan USAİD Bakı ofisinin rəhbərliyi də onun hazırladığı rəyə şərh yazır. Daha sonra üçüncü mərhələ gəlir: “Mümkün qədər şəffaflığın qorunub saxlanmasına çalışırıq. Marşal Fondu əsasən siyasi məsələlərə dair layihələri dəstəkləyir. Son illər söz azadlığı, ifadə azadlığı və dini etiqad azadlığı ilə bağlı layihələr maliyyələşdirilib. Obyektiv TV, Kanal 13, AN şəbəkəsi, OL hərəkatı və başqalarının təqdim etdiyi layihələr dəstəklənib. Fond adətən ölkədaxili proyektləri maliyyələşdirmir. Ancaq çox zəruri hallarda – məsələn, seçki ərəfəsində belə proyektlər də qəbul edilir. Bundan sonra sırf regional layihələrə üstünlük veriləcək”. Qalib layihələrin açıqlanmamasına gəlincə, M.Rəhimli bu haqda Marşal Fondunun Azərbaycanda ofisi olmadığına görə elan verilmədiyini dedi.
Avropa Komissiyası: “Tələblərimiz kifayət qədər çətindir”
Avropa Komissiyasının təmsilçiliyi isə bildirir ki, qrant təkliflərinin icrası AK-nin Praktiki Təlimatlarına (PRAG) uyğun həyata keçirilir. Avropa İttifaqının Bakı nümayəndəliyindən aldığımız məlumata görə, bu təşkilatın qrant proqramları hansısa sahədə sistematik nəticələrin əldə edilməsinə yönəlir: “Avropa İttifaqı bu proqramların yerli vətəndaş cəmiyyətlərinin iştirakı üçün çətin ola biləcəyindən xəbərdardır, çünki tələblər kifayət qədər çətindir. Buna görə də yerli təşkilatların istisna olunmaması üçün əhəmiyyətli cəhdlər göstərilib”.
Aİ-dən bildirirlər ki, bu cəhdlər sırasında ilk olaraq bir layihə üçün qoyulan maksimum məbləğin əvvəlki illərlə müqayisədə azaldıldığını qeyd etmək olar. Bu da eyni vəsaitlə daha çox layihənin maliyyələşdirilməsinə şərait yaradıb. İkincisi, bu dəfə birgə maliyyələşməyə dair tələb də nisbətən yumşaldılıb, Aİ layihə xərclərini 90 faizədək ödəməyə hazır olduğunu bildirib. Digər tərəfdən, son müsabiqədə EIDHR üzrə qrant almaq üçün beynəlxalq təşkilatlar yalnız tərəfdaş kimi müraciət edə bilib.
Nəhayət, hər bir layihəyə yerli təşkilatları dəstəkləmək məqsədilə müəyyən tədbirlər daxil edilib. Məsələn, ərizəçinin və ya tərəfdaşın yerli təşkilat olması şərti qoyulub, qiymətləndirmədə Bakıdan kənarda yerləşən yerli təşkilatlara üstünlük verilib: “Son müddəalar çox vacibdir, çünki ərizəçi təşkilatın harada yerləşdiyindən asılı olmayaraq yerli təşkilatlar Aİ-nın maliyyələşdirdiyi hər bir layihədən faydalanacaq”.
Nəticələr gələn ilə qədər açıqlanacaq
Qiymətləndirməyə gəlincə, bu proses PRAG-da göstərilmiş tədbirlərə uyğun şəkildə aparılır. Hər təklif iki ekspert tərəfindən ayrıca dəyərləndirilir, nəticələr arasındakı fərq çox böyük olarsa, üçüncü qiymətləndirmə aparılır. Şəffaflığın təmin edilməsi üçün qiymətləndirməyə müstəqil müşahidəçilər dəvət olunur. Qaydaya görə, nəticələr yalnız qalib QHT-lərlə müqavilə imzalandıqdan sonra açıqlana bilər. Bu da ən geci 2012-ci ilin yanvar ayına qədər yekunlaşacaq.
Qeyd edək ki, Avropa İttifaqı bu dəfə həm yerli, həm də Avropada təsis edilmiş vətəndaş cəmiyyəti təşkilatları üçün açıq olan qrant təkliflərinin qəbuluna 1.9 milyon avro maliyyə ayırıb.
QHT Əməkdaşlıq Alyansı isə hesab edir ki, beynəlxalq donorlar bu məsələ ilə əlaqədar yerli QHT-lərlə dialoqa girməlidir. Onlar donorları yerli vətəndaş cəmiyyəti nümayəndələrinə yanaşmada yenilik etməyə, öz fəaliyyətlərindəki çatışmazlıqları aradan qaldırmağa çağırırlar. Alyans hökumətin də QHT-lərə dəstəyi artırmasının vacib olduğu qənaətindədir.
Fərəh Sabirqızı
“Toplum” jurnalı