Gənclər üçün Təhsil Mərkəzi yeni təşəbbüslə çıxış edərək, beynəlxalq təşkilat və şəbəkələrdə təmsil olunan Azərbaycan QHT-lərinin fəaliyyətini əlaqələndirmək üçün yeni bir proqramın icrasına başlayacaq.
Qeyd olunan təşəbbüsün əsas məqsədi müxtəlif beynəlxalq təşkilat və şəbəkələrə üzv olan Azərbaycan QHT-lərinin təmsilçilik keyfiyyətini artırmaq, Azərbaycan maraqlarının həmin qurumlarda müdafiə olunmasının təşviqi və həmin QHT-lər arasında yerli səviyyədə əməkdaşlığın təmin olunmasıdır.
Mərkəzin direktor müavini Elnur Axundovun verdiyi məlumata görə, belə bir təşəbbüsün meydana gəlməsinə əsas səbəb beynəlxalq təşkilatlara üzv olan Azərbaycan QHT-lərinin həmin qurumlardakı təmsilçilik səviyyəsinin aşağı olmasıdır. Apardığımız müşahidələrdən və bir çox beynəlxalq təşkilatla müzakirələrimizdən də belə qənaətə gəlmişik ki, beynəlxalq təşkilatlarda təmsilçilikdə aşağıdakı problemlər mövcuddur:
- QHT-lərin təmsilçiliyinin davamlı olmaması;
- QHT-ni təmsil edən nümayəndələrin hazırlıq səviyyəsinin aşağı olması;
- Dil bilikləri və müvafiq sahə ilə bağlılıq;
- Üzvlük haqlarının ödənilməməsi;
- Beynəlxalq təşkilatların tədbirlərinə gəzinti xarakterli yanaşma və s.
E.Axundov problemlərin yalnız təmsilçiliyin beynəlxalq təşkilatları maraqlandıran tərəflərini qeyd etməklə yanaşı, bir sıra milli məsələlərin də vacibliyini qeyd etdi. Bildirdi ki, bir çox hallarda yerli QHT-lərimiz üzv olduqları beynəlxalq təşkilatlarda Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni irsimizin təbliğində kifayət qədər fəallıq göstərmirlər. Çox təəssüf ki, az sayda təşkilat buna diqqət yetirir.
Mərkəz rəsmisinin sözlərinə görə təşəbbüslə əlaqədar olaraq, yaxın günlərdə işçi qrupun formalaşdırılması nəzərdə tutulub. İşçi qrup nəzərdə tutulan proqramın işlənib hazırlanmasını və həyata keçirilməsini əlaqələndirəcək.
Qeyd edək ki, məsələ ilə bağlı yaxın günlərdə beynəlxalq təşkilatlara üzv olan müxtəlif QHT-lərlə birgə silsilə dəyirmi masaların da keçirilməsi planlaşdırılıb.
Modern.az