Modern.az

Eynulla Fətullayev: "Hiss etdim ki, bölgəmizlə bağlı böyük ümidlər yoxdu"

Eynulla Fətullayev: "Hiss etdim ki, bölgəmizlə bağlı böyük ümidlər yoxdu"

18 Oktyabr 2011, 17:25

“İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri Eynulla Fətullayev Vyana səfəri ilə bağlı bu gün mətbuat konfransı keçirib. O, Avstriyanın paytaxtında 10-16 oktyabrda keçirilən Dünya Naşirlər və Qəzetlər Assosiasiyasının 63-cü konqresi və redaktorlarının 18-ci forumuna həsr olunmuş tədbirdə Azərbaycanı təmsil edib.

“Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev ilk dəfə dünya media qurumlarını bir yerdə müşahidə etmək imkanı qazandığını deyib: “Həm məmnun, həm də bir az təəccübləndim. Birinci gün 5 min istehsalçı şirkətin və 2 min qəzetin nümayəndəsinin qatıldığı Dünya Naşirlər və Qəzetlər Assosiasiyasının iki günlük “Expo 2011” sərgisi keçirildi. Sərgidə yeni texnoloji vasitələr təqdim olundu, elə vasitələr var idi ki, adam özünü nağıllar dünyasında hiss edirdi. Bu vasitələri gördükdə mətbuatımızın texniki baxımdan 50 il geri qaldığını düşünürdüm. Hazırda dünyanın aparıcı mediaları bu texnologiyalardan istifadə edirlər. Hər il konqres ərəfəsində bu cür sərgilər keçirilir və texnoloji nailiyyətlər mediaya təqdim olunur. Təqdim olunan rəqəm və internet texnologiyaları mənim media haqqında təsəvvürümü tam dəyişdi. Məsələn, Dünya Naşirlər və Qəzetlər Assosiasiyasının təşəbbüsü ilə bir çox Şimali Afrika, ərəb ölkələrinin mediaları smartfon vasitəsilə informasiya yayımının keçidinə başlayıblar. Tədbir zamanı məlum oldu ki, Almaniyada hər gün 530 nəfər smartfona keçir. Təəssüf ki, bizim informasiya yayımı ilə məşğul olan peşəkar qəzetçilər konfransda iştirak etmirdi. Bu onu göstərdi ki, yeni texnologiyalar nəinki Azərbaycanda təqdim olunmur, bu haqda hələ düşünülmür də”.

E.Fətullayev konfransda dünyanın 4 qitəsinin aparıcı KİV-lərinin təmsil olunduğunu deyib: “Avstriyanın 100, Almaniyanın 200-ə yaxın, Argentinanın, Brazilyanın, Belçikanın, Fransanın hər birinin 20-dən çox media qurumu, Böyük Britaniyanın, ABŞ-nın 30-dan çox qəzetçisi, Google-nin vitse-prezidenti tədbirdəydi. Konqresdə bir neçə tendensiyanı müşahidə etdim: birincisi, dünya mediasının nəzərini cəlb edən əsas region ərəb ölkələridir və bu prioritetə tədricən Mərkəzi Afrika, Cənubi Asiya ölkələri də əlavə olunmaqdadır. Ərəb jurnalistləri, redaktorları və blogerləri konqresin sanki qəhrəmanları idi və tədbirin ictimai diqqətini özlərinə cəlb etmişdilər. Hətta vaxt məhdudluğunu nəzərə alaraq fasilələrdə ərəb jurnalistlərini dəvət edib bir daha dinləyirdilər. Bizim regionla bağlı münasibətə gəlincə, avropalılar müəyyən qədər mütəəssir olublar, hiss etdim ki, bölgəmizlə bağlı böyük ümidlər yoxdu. Bu, hətta media siyasətinin formalaşması strategiyasında da özünü büruzə verir. Məsələn, Şimali Afrika və ərəb ölkələrinə ayrılan qrantlar, smartfon vasitəsilə informasiyayının yayımına verilən önəmlə bizə olan münasibət müqayisə olunmazdır. Sanki regionumuzdakı durumla barışıblar, demək istəyirlər ki, bölgəniz düzələn deyil. Ermənistandan, Gürcüstandan heç kimin dəvət olunmaması məni belə düşünməyə sövq etdi. Təvozökarlıqdan kənar olsa da deyim ki, mənim həbsim dünyada əks-səda doğurduğundan bir fərd kimi dəvət olunmuşdum. Yalnız Rusiya və Ukraynadan qonaqlar olsa da, onlar hökumətyönlü jurnalistlər idi. Bu barədə sual verdikdə, məyusedici cavab aldım, onlar açıq şəkildə dedilər ki, Ukraynada müstəqil çap mediası qalmayıb. “Novoya qazeta” istisna olunmaqla Rusiyada da vəziyyət eynidir. Düzdür, “Exo Moskvı” müəyyən qədər ifadə azadlığına şərait yaratsa da, radiostansiya “Qazpom”un nəzarətindədir. Konqresin açılışında Avstriya prezidenti Azərbaycanda olduğundan, parlamentin sədri iştirak edirdi və həmin gün Vyananın meri mən də daxil olmaqla 50 redaktora ziyafət verdi. Bundan sonra media azadlığına həsr olunan Redaktorlar Forumu keçirildi, tədbirin moderatoru məhşur Misirli jurnalist, Təhrir meydanının qəhrəmanlarından Şaxira Amin idi. O, mənə söz verdi, çıxışımın mətni Dünya naşirlər və qəzetlər assosiasiyasının saytı və twitter vasitəsilə yayımlandı. Çıxışımda dünya mediasında problemləri vurğuladım və Avropadakı geriyədönməni tənqid etdim. Ölkələrimizdəki mediayaya yaradılan problemləri bu böhranla əlaqələndirdim. Konkret olaraq, Fransa və Macarıstanı misal çəkdim. Tədbir iştirakçıları mənimlə razılaşdı və çox maraqlı diskusiyyalar keçdi. İkinci tendensiya, mən yaxın gələcəkdə internetin çap məhsullarını üstələyəcəyini gözləyirdim, amma gözləntilərim məni aldatdı. Bu durumu google-nin vitse-prezidentinin çıxışında sezdim. Son məlumatlara görə ötən il çap mediasına xərclənən reklam internetə xərclənən reklamdan 30 faiz çoxdur. Nəzərə alın ki, internetə xərclənən reklamın əsas hissəsi google şirkətinə ayrılır, bu şirkətin ötən ilki reklamı 15 milyard dollar idi. Bu şirkəti kənara qoysaq faiz mütənasibliyində daha böyük fərqlər ortalığa çıxar. Yaxın iki ildə çap mediasına xərclənəcək reklam 10 faiz də artacaq. Tədbirdəki media ekspertlərinin göstəricilərinə görə yaxın 5-7 ildə çap mediası öz nüfuzunu qoruyacaq. Bu heç də internet texnologiyalarına birdəfəlik keçidin baş verməsi haqqında proqnozları doğrultmur. Məsələn, qəzetlərin sərgisi zamanı “New York Tayms”ın redaktorundan satışı soruşdum, o, dedi ki, hələlik satışdan gileylənmirlər və web səhifə ilə tirajın artmasına ümid edirlər. Üçüncü tendensiya odur ki, Avropada web saytlar çox maraqlı texnologiyaya keçirlər, yəni milli nəşrlər regional nəşrlərini yaradırlar, bu təcrübə artıq Hindistanda da tətbiq olunmaqdadır. Məsələn, “Yeni Müsavat” qəzetinin Gəncə, Cənub, Şəki web saytları yaranıb və onlar yerli sahibkarların reklamlarını özünə cəlb edir. “New York Tayms” da bu sistemə keçib və xeyli sayda reklam qazanıb. Bu reklamın sahəsində çap mediasının güclənməsi prosesi baş verib”.
E.Fətullayevin sözlərinə görə, son həbslərdən sonra Azərbaycanın reputasiyası heç də ürəkaçan deyil: “Mən bunu misirli jurnalistlə söhbət zamanı sezdim. Təhrir meydanının qəhrəmanlarından Eiy Camal mənə dedi ki, Azərbaycanda vəziyyət Türkmənistandan daha pisdir, mən onunla razılaşmayıb bizdə az-çox müstəqil mətbuatın və internetin olduğunu söylədim. Çox maraqlıdır ki, Azərbaycanın reputasiyası olduğundan daha pisdir. Görünür, son hadisələr ölkə haqqında müzakirələri elə pik həddə çatdırıb ki, Azərbaycanda vəziyyətin Türkmənistandan daha pis olması təəssüratını formalaşdırıb. Düzdür, vəziyyət ürəkaçan deyil, Azərbaycan qeyri-azad ölkələr sırasındadır, amma Türkməınistandan da pis deyil”.

Baş redaktor deyib ki, növbəti konqres Kiyevdə keçiriləcək və bu, təsadüfü deyil: “Konqresin sonuncu iclasında Dünya Naşirlər və Qəzetlər Assosiasiyasının prezidenti Yacob Matvey məni dəvət etdi, o, regionumuzda mətbuatın vəziyyətinin dəyişməsi üçün hansı tədbirlərin keçirilməsi sualını ünvanladı və təkliflərimi eşitmək istədiyini dedi. Bildirdim ki, əgər növbəti konqres Ukraynada keçirilirsə, bu, təşkilatın regionumuza diqqətinin artmasının göstəricisidir. Təklif etdim ki, növbəti tədbirə Azərbaycan da daxil olmaqla 15 respublkikadan ictimai rəyə təsir edəın nüfuzlu media qurumları dəvət olunsun və postsovet məkanında söz azadlığı ilə bağlı situasiyanı müzakirə edəsiniz. Mən  Azərbaycandan “Turan” İA-nın direktoru Mehman Əliyev, “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu və “Azadlıq”ın baş redaktorunun dəvət olunmasının vacibliyini söylədim. Təəssüflə Rusiyanın “Novoya qazeta”ından heç kimin dəvət olunmadığını, yalnız hökumətyönlü medianı çağırdıqlarını dedim. Prezident rus xalqının “Novoya qazeta”nı tanımadığını deyəndə, mən bu nəşrin intelektual mühitdə tanındığı və ictimai rəyi də ziyalıların formalaşdırdığını söylədim. O, mənimlə razılaşdı. Eyni zamanda, Türkimənistan və Özbəkistanın mühacirətda olan jurnalistlərinin də dəvət olunmasının vacibliyini dedim və o, bunların qəbul edildiyini söylədi. Mənim təklifimi norveçli həmkarlarım da dəstəklədi. Görüşdə bu ölkənin 7 aparıcı qəzeti də iştirak edirdi, ümumiyyətlə, dünya mediasında Norveç mediasının çəkisi çox ağırdır. Yəqin ki, gələn ilin sentyabrında Azərbaycan mətbuatı daha geniş tərkibdə Kiyevdə təmsil olunacaq”.

Baş redaktor tədbir boyu “Economist” jurnalının, ABS-SBN telekanalının rəhbərləri, google-nin vitse-prezidenti ilə görüşdüyünü, “New York Tayms”ın seksiyasında 6 saat dinləmələrdə olduğunu və suallara cavab verdiyini dedi: “Bizim media ilə bağlı maraqlı təkliflər də oldu, hiss etdim ki, müstəqil medianın formalaşması ilə məşğul olan dairələr Azərbaycanda bu sahənin güclənməsinə maraqlıdır və bu istiqamətdə düşünürlər. Mənə müəyyən təkliflər oldu, bildirdim ki, fikirləşmək lazımdır, çünki ölkəmizdə durum mürəkkəb olduğundan bu təşəbbüslər problemlər yarada bilər. Ancaq hələlik prioritet ərəb ölkələridir. Ümumiyyətlə, onlarda postsovet məkanından bir inciklik var, axı nə qədər ümidlər boşa çıxdı”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama