Modern.az

Eldar Namazov: “BMT Təhlükəsizlik Şurasında çox sayda dost da qazana bilərik, düşmən də...”

Eldar Namazov: “BMT Təhlükəsizlik Şurasında çox sayda dost da qazana bilərik, düşmən də...”

3 Noyabr 2011, 11:15

“Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi sözsüz ki, Azərbaycan diplomatiyasının uğurudur. Sadəcə, onu qeyd etmək kifayətdir ki, postsovet məkanında Ukraynadan sonra bu uğura imza atan ikinci ölkə Azərbaycandır”.

Bu sözləri Modern.az saytına Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi məsələsinə münasibət bildirərkən politoloq Eldar Navazov deyib.

Onun sözlərinə görə, nə Qafqaz, nə Orta Asiya ölkələri, eləcə də Moldova və  Belarus kimi ölkələr belə bir uğur qazanıb.

"Bu diplomatik uğurdur və bu münasibətlə diplomatlarımızı təbrik edə bilərik"-deyə E.Namazov vurğulayıb.

“BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olmaq Azərbaycan üçün böyük imkanlar açmaqla yanaşı, eyni zamanda ölkəmizi böyük çətinliklər və seçimlər qarşısında qoyur”-deyən E.Namazov hesab edir ki, BMT TŞ-da müzakirə olunan qətnamələrlə bağlı daimi diplomatik mübarizə getməsi Azərbaycana böyük imkanlar yaradır:

“Belə ki, müzakirələrdə bir səs həmin qətnamənin taleyini həll edir. Bu baxımdan, statusa malik olduğu iki il müddətində Azərbaycandan onlarla ölkələr səsvermə zamanı onlara dəstək vermək xahişi ilə müraciət edcəklər. Təbii ki, bu, Azərbaycan üçün böyük imkanlar açır. Müzakirə olunan məsələlərlə bağlı mövqeyini müəyyənləşdirərkən, eyni zamanda hansısa ölkələrlə daha sıx əlaqələr qurmaq, həmin ölkələrin Azərbaycanı maraqlandıran məsələlərlə bağlı,  məsələn, Qarabağ məsələsində olan dəstəyini qazanmaq üçün imkanlar verir. Ancaq bu, eyni zamanda çətinlik də yaradır”.

E.Namazovun sözlərinə görə, BMT TŞ-da hər hansı bir məsələ ilə bağlı bir ölkəni dəstəkləyən zaman digər ölkə ilə münasibətlərin korlanması da qaçılmaz haldır:

“Bir tərəfi dəstəkləyəndə o biri tərəflə münasibətə istər-istəməz xələl gətirirsən. Belə mübahisəli məsələlər BMT-nin Təhlükəsizlik Şurasında kifayət qədər çoxdur. Məsələn, Fələstinin müstəqilliyi məsələsi müzakirə olunacaq. Orada çox ciddi savaş gedir, bir tərəfdən ABŞ və Avropa Birliyi, digər tərəfdən İslam dünyası və digər ölkələr... Eləcə də İrana qarşı sanksiyalar məsələsi müzakirə olunacaq. Azərbaycan yenə də çətin seçim qarşısında qalacaq. İran qonşu ölkədir. Ancaq dünya ictimaiyyətinin mövqeyini də nəzərə almaq lazımdır. Suriya ilə bağlı qətnamə müzakirəyə çıxarılacaq. Bunun ətrafında da böyük bir mübarizə gedir. ABŞ və Avropa bir tərəfdən, Rusiya başqa bir tərəfdən”.

Bütün bu problemlərə baxmayaraq E.Namazov Azərbaycanın BMT TŞ-ya qeyri-daimi üzv seçilməsini diplomatik uğur hesab edir. Ancaq düşünür ki, qarşıdakı iki il Azərbaycan diplomatiyası üçün o qədər asan və hamar olmayacaq.

“Orada biz çox sayda dostlar da qazana bilərik, eyni zamanda çox sayda düşmən də qazana bilərik. Ona görə Azərbaycan diplomatiyası gərək çox diqqətli, çox çevik olsun ki, bu iki il müddətində Azərbaycanın BMT-nın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətində ölkəmizə daha çox xeyir gətirə bilsin”.  

Sədaqət SÜLEYMANOVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama