Modern.az

Azərbaycanda transmilli korporasiyalar sosial məsələlərə əhəmiyyət vermir...

Azərbaycanda transmilli korporasiyalar sosial məsələlərə əhəmiyyət vermir...

Qarabağ

16 Noyabr 2011, 17:12

“Transmilli korporasiyaların hər birinin sosial proqramların həlli, ayrı-ayrı sahələrdə mövcud olan bəzi məsələlərlə bağlı biznes sektoruna dəstək verməsi və s. üçün müəyyən vəsaiti olur. Ümumiyyətlə, bu sosial sərmayə proqramı biznes sektorunun ictimaiyyət qarşısında bir məsuliyyəti, mədəniyyətidir”.

Bu sözləri Modern.az saytına açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov deyib. O qeyd edib ki, bu məsuliyyətin transmilli şirkətlərdə tətbiqi və QHT-lər vasitəsilə həyata keçirilməsi bütövlükdə həm ictimai problemlərin həllində biznes sektorunun roulunu artıracaq, həm də QHT-lərin maliyyə davamlılığı məsələsinin yaxşılaşmasına, Milli Donor İnstitunun formalaşmasına öz töhfəsini verəcək.

Ancaq icraçı direktor bu vəsaitlərinin məhz QHT-lər vasitəsilə xərclənməsi və ictimai problemlərin həllinə yönəldilməsinin hələki praktikada tam özünü doğrultmadığını vurğulayıb:
“Ona görə bu məsələ tədbirlərində daim QHT-lərin müzakirə mövzusu olur. Milli Donor İnstitiunun formalaşması üçün transmilli şirkətlərin özünün sosial sərmayə proqmalarının məhz QHT-lər vasitəsilə həyata keçirməsi tövsiyyə olunur. Bunun üçün ilk növbədə qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac var və bundan irəli gələrək Şura dörd yeni qanun layihəsi üzərində çalışır. Bunlardan ikisinin-“Peşə birlikləri haqqında” və “İctimai iştirakçılıq haqqında” qanun layihələrinin artıq ictimai müzakirəsi keçirilir. Dekabrın 7-də isə “Sosial sifarişlər haqqında” qanun layihəsi və “Koorporativ sosial məsuliyyət haqqında” çərçivə sənədi müzakirəyə çıxarılacaq”.

F.Qurbanovun sözlərinə görə, yeni qanun layihələrinin hazırlanması bu tip tədbirlərin əlaqələndirilməsi, sosial sərmayə proqramlarının yerinə yetirilməsində QHT-lərin iştirakının təmin olunmasına yönəlik bir fəaliyyətdir: “Hazırda bu qanun layihələri üzərində işçi qrupu çalışır və dediyim kimi, dekabrın 7-də qanun layihələri ictimai müzakirəyə çıxarılacaq”.

Fərasət Qurbanov hazırkı vəziyyətdə transmilli korporasiyaların sosial məsələlərdə ayrı-ayrı QHT-lərə dəstək verməsinin hiss olunmadığını bildirib: “QHT-lər tərəfindən çox az sayda layihələr həyata keçirilir ki, bu da belə nəhəng transmilli şirkətlərin imkanlarının olduqca az, cuzi bir hissəsini təşkil edir. Məhz bu vəziyyət bizi qane etmədiyi üçün yeni qanun layihələri hazırlanması təklifi ilə çıxış etdik. Biz hesab edirik ki, bu, artıq ənənəyə çevrilməli və geniş bir miqyası əhatə etməlidir. Bunun da ictimaiyyət tərəfindən hiss olunması, ictimai fayda verməsi işə məhz QHT-ləri yaxından cəlb etməklə mümkün ola bilər”.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal