Ötən gün parlamentdə büdcə müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov QHT Şurasının büdcəsinin artırılmayacağını bildirib. Onun sözlərinə görə, büdcə hazırlanarkən mümkün balans qorunub.
Bu barədə QHT-lərin nə düşündüyünü öyrənmək üçün bir neçə QHT rəhbəri ilə əlaqə saxladıq.
Azad İstehlakcılar Birliyinin rəhbəri Eyyub Hüseynov hesab edir ki, Azərbaycanda demokratiya, vətəndaş cəmiyyəti inkişaf etməlidir. Onun sözlərinə görə, Azərbaycan demokratik, insan hüqüqlarının qorunduğu dünyəvi bir ölkə olsa, Qarabağ problemi özlüyündə həll olunacaq. Dağlıq Qarabağ probleminin Azərbaycandakı vətəndaş cəmiyyətinin inkişafından bəhrələnə biləcəyini deyən E.Hüseynov qeyd edi ki, buna görə də QHT-lərin büdcəsinin dəfələrlə artırılmasına ehtiyac var.
“İnam” plüralizm məkrəzinin rəhbəri Vahid Qazi deyir ki, QHT Şurasının büdcəsinin artırılmaması ürəkaçan hadisə deyil. Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən donorların azalmasının müşahidə edilməsi də nəzərə alınmalıdır: “Belə bir məqamda Azərbaycan QHT-lərinin ayaqda qalması üçün ilk növbədə maliyyə dəstəyinə ehtiyac var”.
V.Qazi düşünür ki, Azərbaycanda yeganə donor təşkilat olan QHT-lərə Dövlət Dəstəyi Şurası az vəsaitlə QHT-lərə tələb olunan vəsaitin 5-8%-ni ödəyir: “Tələb olunan digər vəsaitin ödənilməsi üçün əldə olunan mənbələr günbəgün tükənməkdərir. Son zamanlar “Soros” Fondu da öz fəaliyyətini azaldır. Bu cür fondlar Azərbaycanla işləmirlər. Arzu olunandır ki, Şuranın büdcəsi artırılsın”.
V.Qazi hesab edir ki, QHT-lərə kənardan qrantların verilməsi müsbət nəticə vermir. Onun sözlərinə görə, ilk növbədə QHT-lərlə biznes strukturları arasında münasibətlərin formalaşmasına və şəffaf müstəviyə keçməsinə imkan yaradılmalıdır: “Mərkəzi və Şərqi Avropa ölkələrində QHT-lərə olan münasibətlə Avropanın cənubunda, Balkanlarda olan münasibət arasında böyük fərq var. Balkanlarda bu münasibətlər xarci donorlara yüklənirsə, Mərkəzi və Şərqi Avropa ölkələrində bunun əksi müşahidə olunur”.
Azərbaycanda da QHT sisteminin Balkanlardakı kimi olduğunu deyən V.Qazi belə bir şəraitdə QHT Şurasına ayrılan maliyyənin dəfələrlə artırılmasına ehtiyac olduğunu iddia edir: “Fikirləşirəm ki, dövlətin də buna imkanı var. Kifayət qədər neft pulları var, bunu səmərəli və düzgün şəkildə istiqamətləndirmək mümkündür”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da QHT-lərə ayrılan büdcənin artırılmamasından narahatdır. Onun sözlərinə görə, milli maraqların xidmətində dayanan QHT-lərin maliyyə almaq imkanı ancaq QHT Şurasındadır:
“Tutaq ki, beynəlxalq fondlar, mərkəzlər külli miqdarda- 40-50 milyon vəsait ayırır. Azərbaycanda müxtəlif adlar altında -demokratiyanın inkişafı, liberal dəyərlərin təbliğ olunması və başqa istiqamətə daha çox maliyyə ayırırlar. Burda narahatçılığa əsas odur ki, milli dəyərlərinin təbliğinə xidmət edən QHT-lərə xarici mərkəzlər vəsait ayırmırlar”.
A.Nağı bildirib ki, QAT da əvvəllər yardım üçün xarici təşkilatlara müraciət edib. A.Nağının sözlərinə görə xarici təşkilatlar Azərbaycanda sadəcə barış, təəssübkeşlik əhval-ruhiyyəsi yaradan təşkilatlara külli miqdarda vəsait ayırır.
“Azərbaycan torpaqların işğaldan azad olunması istiqamətində fəal mübarizə aparan, mövqeyini ortaya qoyan, erməniləri işğalcı siyasətini ifşa edən və bununla bağlı müəyyən yazılı materiallar, internet resusrsları hazırlayan təşkilatlar maliyyəsiz qalırlar. Ona görə də hesab edirəm ki, QHT-lərə mayiyyənin artırılmaması yalnış bir mövqedir. Maliyyə Nazirliyi və digər qurumların mövqeyini başa düşmək olmur, onlar niyə bu məsələyə ögey yanaşırlar? Onlar görmürlərmi ki, Azərbaycanda iki xətt arasında mübarizə gedir. Bir xəttə xaricdən ciddi maliyyə dəstəyi var, digər xəttin maliyyə dəstəyi isə sıfıra enir”.
A.Nağı qeyd edib ki, ermənilər bu gün çox fəal işləyirlər.
“Bir müddət öncə Çexiyada jurnalist 6 dildə Qarabağla bağlı film hazırlayıb. Tamamilə ermənilərin mövqeyinə cavab verən bir fimdir. Bu günlərdə də bütün Avropa telekanallarında nümayişinə başlanılacaq. Bu təbiidir ki, Çexiya onu öz pulu hesabına çəkməyib. Ermənilərin və ermənipərəst qüvvələrin hesabına bu film çəkilib. Təbii ki, xaricdən gələn maliyyə verən qurumlar Azərbaycan həqiqətlərinin ortaya çıxmasında maraqlı deyillər. Maraqlı olan QHT-lər var ki, onlar bu istiqamətdə işləməyə çalışırlar, ancaq onlara maliyyə verilmir”-deyə QHT rəhbəri qeyd edib.
Qeyd edək ki, 2012-ci il üçün QHT-lərə dövlət büdcəsində 2 milyon 808 min 960 manat manat vəsait nəzərdə tutulub. 2011-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına büdcədən 2 milyon 766 min 324 manat vəsait ayrılmışdı.
Sədaqət SÜLEYMANOVA