QHT nümayəndələri qış imtahan sessiyyasının gedişini yoxlayıblar
Yanvarın 9-da Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi ADU-da qış imtahan sessiyasının gedişi ilə bağlı monitorinq aparıb. Monitorinqdə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, Şəbəkəyə daxil olan Korrrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov və Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı Mərkəzinin sədri Əhməd Abbasbəyli iştirak edib. Filologiya fakültəsində keçiilən “Dilçiliyə giriş”, “Ədəbiyyatşünaslığa giriş” və “Dünya ədəbiyyatı-2” imtahanlarının monitorinqi zamanı çıxış edən Səməd Seyidov universitetdə keçirilən imtahanlar barəsində qonaqlara məlumat verib. İmtahanların obyektiv, düzgün və şəffaf keçirildiyini deyən rektor rəhbərlik etdiyi ali təhsil ocağının monitorinq aparılması üçün ictimai təşkilatlar üçün açıq olduğunu bildirib. Rektor şikayətlərlə bağlı universitetdə Operativ Qərargahın, eyni zamanda “Qaynar xətt”in fəaliyyət göstərdiyini tələbələrin diqqətinə çatdırıb. ADU-da tələbələrin yüksək səviyyədə təhsilə yiyələnmələri üçün lazımi imkanların mövcudluğundan danışan S. Seyidov bu imkanlardan yararlanmağın vacib olduğunu vurğulayıb. Rəhbərlik etdiyi ali təhsil ocağının beynəlxalq əlaqələrindən bəhs edən rektor gələcəkdə də bu istiqamətdə bir sıra mühüm addımlar atılacağının da diqqətə çatdırıb. Normativ sənədlərə baxış keçirən S. Seyidov imtahanlarda tələbələrə uğurlar arzulayıb.
Fəaliyyət istiqamətləri haqqında tələbələrə məlumat verən Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev ali təhsi ocaqlarında imtahan sessiyalarının gedişi ilə bağlı monitorinqlər aparıldığını bildirib. İmtahan sualları ilə maraqlanan koordinator aparılan monitorinqlərin obyektivliyə xidmət etdiyini vurğulayıb: “Şəbəkənin apardığı monitorinqlər edilən şikayətlərdə haqlı tərəfin müəyyən edilməsində mühüm rol oynayır. Şikayətlərlə bağlı şəbəkəyə müəyyən müraciətlər olur”. Şəbəkə koordinatoru yaranan problemlərlə bağlı onlara müraciət etməyin zəruriliyini önə çəkib. O, ADU-nun digər ali təhsil ocağına nümunə olduğunu və universitetdə tələbələrin hərtərfli inkişafı üçün yüksək şərait yaradıldığından məmnunluğunu ifadə edib. Şəbəkə üzvləri imtahan sənədlərinə də baxış keçiriblər. Tələbələr imtahanların yüksək səviyyədə keçdiyini və lazımi şərait yaradıldığını bildiriblər.
Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Ə. Nuriyev monitorinqlərin aparılması üçün yaradılan şəraitə görə rektor S. Seyidova təşəkkürünü bildirib.
Xatırladaq ki, ADU-da qış imtahan sessiyasına yanvarın 5-dən start verilib. Qış imtahan sessiyası 5 fakültənin (Tərcümə, Fransız dili, Alman dili, Filologiya, Regionşünaslıq və Beynəlxalq münasibətlər) əyani gündüz, 1 saylı İngilis dili fakültəsinin əyani gündüz və qiyabi şöbələrində, 2 saylı İngilis dili fakültəsinin isə əyani gündüz və axşam şöbələrində aparılır. Qiyabi şöbədə də sessiya müddəti isə 5 yanvar 2011-ci ildən 6 fevral 2012-ci ilədək müəyyən edilib. Sessiya ərzində veriləcək imtahanların ümumi sayı 750-dir.
ADU-nun mətbuat xidmətindən bildirilib ki, qış imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ Qərargah da yaradılıb. Tədris şöbəsinin müdiri Lyudmila Muradovanın rəhbərlik etdiyi Operativ Qərargahın üzvləri Xüsusi şöbənin rəisi Elçin Tağıyev, Tələbə Həmkarlar Təşkilatının sədri Hafiz Rəhimov, Tələbə Gənclər Təşkilatının sədri Şahin İsmayılov və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovadır. Bununla yanaşı, ADU-nun 440-35-02, 440-64-82 saylı şəhər və 122, 141,146 saylı daxili telefonları, eləcə də [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib. Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün binaların görkəmli yerlərində müvafiq qutular qoyulub. Fakültə dekanları və kafedra müdirlərinə tapşırılıb ki, imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunmasını təmin etsinlər. Tədris hissəsinə isə fakültələrdə imtahan yazı işlərinin kodlaşdırılmasını təmin etmək, həmçinin bütün fakültələr üzrə imtahan sessiyasının vahid təqvim cədvəlini hazırlayıb müvafiq nəzarət qurumlarına təqdim etmək tapşırılıb.
Modern.az