Modern.az

Parlament jurnalistləri və deputatlar bir araya gəldilər (fotolar)

Parlament jurnalistləri və deputatlar bir araya gəldilər (fotolar)

Qarabağ

18 Dekabr 2009, 16:10

Bu gün Prezident Yanında Kütləvi İnfornasiya Vasitələrinin  İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi və Parlament Jurnalistlər Birliyinin (PJB) təşəbbüsü ilə Atütrk Mərkəzində “Parlamentin işini cəmiyyətə çatdırılmasında beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi” mövzusunda dəyirmi masa keçirilib. Müzakirələrdə deputatlar və parlament jurnalistləri iştirak edib.

Dəyirmi masanı açan PJB sədri Elşad Eyvazlı qeyd edib ki, parlamentin işinin cəmiyyətə çatdırılmasında əsas yük jurnalistlərin üzərinə düşür: “Ancaq burada deputatlardan da çox məsələ asılıdır. Vətəndaşlar da burada mühüm rol oynayır. Gerşək durum ondan ibarətdir ki, ölkə vətəndaşları parlamentin işindən o qədər də məlumatlı deyillər. Ona görə də onlar əksər vaxtlarda hüquqlarının pozulması halları ilə qarşılaşırlar. Mənə elə gəlir ki, bu məsələdə vətəndaşların da günahı var. Onlar öz hüquqları ilə bağlı qanunlara biganə yanaşırlar. Ancaq bu, o demək deyil ki, sözügüdən məsələdə jurnalist məsuliyyəti yoxdur. Ona görə də PJB yaranmış çətinliklərin aradan qaldırılmaslndan ötrü beynəlxalq təcrübəyə də müraciət etmək qərarına gəlib”.

Beynəlxalq praktika barədə isə qurumun departament rəhbəri Fərəh Sabirqızı danışıb. O, qeyd edib ki, indiyədək olduğu Avropa ölkələrində nəinki jurnalistlərin, adi vətəndaşların da parlamentdəki müzakirələri canlı dinləməsinə heç bir maneə qoyulmur: “Həmin ölkələrdə parlamentdə akkreditə olunan jurnalistlərə xüsusi kartlar veriılir. Bu kartla həmin jurnalist istədiyi vaxt parlamentə daxil ola bilir. Belə hal qonşu Gürcüstanda da mövcuddur. Çox istərdik ki, bizdə də belə məsələlər həllini tapsın”.

Estoniya parlamentindən sitat gətirən F.Sabirqızı qeyd edib ki, İraqda jurnalistin Buşa ayaqqabı atmasından sonra burada jurnalistlər spikerin qatıldığı tədbirdə mütləq ayaqqabılarını çıxarmalı olurlar.

Parlamentdə jurnalistlərin fəaliyyəti üçün heç bir problem olmadığını dilə gətirən deputat Vahid Əhmədov PJB-nin fəaliyyətini təqdir edib: “Qubada kütləvi məzarlığın ictimailəşməsi və dünyaya çatdırılmasında bu təşkilatın böyük rolu oldu. Ancaq burada bir məsələni açıq demək istəyirəm, son vaxtlar bizdə əsl jurnalistlər çox azdır. Diktafionla müsahibə götürüb onu yazmaq o qədər də çətin deyil”.

Demokratiyanın qaranlıq bir anlam olduğunu deyən deputat bütün vətəndaşların sərbəst şəkildə Milli Məclisin iclaslarında iştirak etmələrinin əleyhinə çıxış edib. Onun fikrincə, belə olsa, parlamentdə adam əlindən tərpənmək mümkün olmaz.

Parlament jurnalisti Emil Quliyev isə bildirib ki, jurnalistlərin Milli Məclisə daxil olarkən bir neçə yerdə yoxlanması düzgün hal deyil. Onun sözlərinə görə, Avropa Şurası Parlament  Assamleyasında jurnalistlərə kartlar verilir və bununla da məsələ həllini tapır.

Deputat Fazil Mustafa yaranmış vəziyyətdən çıxış yolu kimi deputatlarla jurnalistlərin əməkdaşlığının genişləndirilməsini təklif edib: “Eyni zamanda mən parlament televiziyasının yaradılmasının tərəfdarıyam. Çünki AzTV deputatlara öz standartları ilə yanaşır. Dogər təklifim isə odur ki, AzTV-yə ayrılan vəsait İTV-yə verilsin. Çünki İTV depuatatların çıxışlarını verir”.

Deputat Aynur Camalqızı isə deyib ki, son vaxtlar media ciddi problemələrə diqqət vermir: “Daha çox sensasiya arxasınca qaçır. Mən bir məsələni də qabartmaq istəyirəm. Seçiclər icra hakimiyyətlərinin görməli olduğu işi deputatlardan tələb edirlər”.

YAP-dan deputat Nazim Məmmədov hesab edir ki, indi cəmiyyət hansı səviyyədədirsə, parlamentdə oturanlar da ona uyğundur: “Yeni seçildiyim vaxt bu cür intellektual insanların içində işləyəcəyim üçün çox həvəsliydim. Amma belə görmədim. Onu bilmək lazımdır ki, insanın mədəniyyəti vəzifə ilə ölçülmür. Elə bizim həmkarlarımız arasında elələri var ki, qəbuluna düşə bilmirsən, köməkçisi vasitəsilə xəbər göndərəndə də, bir zəng vurub maraqlanmırlar ki, nə istəyirdin”.

“Siz olmasanız, Azərbaycanda parlamentin varlığı-yoxluğu bilinməz”. Bu sözləri Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn jurnalistlərə xitabən dedi. Onun sözlərinə görə, jurnalistlərin MM iclaslarında sensasiyalara daha çox önəm verməsini başa düşmək olar: “Problemə diqqət yönəltmək üçün  mütləq bu cür səs-küy yaratmalı oluruq. Aydın məsələdir ki, onu da jurnalistlər daha həvəslə işıqlandırırlar”.

Diskusiya zamanı deputatlar KİV işçilərinin fasilədən sonrakı iclasda iştirak etməməsindən, ikinci hissədə müzakirə edilən maraqlı məsələlər barədə ictimaiyyətin bixəbər qalmasından şikayətləndilər. Jurnalistlər isə bəzi məmur-deputatların başqa qapıdan çıxdığını, onların medianın gözünə görünməməsindən  gileyləndilər. Daim mətbuatdan qaçan komitə sədrləri arasında hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin adları çəkildi. O da qeyd olundu ki, parlament binası təmir olunandan sonra komitə iclasları geniş otaqlarda keçirilsə də, yenə də bu iclaslarda jurnalistlərin iştirakı təmin olunmur. Ora dəvət edilən telejurnalistlərin isə içəri kamera keçirməsinə imkan verilmir. Parlamentin təqdim etdiyi kasetlərdə isə səs çox aşağı olduğundan, ondan sinxron səs kimi istifadə etmək mümkün olmur.

Müzakirələr nəticəsində qərara alındı ki, parlamentin işinin daha effektiv işıqlandırılması üçün səslənən təklifləri toplayıb onları paket şəklində parlament rəhbərliyinə təqdim olunsun.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir