«Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi» İctimai Birliyi Nobel Sülh Mükafatı Komitəsinə müraciət edib. Modern.az həmin müraciətin mətnini təqdim edir:
- «Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi» İctimai Birliyi Azərbaycan Respublikasının bir milyondan artıq qaçqın və məcburi köçkün əhalisi adından 20 Yanvar Bakı qırğınlarının ildönümü günlərində Sizə müraciət edərək «Bu gün beynəlxalq ictimaiyyətin həyatında mühüm tərkib hissəni xarakterizə edən sülh prosesində onun aparıcı rolunun dəyərləndirilməsi əlaməti olaraq» 1990-cı ilin oktyabr ayında keçmiş SSRİ-nin sabiq prezidenti Mixail Sergeyeviç Qorbaçova Nobel Sülh Mükafatının verilməsi barədə Komitənizin qərarına Nobelin vəsiyyətinə uyğunsuzluğu səbəbindən yenidən baxmağınızı və onu ləğv etməyinizi xahiş edir. Biz tamamilə əminik ki, Qorbaçov əməllərinə görə nəinki həmin mükafata layiq deyildir, həm də bu ali mükafatın adına və şərəfinə, bütövlükdə Sizin Komitənin nüfuzuna xələl gətirir. Çünki bu şəxs sülhdən daha çox hərbi qarşıdurmaların və qırğınların səbəbkarıdır. Zənnimizcə, misal qismində aşağıda göstərilmiş bir sıra faktlardan hətta bircəciyi M.Qorbaçovu Nobel Sülh Mükafatından məhrum etməyə kifayət qədər əsas verir.
M.S.Qorbaçovun ölkə prezidenti kimi 1990-cı ilin yanvar ayında SSRİ-nin, Azərbaycan SSR-nin Konstitusiyalarına və müvafiq beynəlxalq hüquqi aktların tələblərinə zidd olaraq Bakıya və Azərbaycanın bir sıra başqa şəhərlərinə qoşun yeridilməsinə və azadlıq, müstəqillik uğrunda dinc mübarizəyə qalxmış əhaliyə qarşı silah işlədilməsinə dair əmr verməsi nəticəsində bu ölkənin paytaxtında və digər şəhərlərində əksəriyyətini qadınların, uşaqların, qocaların təşkil etdiyi 170 nəfər vəhşicəsinə öldürülmüş, onlarla insan yaralanmış, itgin düşmüş, 700-dən artıq adam həbs olunmuş, ölkəyə və vətəndaşlara olduqca böyük maddi və mənəvi ziyan vurulmuşdur. Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağın ondan qoparılması istiqamətində Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində iki qonşu ölkə arasında 20 mindən artıq insanın qırılmamsına, yüz minlərlə adamın yaralanmasına, itgin, əsir düşməsinə, ölkəyə 60 milyard dollardan artıq maddi ziyan vurulmasına gətirib çıxarmış Ermənistan-Azərbaycan müharibəsinin səbəbkarı da məhz M.Qorbaçovdur.
Azərbaycandan əlavə, ölkəyə rəhbərlik etmiş şəxs kimi M.Qorbaçov həm də Vilnüsdə, Tbilisidə, Çeçenistanda, Tacikistanda, Abxaziya və Osetiyada da çoxsaylı insan tələfatına səbəb olmuş hadisələrin baş verməsinə bilavasitə cavabdehlik daşıyır.
Hətta keçmiş Sovet İttifaqının silahlı qüvvələri M.Qorbaçovun əmri olmadan insan tələfatına səbəb olmuş bu hadisələri törətmiş olsaydı belə, o, rəhbərlik etdiyi ölkədə qanlı hadisələrin törədilməsinə yol verdiyinə və ya bunlara biganə yanaşdığına, heç bir istintaq hərəkətləri aparılmamasına və günahkarların cəzalandırılmamasına görə beynəlxalq hüququn normalarına üyğun olaraq məsuliyyət daşıyır.
Hesab edirik ki, yuxarıda sadalanmış və keçmiş SSRİ xalqlarına, bütün bəşəriyyətə, dünyada sülh və təhlükəsizliyin əleyhinə yönəlmiş qanlı hadisələr M.Qorbaçova qarşı cinayət işi qaldırılması üçün tam əsas verir. Belə əməl sahibinə isə Nobel Sülh Mükafatı kimi yüksək ödülün verilməsi yolverilməzdir. Əksinə, çoxsaylı insanın məhvinin səbəbkarı oldüğü üçün M.Qorbaçov beynəlxalq məhkəmə qarşısında cavab verməli və cəzalandırılmalıdır.
Sizi 22 il əvvəl verilmiş qərarınıza yenidən baxmağa və mükafatınızın M.S.Qorbaçovdan geri alınması istiqamətində tədbirlər görməyə çağırırıq!