Söz Azadlığını Müdafiə Fondu (SAMF) “Ən operativ mətbuat xidmətinin müəyyən edilməsi”ni aydınlaşdıracaq ənənəvi reytinq sorğusuna start verib. Modern.az xəbər verir ki, artıq üçüncü dəfə reallaşdırılan rəy sorğusu 2009-cu il noyabr ayından “KİV və mətbuat xidmətləri: mövcud vəziyyətin təhlili və strateji inkişaf istiqamətləri” adlı layihənin davamı kimi həyata keçirilir.
Sorğunun keçirilməsindən məqsəd öz üzərlərinə düşən həssas və məsuliyyətli bir vəzifəni hüquqi, demokratik dövlət idarəçiliyi prizmasından yerinə yetirən mətbuat xidmətlərinin adlarını geniş ictimaiyyətə açıqlamaq, bununla da mətbuat xidməti institutları əməkdaşlarının işlərinə daha tələbkar yanaşmalarına və xüsusən də jurnalistlərin peşə fəaliyyəti zamanı üzləşdikləri əsassız maneələrin aradan qaldırılmasına yardımçı olmaqdır.
Rəy sorğusu fondun könüllüləri tərəfindən həyata keçiriləcək. Sorğunun ənənəvi olaraq yalnız KİV-lərdə müxtəlif vəzifələrdə çalışan 500 media təmsilçisi arasında aparılması nəzərdə tutulur. Nəticələr barəsində geniş ictimaiyyətə məlumat veriləcək.
SAMF media vasitəsilə KİV təmsilçilərinə müraciət edərək sorğuları cavablandırarkən obyektiv olmağı, mətbuat xidmətləri qurumları ilə bağlı real durumun aydınlaşdırılması, media-mətbuat xidməti əməkdaşları arasındakı münasibətlərin sorğuda öz əksini obyektiv şəkildə tapması üçün fondun kollektivinə mümkün köməkliklərini əsirgəməmələrini xahiş edir.
Modern.az