Milli QHT Forumunun (MQF) İdarə Heyətinin növbəti yığıncağı keçirilib. MQF-dən Modern.az-a verilən məlumata görə, toplantıda yeni təşkilatların MQF-yə qəbulu, Xocalı soyqırımının 20 illiyi ilə bağlı silsilə tədbirlərin müzakirəsi, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına namizədin irəli sürülməsi, MQF-nin VIII Qurultayının keçirilməsi məsələlərinə baxılıb.
İclasdan öncə MQF prezidenti Rauf Zeyni bir neçə məlumatı MQF İdarə Heyəti üzvlərinin diqqətinə çatdırıb. O, qeyd edib ki, 2011-ci ilin dekabr ayında MQF ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının” yeni tərkibinə daxil edilib və bu Foruma dövlət səviyyəsində böyük etimadın göstərilməsi deməkdir.
Yığıncaqda qeyd olunan məsələlər müzakirə olunub. İlk olaraq 3 QHT (“Cəmiyyət və İnteqrasiya” İB, Xan Şuşinski Fondu, “Oğuz” Müstəqil Araşdırmalar Qrupu) MQF-yə üzv kimi qəbul olunub.
MQF İdarə Heyətində Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar olaraq MQF-QHT əməkdaşlıq alyansı, Qadın-QHT koalisiyası, digər QHT koalisiyalarının da bu kampaniyaya qoşulması müzakirə və təqdir olunub. İl ərzində Xocalı Ədalət kampaniyasının QHT-lər tərəfindən aparılması məqsədəmüvafiq hesab edilib.
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına namizədin irəli sürülməsi məsələsinin müzakirəsi də olub. Azay Əjdər oğlu Quliyevin namizədliyi təhsil, elm və mədəniyyət istiqaməti üzrə MQF prezidenti Rauf Zeyni tərəfindən irəli sürülüb və MQF İdarə Heyəti tərəfindən yekdilliklə qəbul edilib.
MQF VIII Qurultayının keçirilməsi məsələsi də geniş müzakirə olunub. İşçi qrupu yaradılıb, təşkilat komitəsi formalaşdırılıb. Qurultayın keçirilməsi ilə əlaqədar texniki və təşkilati məsələlər MQF prezidenti R. Zeyniyə həvalə edilib və MQF-nin VIII Qurultayının bu il sentyabrın ikinci yarısında keçirilməsi qərara alınıb.
Hazırda 575 təşkilat MQF-nin üzvüdür.
Modern.az