Fərasət Qurbanov: “Qeyri-Hökumət Təşkilatlarının daha böyük maliyyə dəstəyinə ehtiyacı var”
Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökümət Təşkilatlarının (QHT) vətəndaş cəmiyyətinin inkişafındakı rolunu gücləndirmək və xarici donorlardan asılılığını azaltmaq məqsədi ilə 27 iyul 2007-ci ildə Prezident İlham Əliyev sərəncam imzaladı. Prezidentin 13 dekabr 2007-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı. Şuranın 4 il fəaliyyət göstərməsinə baxmayaraq, hələ də bəzi yerli QHT-lər xarici donorlar vasitəsilə maliyyələşirlər.
Modern.az saytı məsələ ilə bağlı QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanovdan münasibət öyrənib. Onun fikrincə, QHT-lərə Dövlət Dəstəyi Şurasının yaranmasında məqsəd heç də onların tam şəkildə xarici donorlardan asılılıqdan azad etmək olmayıb:
“QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasında da qeyd olunub ki, dövlət dəstəyi heç də QHT-lərin xarici donorlarla əlaqələrinə hər hansı təsir göstərmir. Bu səbəbdən QHT-lər bu gün də xarici donorlarla normal əməkdaşlıq münasibətində ola bilərlər və Şura da bunu normal hesab edir. Amma Şuranın da dəstəyi nəticəsində hər il QHT-lərin çoxunun layihə və proqramları maliyyələşdirilir. Bununla yanaşı, ölkəmizdə böyük donor təşkilatları var, onlar da öz növbəsində vətəndaş cəmiyyəti qurumları üçün müxtəlif layihə və proqramlar elan edirlər. Belə QHT-lər çox deyil. Bu yaxınlarda Avropa İttifaqının elan etdiyi maliyyə yardımı müsabiqəsinin 20 qalibi oldu və onların cəmisi 5-i beynəlxalq təşkilatlar, yerdə qalanı isə bizim yerli QHT-lər idi. Göründüyü kimi, belə QHT-lərin sayı heç də çox deyil, amma ayrılan məbləğ çox böyükdü. Tutaq ki, QHT Şurasının bir ildə elan etdiyi müsabiqələr üçün ayrılan maliyyə yardımının məbləği 2 milyondan çoxdur, amma Avropa İttifaqının bir müsabiqə üçün ayırdığı maliyyə yardımının məbləği 2 milyondan çox olub. Ona görə Şura QHT-ləri tam şəkildə xarici donorlardan azad etmək məqsədini qarşısına məqsəd qoymayıb. Çünki Şura beynəlxalq əməkdaşlığa daimi böyük diqqət və önəm verir. QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində kənardan maliyyəni ölkəmizə cəlb edərək, hümanitar problemin həllində aktiv iştrak etməsini Şura yüksək qiymətləndirir. QHT Şurasına ayrılan vəsaitin azlığı səbəbindən biz heç də böyük qrant müsabiqələrini reallaşdıra bilmirik. Məsələn, Şura bu il birinci maliyyə yardımı müsabiqəsini elan edib və ümumi fond 1 milyon 100 min manatdır. QHT-lərin Şuradan istədiyi məbləğ isə 5 milyon manatdan çoxdur. Bütün təşkilatların ehtiyaclarını tam şəkildə qarşılamaq mümkun deyil”.
İcraçı direktor onu da bildirib ki, araşdırmalara görə, QHT-lərin 2011-ci ildəki ehtiyacı 30 milyon manatdan çox olub:
“Şura bunun 2 milyonunu maliyyələşdirib, qalan vəsait isə xarici donorların hesabına verilib. Əlbəttə, istəyirik ki, bu ehtiyacın müəyyən hissəsini qarşılıyaq. Bu səbəbdən QHT-lər də çox çaılışmalıdırlar, beynəlxalq təşkilatlarla yanaşı Şura ilə münasibətdə də peşəkarlıq nümayiş etdirməlidirlər, müraciət etdikləri ictimai problemə, onun həllinə yeni yanaşma yollarını təklif etməlidirlər. Ölkə sürətlə inkşaf edir, problemlərin mahiyyəti dəyişir, hətta mahiyyət eyni qalsa da, ona yanaşma yolu dəyişilir. Amma QHT lahiyələrinin mövzüsu, yanaşma tərzi hələ də köhnə illəri bizə xatırladır. Təbii ki, biz QHT-lərin bu ideya bazarında kasadlığın aradan qalxmasına çox çalışırıq. Yeni ideyalar yaranmalı, yeni və daha müasir yanaşmalardan, müasir metodlardan istifadə olunmalıdır. Biz istəyirik ki, QHT-lərin əldə etdiyi nəticələr ümumi xarakter daşımasın, dəyərləndirilən, gözlə görünən olsun. Belə nəticələr olmadığından, əlbəttə, QHT sektorunun işi də bəzən görünmür. Amma müşahidələrimiz göstərir ki, 4 illik fəaliyyətimiz müddətində QHT sektoru maraqlı layihələr həyata keçirir və buna çox böyük səy göstərirlər”.
F.Qurbanovun fikrincə, uğurlu nəticələrin kifayət qədər təbliğ olunması ilə də bağlı problemlər mövcuddur:
“Çox böyük ictimai-siyasi əhəmiyyəti olan layihələr həyata keçirən QHT-lər var. Amma çox vaxt cəmiyyət bununla bağlı ətraflı məlumat əldə etmir. Əsas səbəb isə həmin QHT-lərin öz təbliğatlarını yüksək səviyyədə qura bilməməsidir. Halbuki, Şuranın elan etdiyi layihələrin mövzuları ictimai həyatın bütün sahələrini əhatə edir”.
İcracı direktor bir daha qeyd edib ki, xarici donorların QHT-lərə dəstək verməsi normal qarşılanmalıdır: “Amma bizim QHT-lər həmin vəsaiti faydalı istiqamətə, dövlətimiz, cəmiyətimriz üçün əhəmiyyət kəsb edən məsələlərə həsr etməlidirlər. Bu halda daxil olan vəsaitin faydası olacaq və ümumi işə öz töhfəsini verəcək”.
Xatırladaq ki, 2011-ci ildə QHT-lərə Dövlət Dəstəyi Şurası 338 QHT-ni maliyyələşdirib. Bu QHT-lərə ümumilikdə 2 milyon 45 mindən çox vəsait ayrılıb.
Mail Ağaxanov