“Borçalılara “sürü” deyən bir şəxsi DAK-ın Gürcüstan nümayəndəsi təyin etməyiniz yolverilməzdir”
Modern.az xəbər verir ki, Gürcüstanda fəaliyyət göstərən bir qrup ictimai birlik və qeyri-hökümət təşkilatı Sabir Rüstəmxanlı və Firudun Pərvizniyanın rəhbəri olduğu Dünya Azərbaycanlıları Konqresinin aprelin 12-13-də Ukraynanın Donetsk şəhərində keçirdiyi qurultayla bağlı bəyanat yayıblar. Bəyanatda bildirilir ki, “Dünya Azərbaycanlıları Konqresindən (DAK) ayrılmış bir qrupun DAK adına Ukraynanın Doneçk şəhərində Qurultay keçirmiş və həmin tədbirə nümayəndə kimi Gürcüstanda yaşayan soydaşlarımızdan və təşkilat nümayəndələrindən heç kimi dəvət etməmiş, bu azmış kimi məsləhətləşmədən, İctimai birlik və QHT-lərin mövqeyini nəzərə almadan Azərbaycan vətəndaşı olan bir şəxsi DAK-ın Gürcüstan nümayəndəsi təyin etmişdir”.
Bəyanatda daha sonra deyilir: “Biz İctimai birlik və QHT rəhbərləri hörmətli Sabir Rüstəmxanlının bu qədər böyük səhvə yol verəcəyini gözləmirdik və buna çox təəsüflənirik. Borçalılara “sürü” deyərək onları təhqir edən bir Azərbaycan vətəndaşının DAK-ın Gürcüstan nümayəndəsi təyin edilməsi yolverilməz haldır. Bu Borçalılara, Gürcüstan türklərinə qarşı böyük hörmətsizlikdir.
Hörmətli Sabir bəyin diqqətinə çatdırmağı özümüzə borc bilirik ki, DAK-ın Gürcüstan nümayəndəsi Gürcüstanda fəaliyyət göstərən, Gürcüstan vətəndaşı olan və bütün cəmiyyət tərfindən qəbul edilən bir şəxs olmalıdır”.
Qeyd edək ki, qurultayda “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli sözügedən DAK-ın İdarə Heyətinin üzvü seçilib və Gürcüstan üzrə nümayəndəsi təyin edilib.
Sənədi aşağıdakı təşkilatlar imzalayıb:
Borçalı Milli Hərakatının (BMH) sədri İsmayıl Qacar,
“Gürcüstan Mənim Vətənimdir” Təşkilatının sədri Əli Babayev,
Gürcüstan Azərbaycanlı Jurnalistlər Federasiyasının (GAJF) sədri Niyazi Hüseynov,
Böyük Birlik Təşkilatının (BBT) başqanı Əsəd Əliyev,
Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının (GAMA) prezidenti Süleyman Əliyev,
Gürcüstan Türk Qadınlar Komitəsinin (GTQK) sədri Sara Səfixan,
Borçalı Gənc Türklər İttifaqının (BGTİ) başqanı Tamir Süleymanov,
Gürcüstan Gənc Azərbaycanlılar Assaosiyasiyası “Amal” sədri İsrail Məhərrəmov,
Borçalı Gənc Demokratlar Mərkəzinin (BGDM) sədri Rövnəq Şahverdili,
GAMA Gənclər İttifaqının sədri Şahin Bayramov,
Gürcüstan Türkləri Konfederasiyasının (GTK) prezidenti Daşqın Gülməmmədov.