Modern.az

Hansı nazirlik QHT-lərin sosial layihələrinə pul ayırır? - Araşdırma

Hansı nazirlik QHT-lərin sosial layihələrinə pul ayırır? - Araşdırma

Qarabağ

12 May 2012, 12:50

Azərbaycanda mərkəzi icra hakimiyyəto orqanları - nazirliklər, dövlət komitələri sosial layihələrin həyata keçrilməsi üçün müxtəlif QHT-lərə tender əsasında dəstək olur, vəsait ayırır. Bəzi məlumatlara görə, çox zaman dövlət qurumları özlərinə yaxın olan QHT-ləri seçir və vəsaiti onlara verməklə sosial layihələrinin həyata keçridiklərini ictimaiyyətə çatdırmaq istəyirlər.

Modern.az saytı bu məsələylə bağlı araşdırmaya başlayıb. Öncə iki dövlət qurumunun - Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin bu istiqamətdə gördüyü işləri, hansı QHT-lərin sosial layihələrinə dəstək olduqlarını və nə qədər vəsait ayırdıqlarını öyrənməyə çalışdıq.

“Gənclər və İdman Nazirliyi yeganə nazirlikdir ki, gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsinə məbləğ ayırır və hər il də bu layihələrin sayı və maliyyəsi artır” deyən nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib ki, 2011-ci ildə 57 gənclər təşkilatlarının 81 layihəsi maliyyələşdirilib.

“2011-ci ildə daha 10 gənclər təşkilatı Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və gənclər təşkilatlarının sayı 2020-yə çatıb. Bu il 57 gənclər təşkilatının 81 layihəsi maliyələşdirilib ki, bunun üçün də büdcədən 2 milyon manatdan artıq vəsait ayrılıb”.

S.Məmmədova 2012-ci ilin yanvar ayında yeni qrant müsabiqəsinin elan edildiyini və artıq gənclər təşkilatları tərəfindən layihələrin daxil olduğunu qeyd edib. “Hazırda həmin layihələrə baxılır. Mövzular da hər il müxtəlif olur. Burada vətənpərvərlikdən tutmuş, ekologiya, sosial mövzulara qədər 8-10 mövzu qoyulur və bunun əsasında həmin layihələr maliyyələşdirilir”.

Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, layihələr üçün ayrılan vəsait dövlət büdcəsindən nazirliyə verilən maliyyənin tərkibinə daxildir.

“Bundan əlavə, gənclərin asudə vaxtı uşaq evlərinə gedirik, onlarla görüşüb hədiyyələr veririk. Daha sonra problemi olan, sağlamlığı məhdud olan uşaqlarla da görüşlər həyata keçiririk, konsertlər təşkil edirik. Yəni bunlar da sosial işlər kimi nəzərdə tutulub”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asəf Əliyev bildirib ki, onlar da sosial layihələrinin həyata keçirilməsi üçün QHT-lərə vəsait ayırır.

“2012-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dəstəklənən layihələr var. İlkin olaraq, 5 layihə Qeyri-Hökümət Təşkilatlarına verilib və gələcəkdə belə layihələrin və bura cəlb ediləcək QHT-lərin sayı artırılacaq”.

A.Əliyev həmin beş layihənin hansı QHT-lərə verildiyini də açıqlayıb.

“Əlil Təşkilatları İttifaqı tərəfindən “Əlilliyi olan insanlar üçün bərabər imkanların yaradılmasına dair standart qaydaların hazırlanması” layihəsi,  Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi tərəfindən ”Əlil insanların əmək bazarına çıxışının asanlaşdırılmasına ictimai dəstək” layihəsi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası tərəfindən “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət sahəsində çalışan işçiləri üçün təlim” layihəsi, Milli Qeyri-Hökümət Təşkilatları Forumu tərəfindən “Əlillərin və sağlamlıq imkanları məhdud olan uşaqların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası” layihəsi, "Müstəqil Həyat" İnkişaf və Dəstək Mərkəzi İctimai Birliyi tərəfindən “Bərabər imkanlar, bərabər hüquqlar cəmiyəti: yaradıcılıq, idman və məşğulluq” layihələrinə dəstək vermişik”.

Bunun üçün büdcədən ayrılan vəsaitin məbləğinin dəqiq olmadığını deyən müsahibimiz qeyd edib ki, hər halda ayrılan məbləğ həmin layihələrin icrası üçün yetərli olacaq.

Bundan əlavə, Asəf Əliyev uşaqlara icma əsaslarla reabilitasiya xidmətlərinin göstərilməsi üçün bir neçə QHT-nin koalisiya şəklində birləşdiyi UAFA Qeyri-Hökümət Təşkilatı ilə nazirlik arasında müqavilə imzanlandığını vurğulayıb. O, bunun üçün dövlət büdcəsindən 195 min manatlıq vəsait ayrıldığını qeyd edib.

“Təkliflər verilib və onlar belə bir layihənin həyata keçirilməsi üçün Xaçmazda, Gəncədə və Bakıda uşaqlara icma əsaslı sosial reabilitasiya xidməti göstərəcəklər”.

A.Əliyev eyni zamanda nazirliyin tərkibində olan uşaq evləri, fiziki və əqli cəhətdən qüsurlu uşaqların olduğu internat evləri ilə bağlı sosial tədbirlər keçirdiklərini də vurğulayıb.

“Dövlətin bu sahəyə ayırdığı diqqət və qayğının nəticəsidir ki, nazirlik bu işləri icra edir. Xeyriyyə məqsədilə bayramlarda, əlamətdar günlərdə nazirliyin tərkibində olan internat evlərində, uşaq evləri, qocalar evlərində müxtəlif layihələr keçirilir”.

Sırada digər nazirliklər olacaq...

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu