İyunun 30-da Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) növbəti qurultayı keçiriləcək. Qurultayda Milli Şuraya yeni sədr seçilməsi məsələsi gündəmdədir. Hazırda Milli Şuranın sədrliyinə 3 namizəd var. Bunlar Mirhəsən Seyidov, Gülsel Səfərova və Şahin Seyidzadədir.
Bəs, Milli Şuraya üzv olan gənclər təşkilatları keçiriləcək qurultayla bağlı hansı düşüncədədirlər?
ARGTMŞ Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov iyunun 30-da keçiriləcək növbəti qurultayın nizamnaməyə uyğun olduğunu bildirib. Hazırda üç namizədin olduğunu deyən birlik sədri keçiriləcək seçkiləri yüksək qiymətləndirir:
“Hesab edirəm ki, seçkilər çox gərgin mübarizə şəklində keçəcək və demoratik olacaq. Hər 3 şəxs Milli Şuranın sədrliyinə layiqli namizəddir və Milli Şuraya üzv 71 gənclər təşkilatlarının hər biri öz səslərini layiqli namizədə verəcəklər”.
A.Xəlilov gənc namizədlərin şanslarının böyük olduğunu vurğulayıb. Onun sözlərinə görə, Milli Şuranın sədrliyinə hər üç namizəd layiqlidir.
O, eyni zamanda seçki prosesi ilə bağlı aparılan “qara piar” kampaniyasına da öz münasibətini bildirib: “Təbii ki, seçki prosesində hər bir vəziyyətə rast gəlmək olur. Onun müsbət tərəfi olduğu kimi, mənfi tərəfi də var. Amma Milli Şuranın fəaliyyətində yaxından iştirak etmiş şəxs kimi deyə bilərəm ki, qarayaxmaların hamısı əsassızdır. Hesab edirəm ki, bu Milli Şura tərəfindən, onun daxilində olmayan qüvvələrdən gələn “qara piar”dır və əsassız qarayaxmalardır. Bunu pisləyirəm”.
Azərbaycan Gənc Alim, Apsirant və Magistrlar Cəmiyyətinin rəhbəri İlqar Orucov Azərbaycan Respublikası Gənclər Təşkilatının Milli Şurasının Azərbaycanda yeganə gənclər platforması və Azərbaycan gənclərini, gənclər təşkilatlarını bütün Avropa məkanında təmsil edən yeganə qurum olduğunu bildirib: “Gənclər Təşkilatları Milli Şurası sıradan qurum deyil, bu gənclər təşkilartlarını özündə birləşdirən tam demokratik bir təşkilatdır. Milli Şuranın seçkilərinə start verilib və bununla bağlı Təşkilat Komitəsi də yaradılıb. Bizim təşkilat da şurada təmsil olunur.
Milli Şuranın seçkiləri həmişə digər seçkilərlə müqayisədə bir qədər aktiv mübarizə şəraitində keçib. Rəhbərliyə namizədlər verilib və onlar arasında sağlam seçki mübarizəsi gedəcək.
Qeyd edim ki, namizdəliyini irəli sürənləri yaxşı tanıyıram və hesab edirəm ki, hər üçü Milli Şuranın rəhbərliyinə layiqli namizədlərdir. Seçki günü ciddi mübarizə olacaq”.
Gənc Hüquqşunaslar Birliyinin sədri Elmari Məmişov belə bir qurumda seçkilər keçrilməsini, yeni insanların gəlməsini və dəyişikliklərin baş verməsini yaxşı hal kimi qiymətləndirib. O, gənclər təşkilatlarının seçki günü aktiv olub, layiqli namizəd seçəcəklərinə ümidvar olduğunu deyir: “Milli Şuranın gəncləşməsinə üstünlük verdiyim üçün hesab edirəm ki, gənclər qalib gəlsə daha yaxşı olar. Bunlara baxanda onların içərisində ən gənci Mirhəsəndir”.
Sağlam Gəncliyə Doğru Təşkilatının sədri Turqay Həsənəliyev bildirib ki, qurultay günü keçiriləcək seçkiləri yüksək qiymətləndirir. O, şəffaf seçkilər keçiriləcəyindən əmin olduğunu vurğulayıb. Onun sözlərinə görə, demokratik səsvermə yolu ilə sədr seçiləcək.
Seçkilərlə bağlı söylənilən mənfi fikirlərə gəlincə isə o bildirib ki, bu, “qara piar”dır və sözsüz ki, hər bir seçkilərdə mövcud olan bir şeydir.
”Onun qarşısını almaq mümkün deyil. Amma gərək seçicilər ayıq olsunlar və belə şeylərə fikir verməsinlər. Bütün namizədlərin fəaliyyəti göz önündədir və hər biri özünə görə gənclər sektorunda fəaliyyət göstərən insanlardır. Hamısı yetərincə çalışqan gənclərdir, hamısına uğurlar arzulayıram”.
ARGTMŞ mətbuat katibi Orxan Əli isə deyib ki, təşkilata qarşı aparılan çirkin oynların kimlər tərəfindən və hansı məqsədlə edildiyini bilirlər: “Biz onların səviyyəsinə düşüb cavab verməyəcəyik. Sədrimizin bir fikri var: böyür-başdan səs çıxaranlara fikir verməyin”.
Aytən ƏLİYEVA