Ermənistanın Dağlıq Qarabağda qurduğu separatçı rejimin "rəhbəri" Arayik Harutyunyanın Facebook səhifəsindən Qarabağ ermənilərinə müraciət yayımlanıb.
Modern.az-ın məlumatına görə, Arayik Harutyunyanın adından qondarma rejimin “prezident administrasiyası”nın İrəvan şəhərinə köçürüldüyü bildirilib.
"Bu müharibə vəziyyətində sizin sosial və inzibati xidmətiniz (sosial ödənişlər, sənəd qeydiyyat və digər xidmətlər) İrəvanda təşkil ediləcək. Bunun üçün qərargah yaradılıb və müvafiq əmr imzalamışam",-deyə Arayik Harutyunyan qeyd edib.
Onun sözlərinə görə, İrəvanda yaradılan operativ qərargaha Maykl Virabyan rəhbər təyin edilib. Arayik Harutyunyanın müraciətində İrəvandakı qərargahın ünvanı və telefon nömrəsi də qeyd edilib.
Beləliklə, qondarma rejimin “prezident administrasiyası”nın fəaliyyəti İrəvandan davam etdiriləcək.
Bu addım Arayik Harutyunyanın “rəhbəri” olduğu separatçı rejimin təşvişdə olduğunu və Azərbaycan Ordusunun yaxınlaşmasından ciddi şəkildə əndişələnərək aradan çıxdığını göstərir.
Yeri gəlmişkən, bu dəfəki müraciət zamanı da Arayikin həyatda olduğunu sübut edən hər hansı görüntü yerləşdirilməyib. Mümkündür ki, müraciəti onun adından başqası yayımlayıb.