İşğalçı Ermənistanla sentyabrın 27-sindən başlayan qanlı müharibənin 40-cı günü başa çatdı. Noyabrın 5-də də cəbhədə şiddətli döyüşlər davam etdi. Azərbaycan Ordusu Qarabağın dərinliklərinə doğru irəliləməkdədir.
Modern.az saytı Azərbaycan Müdafiə Nazirliyinin noyabrın 5-də yaydığı rəsmi məlumatların xülassəsini təqdim edir:
- Noyabrın 5-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
- Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.
- Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.
- Noyabrın 4-ü axşam saatlarından başlayaraq 5-i saat 04:50-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.
- Noyabrın 5-i səhər saatlarınadək Goranboy və Tərtər rayonlarının yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən fasilələrlə atəşə tutulub.
- Səhər saat 07:50-də Ağcabədi rayonun Qiyaməddinli kəndinə düşmən tərəfindən 4 ədəd mərmi atılıb.
- Erməni tərəfinin Xocavənd və Şuşanın Azərbaycan Ordusu tərəfindən yenidən atəşə tutulması ilə bağlı xəbəri tamamilə həqiqətə uyğun deyil.
Bir daha bildiririk ki, Azərbaycan Ordusu yaşayış məntəqələrini və mülki infrastrukturu atəşə tutmur.
- Noyabrın 5-i saat 14:40-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonun Səhləabad kəndini, eləcə də Ağdam rayonunun Hacıturallı və Əfətli kəndlərini artilleriya atəşinə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülüb.
- Ermənistan silahlı qüvvələrinin döyüş meydanında atıb qaçdığı və qənimət olaraq ələ keçirdiyimiz hərbi texnikaların videgörüntüsü yayılıb.
- Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilən kəndlərinin videogörüntüləri yayılıb.
- Cəbhənin Tərtər istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin hərbi infrastrukturuna ciddi ziyan vurulub.
- Düşmənə endirilən artilleriya zərbələri ilə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dağıdılıb.
- Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Ağdərə istiqamətində həyata keçirilən xüsusi əməliyyat nəticəsində Ermənistanın silahlı qüvvələrinə məxsus hərbi kolon pusquya salınaraq məhv edilib.
- Ağdərə-Papravənd marşrutu ilə hərəkət edən 1 komandir, 1 rabitə avtomobili, şəxsi heyət və sursatla dolu 2 ədəd “KamAz” maşını və qoşqusunda top olan 3 ədəd “Ural” maşını tamamilə məhv edilib.
- Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci artilleriya alayının batareyalarına atəşlə zərər vurulub. Nəticədə şəxsi heyət arasında ölən və yaralananlar var.
- Atəş zərbəsi ilə düşmənin xeyli sayda sursatı partladılıb, artilleriya qurğuları tam sıradan çıxarılıb.