Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyevin Dağlıq Qarabağdan yeni fotoları yayılıb.
Modern.az xəbər verir ki, bu fotolarda Əli Nağıyev Dağlıq Qarabağdakı Rusiya Sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradovla görüntülənib.
Məlumatlara görə, Əli Nağıyev işğaldan azad olunmuş Kəlbəcər və Laçın rayonlarında xidməti ezamiyyətdə olub. Bu səfər zamanı o, Rusiya sülhməramlılarına rəhbərlik edən general-leytenant Rüstəm Muradovla da görüşüb.
Xatırladaq ki, Əli Nağıyev Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunmuş Şuşa şəhərinin təhlükəsizliyinin gücləndirilməsi, şəhərdə hərbi və hüquq-mühafizə orqanları arasında koordinasiya işinin təşkili məqsədilə 19-20 noyabr tarixlərində Şuşaya xidməti səfəri etmişdi. Səfər çərçivəsində Ə.Nağıyev həmçinin Füzuli şəhəri və Hadrut qəsəbəsində DTX-nin yeni fəaliyyətə başlamış yerli şöbələrinin təchizat məsələləri və iş şəraiti ilə tanış olmuş, Müdafiə Nazirliyi və digər strukturların əməkdaşları ilə görüşlər keçirmiş, qarşıda duran birgə vəzifələr müzakirə olunmuşdu.
DTX rəisinin Rusiya Sülhməramlı kontingentinin rəhbərilə görüşüb, vəziyyətlə bağlı müzakirə aparması o deməkdir ki, Azərbaycanın dövlət rəsmiləri Dağlıq Qarabağda baş verənləri ciddi şəkildə izləyir, yeri gələndə prosesə müdaxilə edirlər.