Modern.az

Şəhid ailələri hansı problemlərlə üzləşirlər?

Şəhid ailələri hansı problemlərlə üzləşirlər?

6 Avqust 2012, 14:12

“Şəhid ailələrinə maddi və mənəvi dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Şəhid Ailələrinin Sosial Problemlərinin Həllinə ictimai dəstək” layihəsinin yekunlarına dair tədbir keçirib. Modern.az-ın məlumatına görə, tədbirdə çıxış edən layihə rəhbəri Nəzakət Həsənova bildirib ki, 4 ay həyata keçirilən layihə zamanı şəhid ailələrinin sosial problemləri öyrənilib:

“Layihə çərçivəsində şəhid ailələrinin üzləşdikləri sosial problemləri müəyyən olunub. İctimai Birliyimizə daxil olan müraciətlərə və apardığımız araşdırmalara əsasən onu qeyd edə bilərik ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna əsasən şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması, şəhid ailələrinə dövlət tərəfindən verilən torpaq sahələri ilə bağlı müddəalar olsa da bəzi hallarda şəhid ailələri bu imkanlardan yararlana bilmir. Layihə çərçivəsində Bakı və Quba şəhərlərində o cümlədən İsmayıllı rayonundan olan 300 şəhid ailəsi arasında sosioloji sorğu keçirilib. Sorğu zamanı müəyyən olunub ki, bu gün şəhid ailələrinin üzləşdiyi ən ciddi sosial problem kommunal xərclərlə bağlıdır. Belə ki, şəhid ailələri ilə bağlı hökumət tərəfindən davamlı addımlar atılmasına baxmayaraq şəhid ailələrinə daha öncələr tətbiq edilən güzəştlərin olmaması kommunal xərclərin ödənilməməsində problemlərin yaranmasına gətirib çıxarır. Şəhid ailələrinin bir çoxu qeyd edir ki, kommunal xərclərin ödənilməsi ailə büdcəsində müəyyən güzəştlərin olması vacibdir. Eyni zamanda keçirilən sorğu zamanı o da müəyyən olunub ki, şəhid ailələrinin üzləşdiyi digər sosial problem məşğulluqla bağlıdır. Bu gün bir çox şəhid övladlarının, yaxınlarının işlə təmin olunmasında ciddi problemlər var”.

N.Həsənova onu da qeyd edib ki, layihə çərçivəsində 1000 ədəd buklet çap olunaraq Bakıda eləcə də sorğu keçirilən regionlarda paylanılıb. Bununla yanaşı layihə çərçivəsində şəhid ailələri ilə bağlı qanunverici bazanı özündə əks etdirən broşuraların çap olunduğunu bildirən N.Həsənova sonda onu da qeyd edib ki, layihə çərçivəsində İsmayıllı rayonu və Quba şəhərində icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, QHT-lərin, KİV nümayəndələrinin, o cümlədən geniş ictimaiyyətin iştirakı ilə dəyirmi masa keçirilib. Müəyyən olunan problemlərin həlli istiqamətində aidiyyatı dövlət qurumlarına müraciət olunub.

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu