Modern.az

Qarabağdakı Qızılbulaq və Dəmirli qızıl yataqlarının taleyi necə olacaq?

Qarabağdakı Qızılbulaq və Dəmirli qızıl yataqlarının taleyi necə olacaq?

Qarabağ

29 Yanvar 2021, 16:06

44 günlük Vətən müharibəsi Azərbaycanın inamlı qələbəsi ilə başa çatdı. Düşmənin 30 ilə yaxın işğal altında saxladığı torpaqları azad edən Ordumuz ölkənin hərbi-siyasi nüfuzunu yüksəltməklə yanaşı, gələcək iqtisadi inkişafımız üçün də təkan vermiş oldu.


Dağlıq Qarabağ və ətraf rayonların kənd təsərrüfatı üçün əlverişli olması ilə yanaşı, zəngin yeraltı sərvətləri də heç kəsə sirr deyil. 

 

Modern.az xatırladır ki, işğal altındakı torplaqlarda mövcud olan 3 qızıl yatağı uzun illər Qarabağ separatçılarının və Ermənistan hakimiyyətinin varlanma mənbəyi olub.

Kəlbəcər rayonu ərazisində yerləşən Zod, keçmiş Ağdərə rayonu ərazisindəki Qızılbulaq və Zəngilan rayonundakı Vejnəli qızıl yataqları hər il ermənilərə on milyonlarla dollar qanunsuz qazanc gətirirdi.

 

Həmin qızıl yataqlarının istismarı ilə bağlı sertifikat hələ 1997-ci ildə Azərbaycan hökuməti tərəfindən Anglo-Asian Mining şirkətinə verilmişdi. ABŞ-ın Delaver ştatında qeydiyyatdan keçən şirkət dağ-mədən sənayesi sahəsində böyük təcrübəyə malikdir.

Şirkət 2020-ci il oktyabrın 27-də Zəngilanın Vejnəli qızıl yatağı ilə bağlı yaydığı press-relizdə “Təhlükəsizlik təmin olunan kimi şirkət dərhal işə başlayacaq”- deyə açıqlama vermişdi.

Vejnəli və Zod yataqları ilə yanaşı, sülhməramlı kontingentin nəzarəti altında qalan Qızılbulaq yatağının istismarı barədə lisenziya da Azərbaycan hökuməti tərəfindən Anglo-Asian Mining şirkətinə verilib.

 

2020-ci ilə qədər Qızılbulaq (Drmbon) və Dəmirli (Kaşen) qızıl yataqları Base Metals şirkəti tərəfindən istismar olunurdu. Şirkət təkcə 2019-cu ildə Qarabağdakı qondarma rejimə 38,5 milyon dollar vergi ödəmişdi. Rejimin ixracının 60%-i, ümumi gəlirlərinin 32%-i məhz bu şirkət tərəfindən təmin olunurdu.

Base Metals Vallex Group holdinqinin tərkib hissəsidir. Bu holdinq 2017-ci ildə Vardenis-Ağdərə yolunun tikintisini maliyyələşdirmişdi.

 

Vallex Group-dan Eurasianet saytına verilən açıqlamada bir-birindən 15 kilometr uzaqlıqda yerləşən Qızılbulaq və Dəmirli yataqlarının Qarabağ döyüşlərindən sonra istismarının dayandırıldığını açıqlayıb. Yerevandakı mənbələr yataqların sülhməramlı missiyanın nəzarət etdiyi hissədə qaldığını açıqlasa da, həmin mədənlərin istismarı üçün vacib olan nasos stansiyalarının Azərbaycan Ordusunun nəzarətinə keçdiyi vurğulanmışdı. Yeni nasos stansiyalarının inşasının isə uzun illər və böyük maliyyə vəsaiti tələb etdiyi vurğulanır.

 

Azərbaycan Baş Prokurorluğu Vallex və Base Metals şirkətlərinin 2009-2017-ci illərdə Qızılbulaq yatağını amansız istismarı nəticəsində 178 milyon dollar qazandığını sübuta yetirmişdi. Base Metals-ın sahibi Rusiya vətəndaşı Valeri Meclumyandır.


Anglo-Asian Mining şirkətinin 21 yanvarda yaydığı açıqlamada isə yataqların Azərbaycana qaytarıldığı, lakin rusiyalı sülhməramlıların yerləşdiyi ərazidə olduğunu açıqlayıb. Şirkət yatağın yenidən istismar olunması imkanının “Dağlıq Qarabağın yekun statusunun həllindən” asılı olacağını bildirib.

 

 

 

 

 

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi