Əmirvanda adi, sakit qış günü idi. Kənd sakinlərinin bəziləri həmişə olduğu kimi təsərrüfat işləri ilə məşğul olur, digərləri isə meydan deyilən əraziyə toplaşıb gündəlik məsələləri müzakirə edirdilər. Amma bir ailədə həyəcan hakim idi. Seyidovlar ailəsi körpə gözləyirdi, onun sağ-salamat doğulması üçün dua edirdilər.
Oğlan uşağının dünyaya gəlməsi ailəni sevindirdi. Novruz kişi oğul sonbeşiyinə aktiv, diqqətli, səxavətli mənasını verən Asif adını qoydu. Ailədə qardaş-bacıları tərəfindən çox sevilən Asif məktəb yaşına çatanda atası əlindən tutub Əmirxan müəllimin yanına gətirdi, birinci sinfə yazdırdı.
Asif orta məktəbdə çalışqanlığı ilə seçildi, həmişə müəllimləri onu fəallığına görə təriflədi. Mənim üçün xoşdur ki, Asif yuxarı sinifdə oxuyarkən onun müəllimi oldum.
O, yaddaşımda tərbiyyəli, səmimi, dərslərinə hazırlıqlı, böyük-kiçik yeri bilən, aktiv şagird kimi qaldı.
Yaxşı futbol oynamağı vardı. O vaxtlar ümumittifaq miqyasında yeniyetimələr arasında futbol üzrə “Dəri top” turniri keçirilirdi. Əmirvan kənd orta məktəbinin şagirdləri yarışa ciddi hazırlaşmışdı. Komanda Qəbələ rayonunda keçirilən yarışda birinci yeri tutdu və zona yarışına qatıldı. Onun ən fəal üzvlərindən biri Asif idi, rəqib komandaların qapısından keçirdiyi toplar qələbədə böyük rol oynamışdı.
Qeyd edim ki, Göyçay şəhərində keçirilən zona yarışında da növbəti mərhələyə çıxmaq üçün komandanın şansı vardı. Həmin vaxt mən də Göyçayda idim və oyunları yaxından izləyirdim. Son qarşılaşmadakı məğlubiyyət qrupda birinci yeri tutmaq şansımızın üstündən xətt çəkdi. Oyundan sonra Asifin üzündə kədər vardı, çünki qalib gəlmək üçün çox zəhmət çəkmiş, qol vəziyyətləri yaratmış, amma komandası məğlub olmuşdu. Onun canında qalib gəlmək yanğısı vardı.
Asif orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) təhsil almaq istəyirdi. Amma müəyyən səbəblərdən arzusu reallaşmadı, sonra hərbi xidmətdə oldu. Hərbi xidmətdən qayıtdıqdan sonra isə təhsilini davam etdirmədi, halbuki savadı vardı, ən azı texnikumların birinə daxil ola bilərdi.
Azərbaycan Ordusuna könüllü yazıldı
Dağlıq Qarabağ münaqişəsi başlayanda Asif Seyidov kənarda qalmadı, könüllü olaraq Azərbaycan Ordusuna yazıldı, döyüşlərdə iştirak etdi.
Döyüş yoldaşı Kazım Bayramov bu barədə deyir: “1992-ci ilin avqust ayının 17-də Qəbələ könüllüləri Bakıya gətirildi. Onların arasında mən və Asif də vardı. Sonra bizi hərbi hazırlıq keçmək məqsədilə Salyana, Astaraya apardılar. Astaradakı 3 günlük hazırlıqdan sonra Ağdam rayonuna gəldik və artıq sentyabrdan Azərbaycan torpaqlarının erməni quldurlarından müdafiəsində iştirak edirdik. Halbuki, bir neçə ay əvvəl rayonda hücum edən tərəf biz idik.
1992-ci ilin iyun ayında Dağlıq Qarabağ kəndlərinin erməni işğalçılardan azad edilməsi istiqamətində həyata keçirilmiş böyük hərbi əliyyatlar nəticəsində bir çox kənd düşməndən təmizlənmişdi. Lakin bu qələbələrə baxmayaraq, ordumuzda müəyyən fikir ayrılığı yarandı. Bu isə Ağdamda döyüşçülərin əhval-ruhiyyəsinə mənfi təsir göstərdi. Düşmən yenidən qruplaşdı, döyşlərə yeni qüvvələr cəlb etdilər ki, bunlar da Ağdam rayonu üçün təhlükə yaratdı. İlk döyüşümüz Abdal-Gülablı kəndində oldu. Bizi yerli özünümüdafiə dəstəsinə kəmək məqsədilə göndərdilər. Ermənilər böyük qüvvə və texnika ilə kəndə şiddətli hücuma başladılar. Qeyri-bərabər döyüşdə geri çəkilmək məcburiyyətində qaldıq. 1992-ci il sentyabrın 3-dən 4-nə keçən gecə ermənilər Abdal-Gülablının işğal etdilər.
Asif Seyidovla Sırxavənd, Mərzili kəndlərində olduq, Qozlu və Vəng istiqamətində döyüşlərdə iştirak etdik. Bu döyüşlərdə düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edildi. Vəng istiqamətində bir sıra adsız yüksəkliklər azad edildi. Sonra bizim taboru sentyabrın ortalarında Laçına göndərdilər. Laçındakı hərbi hissələrin qarşısında Laçının rayon mərkəzi də daxil olmaqla digər kəndləri azad edib, Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinə çıxmaq və yolu bağlamaq tapşırığı qoyulmuşdu. Asifin də sıralarlnda döyüşdüyü hərbi hissə Laçin alayıyla, daxili qoşunlarla və başqa hərbi hissələrlə birgə bir çox uğurlu əməliyyatlar həyata keçirdi”.
“Bir an gülləyə, mərmi qəlpələrinə tuş gələcəyimdən qoruxdum”
Asif Seyidov Laçında Hoçaz yüksəkliyinin azad olunması uğurunda gedən döyüşlərdə iştirak etdi. Ərazinin çox çətin relyefi vardı, dağlıq-qayalıq olduğundan hərbi texnikadan istifadəni çətinləşdirsə də, oktyabrın 2-də həyata keçirilən əməliyyat uğurlu oldu. Günorta artilleriyamız verilən koordinatlara uyğun olaraq düşmən mövqeylərinə güclü zərbələr endirdi.
Kazım Bayramov: “Döyüşdən bir gün əvvəl, qaranlıqda hərəkət edərək çıxış nöqtəsində yerləşdik. Digər hərbi hissələr də onlara tapşırılan ərazilərdə möhkəmləndilər. Hücum əmri gözləyirdik, amma əmr geçikirdi. Nəhayət ki, oktyabrın 2-də, saat 13:00-da hücum əmri verildi. Gün ərzində ağır döyüşlər getdi. Əvvəlcə atışmanın səsi, mərmilərin partlayışı qışqırtılar bir-birinə qarışdı. Topçularımızın düşmənin sursat anbarını vurması nəticəsində güclü partlayış oldu. Bir an gülləyə, mərmi qəlpələrinə tuş gələcəyimdən qoruxdum. Asif yanımda idi, diqqətlə irəli baxır, düşmənə atəş açırdı. Onun sakitliyi, məni rahatladı, özümü toparladım, qorxu hissini tamamilə unutdum.
Döyüş dostlarımla irəli, düşmən postlarına doğru hücuma keçdik. Qaçırdılar, qaçanlar isə “karyer” deyilən ərazidə məhv edildi”.
“O yer strateji cəhətdən çox önəmli idi”
“Ermənilər yalnız bir istiqamətdə müqavimət göstərə bildilər. Bir saata yaxın davam edən atışmadan sonra onlar da postu atıb sağ qalmaq üçün özlərini dərəyə saldılar. Sonra ətraf kəndlər də düşməndən təmizləndi”,- həmin döyüşdə tabor komandiri olmuş Cingiz Əliyev deyib.
Hocaz dağı azad edildikdən sonra düşmənin əks-hücumunun qarşısını almaq üçün mövqeylər möhkəmləndirildi.
Kazım Bayramov: “Döyüşçülərimizin qəhrəımanlığı, Vətən sevgisi, əzmkarlığı sayəsində bütün çətinliklərə baxmayaraq Hoçaz kəndini və Hoçaz yüksəkliyini erməni işğalından azad etdik. Bu yer strateji cəhətdən çox önəmli idi, düşmənin istənilən hərəkətini izləyə bilirdik, bu bizə çox üstünlüklər verirdi. Döyüşdə, qələbədə Asiflə mənim də az da olsa payımız vardı. Biz təkcə ermənilərə qarşı deyil, həm də rus ordusuna qarşı döyüşürdük. Bunu ələ keçirdiyimiz su qablarının üzərində rus adlarının yazılması təsdiq edirdi. Belə bir strateji yüksəklik qısa zaman çərçivəsində aldıq”.
Cingiz Əliyevin bildirdiyinə görə, əməliyyat ərəfəsində düşmənin Hocaz yüksəkliyində 200 nəfərdən artıq canlı qüvvəsi, 3 tankı və 4 PDM-i olub. Yüksəklik azad ediləndə düşməndən qənimət kimi 3 tank, 4 PDM, 2 ədəd 120 millimetrlik minaatan, 4 ədəd ZU-23-2 zenit qurğusu və çoxlu sayda atıcı silah ələ keçirilib. Hoçaz döyüşündə 100-dən çox erməni əsgəri öldürüldü.
“Biz əsgərik, verilən əmrə də tabe olduq”
Ordumuz uğurlu döyüş əməliyyatları nəticəsində Asifgil şimal tərəfdən Laçın şəhərinə yaxınlaşdı, arada cəmi bir kilometr məsafə vardı. Cənub istiqamətində də ordumuz Laçın şəhərinə 3 kilometr yaxınlaşmışdı. Artıq Laçının tezliklə Azərbaycan Ordusunun nəzarətinə keçəcəyinə tam əminlik yaranmışdı. Asif və Kazımgil Laçın şəhərinin azad olunması üçün hücuma keçmək əmrini gözləyir və döyüşə hazırlaşırdılar. Kəşfiyyatın verdiyi məlumata görə, şəhərdə az sayda erməni qüvvəsi -cəmi bir qarnizonu qalmışdı. Beləliklə, Laçını qısa vaxtda azad edəcəyimizə mane olacaq ciddi səbəb də yox idi. Əsgərlərimiz döyüş əhval-ruhiyyəsində idi. O vaxtkı siyasi qurumlar bundan səmərəli bəhrələnə bilmədilər. Əksinə, üstün mövqeyimiz onların səhvləri nəticəsində az qala ağır məğlubiyyətə çevriləcəkdi.
Kazım Bayramov deyi: “Döyüşə tam hazır idik, silah və sursatımızı götürərək hücum əmr gözləyirdik. Ciddi nizam-intizam vardı, Laçın şəhərinin, dəhlizin nəzarətimizə keçəcəcəyinə əsgərlər arasında böyük inam vardı. Zabitlərimizin də əhvali-ruhiyyəsi yüksək idi, əsgərlərinin önündə döyüşə can atırdılar. Amma hücum əmri verilmədi, Bizə məlum olmayan səbəblərdən hücum dayandırıldı. Gözləmirdik, hansı səbəbdən belə bir əmr verildiyini anlamadıq. Biz əsgərik, verilən əmrə də tabe olduq”.
Cingiz Əliyevin sözlərinə görə, şimal qrupuna məxsus artileriya qurğuları və tankları mövqelərini tərk etmək haqqında əmr alıb. Bunun da nəticəsi çox ağır oldu. Şəriştəsiz rəhbərliyin səhvi ucbatından Laçın yenidən əldən çıxdı.
Erməniləri ağır məğlubiyyətdən onların hiyləgərliyi xilas etdi
Bəs səbəb nə idi? Həmin dövrdə həm şimal, həm də cənub istiqamətlərində Laçın ətrafı kəndlərin əksəriyyəti döyüşçülərimizin nəzarəti altında idi. İşğal olunmuş torpaqların yavaş-yavaş geri qaytarılması erməniləri narahat edirdi. Laçın rayonunun nəzarətimizə keçməsi düşmən tərəfinin ağır məğlubiyyəti, müharibənin sona yaxınlaşmasına səbəb olacaqdı. Ermənistanı isə ağır məğlubiyyətdən onların hiyləgərliyi xilas etdi. Düşmənin xahişi ilə yüksək səviyyədə atəşkəs haqqında məsələ müzakirə olundu. Çox təəssüf ki, o vaxtkı gənc, təcrübəsiz diplomatiyamız aldadıldı. Tərəflər atəşkəs öhdəliyi götürdü ki, bu da ermənilərə qüvvələrini yenidən təşkil etməyə, hərbi bölmələrini komplektləşdirməyə, cəbhə bölgələrinə əlavə qüvvələr gətirməsinə imkan yaratdı. Ermənistan Gorus rayonundan Laçın istiqamətinə xeyli sayda zirehli texnika, o cümlədən 60 tank yerləşdirdi. 15 erməni tankı isə Laçın şəhərinin içərisində keşik çəkirdi.
Kazim Bayramov deyir ki, əsgərlərimiz həmin vaxtlar gözləmə mövqeyi tutmuşdu, döyüşlərdə iştirak etmirdi.
“Asiflə oturub məktəb illərimizi xatırlayır, müharibə başa çatdıqdan sonra görəcəyimiz işlərdən danışırdıq. Asifin arzusu ali təhsil almaq, mənimki isə kəndə qayıtdıqdan sonra evlənib ailə qurmaq, heyvandarlıqla məşğul olmaq idi. Mənə deyərdi: “Kazım sən hündürboysan, özünü qoru, düşmən gülləsinə daha tez tuş gələ bilərsən”. Gülərdim, zarafata salıb – “məndən narahat olma, düşmən gülləsinə tuş gəlmərəm” deyirdim. Bir neçə gündən sonra döyüşlər yenidən başladı, döyüş zamanı insan hər şeyi unudur, ölüm haqqında fikirləşmək heç yada düşmür”.
Asif yaralı əsgəri xilas etdi
Laçın-Şuşa yolu uğurunda aparılan döyüşlər təhlükəli xarakter alırdı. Ermənilər oktyabrın 9-da yenidən qruplaşaraq əks-həmlələrə başladılar. Nəticədə Qubadlı - Laçın istiqamətində bir çox yaşayış məntəqələrimiz, yüksəkliklər erməni ordusu tərəfindən işğal edildi. Lakin oktyabrın 11-də cənub istiqamətində düşmənin hücumunun qarşısı alındı, bir neçə kənd erməni işğalçılarından təmizləndi. Bu cinahdakı döyüşçülərimiz yenidən Laçın rayon mərkəzinin 14 - 16 kilometrliyinə qədər irəliləməyə nail oldular. Fasiləsiz olaraq döyüş meydanlarında biri - birini əvəz edən döyüşçülərimiz daha bundan artıq irəli gedə bilmədilər. Halbuki, atəşkəsdən əvvəl Laçın şəhərinə cənub tərəfdən 3 km məsafə qalmışdı. Cəmi 3 km, indi isə Laçın şəhərindən14-16 km məsafədə idi hərbiçilərimiz. Budur erməni hiyləgərliyinin nəticəsi-dəfələrlə aldandıq, amma nəticə çıxarmadıq. Sonu da…
Şimal qrupumuz da hücuma məruz qaldı. Ermənistanın Xənəzək və Xoznavar yaşayış məntəqələrindən cinah zərbələri endirilirdi. Bunun da nəticəsində Laçın şəhəri əirafındakı mövqelərini tərk edən döyüşçülərimiz geriyə çəkilərərək Laçının 8-10 kilometrliyində Hoçaz və Tığik kəndlərində özlərinə mövqe tutdular.
Ermənilər Hocaz dağını işğal etmək üçün bir neçə dəfə cəhd etdi. Oktyabrın 7-də Asif və döyüş dostları ermənilərin birinci hücumunu dəf edəndən sonra onlar bir tank, 1 BMP-ni qoyub qaçdılar.
Asifgil bir gün sonra dağ və ətrafındakı təpəliklərdə əlavə səngərlər qazdılar, kömək məqsədilə əlavə qüvvə göndərildi, dağa xeyli silah- sursat gətirildi. Asifgilin taboru (701-ci briqadanın tərkibində) qarşıdakı döyüşlərə ciddi hazırlaşırdılar. O, dəfələrlə kəşfiyyata da getdi, düşmənin yerinin təyin olunmasında qəhrəmanlıq göstərdi. Bu məlumatlar düşmənin hücumunun vaxtında qarşısının alınmasında önəmli rol oynadı. Bir dəfə kəşfiyyat dəstəsilə ermənilərin mövqeylərimizə yaxın ərazidə səngər qazdığını, həmin əraziyə canlı qüvvə və texnika yığdığını aşkar etdilər və bu barədə komandanlığa məlumat verdilər. Kordinata uyğun olaraq düşmən səngəri artilleriya atəşinə tutuldu və hücumun qarşısı alındı.
Oktyabrın 9-da düşmən tərəfi texnikanın köməyi ilə yenidən hücuma keçdilər. Gecə Asif yuxu görmüşdü və bu barədə Kazıma da danışdı: “Qəribə yuxu gördüm. Anam əllərinin qaldırıb dua edirdi, səsi isə çox zəif gəlirdi, nə dediklərini başa düşmədim”.
“Anan sənin üçün dua edirmiş. Yəqin ki, “oğlum sağ-salamat qayıtsın, Allah onu və əsgərlərimizi qorusun”-deyirmiş. Qarsdaşın Tofiqin də toyu olacaq, anan səni də toyda görmək istəyir. Bunun üçün də dua edirmiş”,- Kazım Asifə deyir.
Ermənilərin dağın alt hissəsində olan 701-in qüvvələrinin mövqelərini minaatanlardan, atıcı silahlardan atəşə tutması onların söhbətini yarımçıq kəsdi. Asifgil döyüş mövqeyi tutdular. Güllələr yağış kimi yağırdı.
Kazim Bayramov: “Bu qeyri-bərabər döyüşün son döyüşümüz olacağını fikirləşdim. Asifə tərəf çevrilib dedim: “Anan sənin üçün dua edib, bu dua səni döyüşdən sağ çıxaracaq, amma mənim sağ çıxacağım bir Allaha qalıb”.
Güldü. Üzündən nur yağırdı Asifin. Bu gün də o nurlu simanı unuda bilmirəm. Dediyi sözlər də yaddaşımə həkk olunub: “Qoruxma! Anam hər ikimiz üçün dua edib, döyüşdən sağ çıxacağıq””.
Güclü mərmi yağışı və gülləbarandan sonra həmin ərazidə olan qüvvələrimiz geri çəkilmək məcburiyyətində qaldılar. Düşmən irəliləyir, texnikası digər mövqeylərimizi də mərmi atəşinə tuturdu. Yaralanan vardı. Əsgərlərdən biri qolundan və ayağından yaralanmışdı, düşmən həmin ərazini atəş altında saxladığından ona yaxınlaşmaq olmurdu. Asif həyatını təhlükə altında qoyaraq yaralıya doğru sürünməyə başladı. Xoşbəxtlikdən sağ-salamat ona yaxınlaşa bildi. İlkin yardım göstərdikdən sonra yaralı əsgəri döyüş meydanından çıxarmaq cəhdi ərazinin fasiləsiz atəşə tutulması nəticəsində mümkün olmadı. Vaxt gedirdi, yaralının vəziyyəti isə pisləşirdi. Onun xilas olması bizim artilleriyanın düşmən mövqeylərini atəşə tutması nəticəsində mümkün oldu. Asif yaralını belinə mindirərək, daşlı-qayalı, dərə-təpəli yollardan keçirərək sanitar maşınına çatdıra bildi.
Qəfil hücumdan ermənilər özlərini itirdilər
Oktyabrın 11 və 13-də lokal döyüşlər oldu, vəziyyətə bizim hərbi hissələr nəzarət etdirdi. Həmin vaxtlar Asif kəşfiyyat qrupunun tərkibində düşmən barəsində məlumat toplamaq tapşırığı aldı. Onlar qaranlıqdan istifadə edərək düşmən arxasına keçdilər. Kifayət qədər məlumat toplayan qrup geri qaydarkən səngər qazan bir qrup düşmən əsgəri ilə qarşılaşdı. Düşmən bizi gözləmirdi, qəfil hücumdan ermənilər özlərini itirdi, təşviş içindəydilər, döyüş ruhları tamamilə ölmüşdü, özlərinə gələnədək xeyli itgi verdilər. Sağ qalanlar isə qaçaraq aradan çıxdılar. Aralarında yaralılar da vardı”.
Ordumuz geniş bir əraziyə nəzarət edirdi
Mövqelərimizə növbəti hücumu oktyabrın 17-18-də başladı. Ermənistandan havaya qalxan 2 qırıcı təyyarə və 4 helikopter mövqelərimizə atəş açdıqdan sonra 200-dək əsgər, 8 tank və 2 PDM-in atəş dəstəyi ilə hücuma keçdilər. Dağlıq ərazidə əvvəlcədən əlverişli mövqe seçildiyindən ermənilərin hava zərbələrindən zərər çəkən olmadı. Bu dəfə də hücumun bir nəticə vermədiyini görən düşmən 2 tankını və 15 nəfər canlı qüvvəsini itirərək geri çəkilmək məcburiyyətində qaldı. Asif bu döyüşlərdə mənəvi-psixoloji, fiziki dözümlülük, rəşadət, şücaət və qəhramanlıq nümayış etdirdi. Bütün döyüş əməliyyatlarında ən gərgin nöqtələrdə düşmənə qarşı igidliklə vuruşdu, öz imkan və qabiliyyətləri çərçivəsində vəzifələrini mətanətlə, ləyaqətlə, vicdanla yerinə yetirdı.
Onun və döyüş dostlarının sayəsində Hoçaz istiqamətində mövqelərimizə hücumların qarşısı alındı, hər dəfə düşmən geri oturuldu, mövqeylərimiz qorundu, ordumuz geniş bir əraziyə nəzarət etdi. Bu, Kəlbəcər rayonunun işğalınadək davam etdi.
“Qılınçlı kəndində mühasirəyə düşdük”
1993-cü ilin fevralında Ağdərə rayonunun böyük bir hissəsinin işgal olunması Kəlbəcərə gedən yolların bağlanmasına və rayonun blokadaya alınmasına səbəb oldu. Düşmən martın 26-da Kəlbəcəri işğal etmək üçün 6 alaydan ibarət olan qüvvə ilə 6 istiqamətdən - Ağdərədən 3, Laçından 1, Ermənistan-Azərbaycan dövlət sərhədindən 2 istiqamətdən hücuma keçdi. Ermənistan-Azərbaycan dövlət sərhədindən edilən hücum onu sübut etdi ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı genişmiqyaslı işğal siyasətini həyata keçirən Ermənistandır və söhbət yalnız Dağlıq Qarabağın işğalından getmir.
Ölkə rəhbərliyi Kəlbəcərlə bağlı düşmənin işğal planının ciddi xarakter daşıdığını, rayon əhalisinin soyqırıma məruz qalma ehtimalının artdığını, həmçinin buradakı müdafiə qüvvələrimizin yox dərəcəsində olduğunu və bu səbəblər üzündən Kəlbəcərin işğalının, növbəti soyqırım hadisəsinin qaçılmaz olduğunu anlayaraq, yerli əhalinin ehtimal olunan təxliyə planının hazırlanmasına göstəriş verdi.
Ölkə rəhbərinin 1993-cü il martın 30-da "Kəlbəcər rayonunun əhalisinin təxliyyə edilməsi haqqında" fərmanına uyğun olaraq Kəlbəcər əhalisinin təxliyəsinə başlanıldı. Təşviş içində olan mülki əhali rayon mərkəzindən helikopter və maşınlar vasitəsilə, eləcə də əsas hissəsi Murova doğru dağ yollarındakı cığırlarla rayonu tərk edirdi. Martın 30-dan 31-nə keçən gecə müdafiə naziri Dadaş Rzayevin əmri ilə 701-ci briqada Laçının müdafiəsini dayandırıb, oradakı bölmələri Kəlbəcərə yönəltdi. 4-cü taborun komandirinə 100 nəfərlik şəxsi heyətlə birlikdə Laçındakı döyüşlərdən çıxaraq, təcili Kəlbəcərə gəlmək əmri verildi. Həmin vaxt hərbi hissənin bir hissəsi Kəlbəcərdə döyüşlərdə iştirak edirdi.
Martın 31-də taborun döyüşçüləri Laçının sıldırımlı keçidlərini çox çətinliklə aşaraq Kəlbəcərə gəlib briqada komandirinin sərəncamına keçdi.
“Laçındakı mövqeylərimizi tərk etdik, aparıla bilmədiyimiz silah və sursatı məhv etdik, torpaq yolla, dağ yolu ilə Kəlbəcərə gəldik. Çox yorulsaq da, döyüşlərə qatıldıq, dinc sakinləri qırğından qoruduq. Sonradan Kəlbəcərə doğru geri çəkilmək məcburiyyətində qaldıq. Döyüşə-döyüşə Kəlbəcər rayonunun Qılınçlı kəndinə çatdıq və burada mühasirəyə düşdük. Kənd Tərtər çayının sahilində, sıldırım qayalıq üstündə idi” ,- Kazım Bayramov deyir.
“Asifi göz yaşları içində təpəlikdə dəfn etdim”
1993-cü ilin aprelin 1-də mühasirədə olan Laçın rayonundan çıxmış 701-ci Briqadanın 4-cü taboru tərkibində 100 nəfər əsgər mühasirəni yarmaq üçün ağır döyüşlər apardı. Gərgin döyüşlərdə Milli Ordumuzun əsgər və zabitləri qəhrəmanlıqla vuruşaraq, sayca dəfələrlə çox olan düşmən qüvvələrinə mətanətlə sinə gərdilər. 701-ci briqadanın bölmələri 7 şəhid 12 nəfər yaralı verdi.
Bu barədə Kazım Bayramov deyir:
“Əsgərlər mərdliklə vürüşürdular, nizamlı düşmənə qarşı döyüşürdülər. Ağır döyüşlərdən sonra mühasirəni yara bildik, təpəlik yer vardı, ora doğru çəkildik. Bizim dəstədən aprelin 2-də 4 nəfər şəhid olmuşdu, onların da ikisi Qəbələ rayonundan idi. Ağır yaralanmış Asif qollarım arasında dünyasını dəyişdi - mənim nə yaşadığımı bir Allah bilir – göz yaşları içində təpəlikdə dəfn etdim Asifi, qardaşımı. Bir yerdə böyümüşdük, bir yerdə məktəbə getmişdik, bir yerdə təlimlərə qatılmışdıq, eyni döyüşlərdə iştirak etmişdik, eyni kazarmada yatırdıq. Asiflə döyüşlərin ən çətin anlarında bir-birimizə ürək-dirək vermişdik, doğmalaşmış, ən yaxın dost olmuşduq. Son tikəni də bölüşürdük, arzularımız vardı, onun arzuları yarımçıq qaldı. Mənim üçün bunları danışmaq çox ağırdı, o günləri xatırladıqca göz yaşlarımı saxlaya bilmirəm. Asif kimi yüzlərlə oğullarımızı itirsək də, üzərimizə düşən vəzifəni axıracan başa çatdıra bilmədik, torpaqlarımızı düşmən işğalından qoruya bilmədik. Amma bir gün intiqamımızı alacağımıza, torpaqlarımızı işğaldan azad edəcəyimizə inam vardı”.
O gün gəldi...
Valideynləri isə illərlə Asifin yolunu gözlədi, onun həsrətini çəkdilər. Vaxt keçdikcə, ata-anasınınm qəlbinə kədər hakim kəsildi, amma ümidlərini kəsmədilər. Onlar Asifin Əmirvanda, doğma kəndində, şəhid dostlarının yanında dəfn olunaçağına inanırdı. Ata nur üzlü oğlunu son mənzilə çiynində aparmağı arzuladı, uzun illər bunun ümidi ilə yaşadı.
Ana oğlunun saçlarını sığallamaq, alnında öpmək, öz əlləri ilə son mənzilə, cənnətə yola salmaq arzusu ilə yaşadı. İllər keçdi, Asifin valideynləri qələbə xəbəri gözləyirdi... O gün gəldi, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu işğaldan azad olundu.
Qeyd edim ki,Asif döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə, “İgidliyə görə” medalı ilə təltif edilib.
Pünhan Əfəndiyev