Modern.az

Müdafiə Nazirliyinin yanında İctimai şura yaradıla bilər?..

Müdafiə Nazirliyinin yanında İctimai şura yaradıla bilər?..

4 Fevral 2021, 15:29

Azərbaycanda qüvvədə olan “İctimai iştirakçılıq haqqında” qanuna əsasən, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, eləcə də bələdiyyələrin yanında İctimai şuralar yaradılır.
Məşvərətçi qurum olan İctimai şuraların yaradılmasında məqsəd dövlət və cəmiyyət həyatının müxtəlif sahələrinə aid qərarların qəbulunda, mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyət institutlarının iştirakını təmin etməkdir.

Hazırda əksər nazirlik və dövlət komitələrinin yanında İctimai şura fəaliyyət göstərir. Müdafiə Nazirliyi isə hələ ki istisna təşkil edir.

İctimaiyyət nümayəndələrinin sosial şəbəkələrdə irəli sürdüyü təkliflərdən biri Müdafiə Nazirliyinin də yanında İctimai şuranın yaradılması ilə bağlıdır.

Doğrudanmı Müdafiə Nazirliyinin yanında İctimai şuranın yaradılmasına ehtiyac var?

Modern.az saytı bu sualla bir neçə şəxsə müraciət edib.


Milli Məclisin deputatı Fazil Mustafanın
sözlərinə görə, əgər ictimaiyyətlə əlaqə sistemi düzgün qurularsa, şuraya da ehtiyac qalmaz:

“Müdafiə Nazirliyi bir qədər fərqli qurumdur. Düşünürəm ki, burada İctimai şuranın olması gizlilik baxımından müəyyən qədər effektiv yol deyil. Amma, buna görə də Müdafiə Nazirliyində ictimaiyyətlə əlaqələr mexanizmi düzgün qurulmalıdır.

Mənim fikrimcə, Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr sistemi tamamilə fərqli bir istiqamətdə olmalıdır. Daha çox ictimaiyyətin iradlarını, şikayətlərini araşdırma imkanları əldə etməlidirlər. İctimai şura modeli olmasa da, ictimaiyyətlə əlaəqlər modeli doğru qurularsa, şuraya ehtiyac qalmaz”.

“Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat katibi, qazi jurnalist Rey Kərimoğlu hesab edir ki, Müdafiə Nazirliyi yanında belə bir şuranın yaradılmasına ciddi ehtiyac var:

“Bütün sahələr kimi, ordu ilə bağlı məsələlərdə nöqsanlar yox deyil. Ona görə, hesab edirəm ki, təcili olaraq Müdafiə Nazirliyi yanında da İctimai şura yaradılmalıdır. Amma sanki sehirli bir əl Müdafiə Nazirliyi yanında belə bir şuranın yaradılmasının qarşısını alır.

Hesab edirəm ki, Müdafiə Nazirliyində islahatlar aparılmalıdır. Adı keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıqovla birgə korrupsiya, rüşvətxorluq, qanunsuzluqda hallanan zabitlər vəzifəsindən kənarlaşdırılmalıdır. Hüquqi müstəvidə araşdırma aparılmalıdır”.

 

Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, bu məsələ də öz həllini tapacaq:


“Şuranın yaradılması məsələsi çox aktualdır. Hərbi qurumların özünəməxsus istiqaməti ondan ibarətdir ki, burada hərbi, dövlər sirri anlayışı var. Buna görə qərar verilən zaman hər şey nəzərdən keçirilməlidir.

Qeyd etmək istəyirəm ki, Müdafiə Nazirli yanında ictimai şura hərbi sahə üzrə ixtisaslaşmıs şəxslərdən təşkil olunmalıdır. Düşünürəm ki, gələcəkdə bu məsələ öz həllini tapacaq”.

Fidan İlqarqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi