Avqustun 18-də “Marriott Abşeron” hotelinin konfrans zalında Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) 10-cu ənənəvi Bakı Forumu keçirilib.
Tədbirdə nazir müavinləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, özəl sektor nümayəndələri iştirak ediblər.
İlk olaraq forumun Təşkilat Komitəsinin sədri Orxan Səfərzadə qeyd edib ki, tədbirə 528 gənc qatılıb və bu say tədbirin legitimliyi üçün kifayət edir.
Dövlət himni səsləndikdən sonra ASAİF-in son iki illik fəaliyyətini əks etdirən film nümayiş etdirilib.
ASAİF sədri Orxan Əkbərov təşkilatın 2010-2012-ci ildə gördüyü işlərlə bağlı hesabat verib və fəaliyyətlərində əsas diqqətin Dağlıq Qarabağ probleminə yönəldiyini bildirib.
Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev çıxış edərək ASAİF-in üzvlərinə uğurlar arzulayıb. O qeyd edib ki, müasir dövrdə xaricdə təhsil alma prosesi daha da genişlənərək inkişafa qədəm qoyur.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə vurğulayıb ki, ASAİF-in gördüyü işlər göz qabağındadır.
Təhsil nazirinin müavini Qulu Novruzov isə qeyd edib ki, inkişaf etmiş ölkələrin səviyyəsinə baxdıqda görərik ki, onların uğuru heç də təbii kapital yox, insan kapitalıdır. Xaricdə təhsil almaq heç də sadəcə elm almaq məqsədi deyil, bu həm də yeni mədəniyyətlə, yeni məlumatlarla tanış olmaq deməkdir.
Millət vəkili Ceyhun Osmanlı da öz çıxışında xaricdə təhsil alan gənclərlə bağlı təşkilatların yaradılığını lakin cəmiyyətimizdə isə ASAİF-ə rəqib olan heç bir təşkilatın olmadığını vurğulayıb. O qeyd edib ki, görülən işlər onu göstərir ki, bu təşkilat artıq baş tutub və hər kəsin maraq nöqtəsindədir. Çünki burada 600-ə yaxın tələbə var.
Millət vəkili Asim Mollazadə isə diqqətə çatdırıb ki, müasir demokratik ölkədə yaşamaq istəyiriksə bu gənclərin uğurlarından asılıdır. “Hər bir gəncdə məsuliyyət hissi olmalıdır. Həmçinin təhsil sistemi də uğurlu aparılmalıdır. Təhsil sistemi olmayan dövlət heç bir uğura imza ata bilməz”.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov da öz çıxışında bütün tələbələrə uğurlar arzulayıb və bu yolda onlarla hər zaman əməkdaşlıq edəcəyini bildirib.
TÜRKPA-nın baş katibi Ramil Həsənov gəncləri təbrik edərək, fəaliyyətlərində uğurlar arzu edib.
Sonda ASAİF-in seçkili orqanlarına seçkilər keçirilib. Seçki prosesində növbəti iki il ərzində təşkilatın Mərkəzi Nəzarət Təftiş Komissiyası, Katibliyi formalaşıb.
Təşkilatın X Bakı Forumunda ASAİF-in sədrliyinə namizədlər Vüsal Qurbanov və Ramin Həkimov çıxış ediblər.
Vüsal Qurbanov çıxışında namizədliyini Ramin Həkimovun lehinə geri götürüb. Daha sonra keçirilmiş səsvermədə Ramin Həkimov səs çoxluğu ilə növbəti 2 il üçün ASAİF-in yeni sədri seçilib. O bildirib ki, ASAİF dünyanın 40 ölkəsində təhsil alan azərbaycanlı tələbələri birləşdirən ailədir. Bizi səmimiyyət birləşdirir və bu forma bundan sonra da davam etdiriləcək.