“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir”.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasındakı Rusiya sülhməramlı kontingentinin fəaliyyəti barədə məlumatında bildirilir.
“İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.
Atəşkəs bütün təmas xəttində müşahidə olunur.
Rusiya sülhməramlı kontingenti vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edir və əhaliyə humanitar yardım göstərir” – açıqlamada qeyd olunub.
Bildirilib ki, rus sülhməramlıları Azərbaycan Respublikası Silahlı Qüvvələrinin altı karvanının təhlükəsiz keçidini təmin ediblər: “Dördü - şimal və cənub istiqamətində Laçın dəhlizindən, bir karvan Şuşa- Qırmızı Bazar - Qacar marşrutu boyunca, digəri isə əks istiqamətdə”.
Məlumata görə, Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizləmə qrupları Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər.
Belə ki, martın 26-da - gün ərzində 17 hektar ərazi, 5 km yol təmizlənib, 12 partlayıcı maddə aşkar edilib, 6 bina yoxlanılıb. Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1 802 hektar ərazi, 557 km yol, 1 631 mənzil tikintisi partlamamış hərbi sursatlardan təmizlənib, 25 373 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.
“Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”, - deyə Rusiya MN-dən bildirilib.
Turan ASLAN