Modern.az

Bir zabitin müharibə gündəliyi: Son döyüş - IV HİSSƏ

Bir zabitin müharibə gündəliyi: Son döyüş - IV HİSSƏ

29 Mart 2021, 14:51

Əvvəli burada

Qubadlı. Arxa tərəf Zəngəzurdur - Gorus.

10 noyabr 2020.

Gecə saat 23:50-də rabitədə dedilər ki, atəşkəs elan olunur. Uzanmışam. Həmin gün günorta tabor komandiri gəlmişdi. Dedi: "20 nəfərlik qrup hazırlaşsın, son hücum əməliyyatı olacaq. Ermənilər sərhəddən o tərəfə rədd edilməlidirlər. Bir mövqe qalır. 2-3 km irəliləməliyik".


Şəkildə dayandığım istiqamətin sağı Şurnuxu kəndi istiqamətidir. Ermənilər - əsasən də yaşlı ermənilərin qurduğu, 10-15 nəfərlik bir post var idi. Müharibənin sonuna yaxın erməni tərəfinin əsgəri heyəti əsasən yaşlılardan ibarət olurdu, yaxınlaşdıran cihazlarla baxdığımızda bunu görürdük. Döyüş mövqeyində çox zaman mülki formada olurdular. Hər zaman atəşkəsi pozmağa meyilli düşmən indi tam sakit dayanırdı mövqelərdə.


Düşündüm növbəti bir günlük atəşkəsdir. Müharibə müddətində iki dəfə bir neçə saatlıq atəşkəs elan olunmuşdu, amma uzun çəkməmişdi. Bölüyümüz yorulmuşdu təbii. 10 şəhidimiz, 40-a yaxın yaralı vermişdik o günə qədər. Tabor komandirinin sözləri beynimdə elə hey fırlanırdı- "son döyüş". Düşmən qarşıda bizdən 100-150 m hündürlükdə, ikinci mövqeyi isə 1200 m yüksəklikdə idi. Döyüş planı 1200 m yüksəklikdə olan mövqeyi götürmək idi.


Əsgərlərə son tapşırıqları verib, döyüş növbətçiliyini təşkil edib düşünməyə başladım. Adam o qədər şeylər düşünür. Bəlkə də düşündüklərini yazsan 10 cild enskloediya olardı o 44 gündə.


35 illik yaşamım 44 günlük yaşadıqlarımdan dəfələrlə ağır basırdı..


Tam səssizlik çökdü. Hava zil qaranlıq, az da dumanlı idi. Soyuq və şeh vardı. Sərin meh də əsirdi. Səngərə uzandım. Kaskanı, qoruyucu jileti, avtomatı, daraq çantasını, 4 əl qumbarasını ətrafıma yığmışam. Əmioğlu İnşalla müəllimə zəng edib, “bizə dua edin” deyib sağollaşmışam.


"Son döyüş"… Bir müddət keçdi, yenidən atəş səsləri başladı. “Yenə həminki atəşkəsdir" deyib yerimə- məzar olacaq səngərimə uzandım…


Beləcə, yuxu tutdu məni, təxminən gecəyarı saat 3 radələrində eşitdim ki, növbətçi əsgər əlində rabitə çağırır. "Komutan, komutan, kombat sizlə danışmaq istəyir!".


Yarıxulu “gətir” deyib, əlimlə kaskamı, qoruyucu jileti axtarmağa başlayıram. Düşünürəm deyəcək: “Qalxın, hücuma!”.


Rabitəni əlimə alıb, üstündəki səs ötürən düyməyə basıb, “bəli eşidirəm, cənab polkovnik” dedim. Rabitədə kimsə yüksək səslə çığırır: "Müharibə qurtardı!".


"Müaharibə qurtardı!". Bu kəliməni həmişə ya savaş filmlərində eşitmişdim ya oxuduğum əsərlərdə. O an hansı hisslər keçirir aktyorlar ya əsərin personajları onu yazıçı, rejissor müəyyən qədər canlandıra bilir, amma birbaşa o hissi yaşamaq, onu, o an hiss etdiklərini ifadə etmək mümkünsüzdür.
"Müharibə qurtardı!". Bəşəriyyətin ən gözəl ifadəsi seçərdim bu sözü. Kaş, bütün dünyada müharibələr əbədiyyən qurtarardı..


Necə yenə qurtardı? “Qurtardı, qardaş, qurtardı. Prezident elə indicə elan etdib televizorda, Ermənistan məğlub olub, müharibə bitdi”. Taborumuzun həkimi, həmişə “can həkim” deyə müraciət etdiyim- Quluzadə Elmdarın sevinclə yüksələn gurultulu səsi məni şərab kimi meyxoş edib, özümdən apardı.

Həkimdir, amma həkimdən çox döyüşçüdür Elmdar. Əlində daha çox iynə yox, silah olur hər zaman. Şirin, maraqlı anektodları isə o zırıltının altında sərin yaz havası kimi yayılır adamın ruhuna. "Bitdi, qardaş, bitdi. Öpürəm səni gəlirəm səhər" deyib, rabitəni əsgərə verir.


Gözlərimdən yaş dayanmadan axır. Bir gözümdən sevinc, birisindən kədər göz yaşları axır. Şəhidlərimizi, dostlarımızı itirdiyimiz üçün bu sevinc natamam sevincdir həm də. Həm də sevinirsən ki, bir də kimsə qolların arasında can verməyəcək, bir daha döyüş yoldaşlarının göz qapaqlarını birdəfəlik bağlamayacaqsan qanlı əllərinlə.


Özümdən asılı olmadan, uca səslə “uşaqlar, hazırlaşın çıxırıq!” deyib qrupu qaldırıram. Əsgərlər yarıxulu qalxmağa başlayırlar. Hazırlaşmağa, döyüş ləvazımatlatını götürməyə üz qoyurlar ki, “müharibə bitdi!” - deyib aləmə səs salıram.


Yuxulu, dəfələrlə ölümdən sağ çıxmış əsgərlər bir az çaşqınlıqla mənə baxırlar. “Bəli, bitdi, müahribə qurtardı qardaşlar!” deyib bir-birimizi qucaqlayıb sevinc göz yaşlarımıza hakim ola bilmirik.


Müharibə bitdi.


Elə bu dəm Şuşa istiqamətindən qayıdan qırıcı təyyarə bizdən 200-300 m sol istiqamətə bir mərmi atıb, yoxa çıxır. Bu son atılan mərmi olur. Şükür salamatçılıq oldu. Səngərimə uzanan zaman açılan atəşlər də arxa cəbhədə qələbə atışları imiş.


Hər kəs 10-15 dəqiqə atılıb-düşür və tam sakitlik çökür. İndi hamı ötən günləri düşünür. Vəlizadə Elvin   yanaqlarından yaş sel kimi axa-axa mənə yaxınlaşıb, "komutan, Fərid bu günü görmədi"- deyib hönkürtü ilə ağlamağa başlayır.
Mənim dəanaqlarımdan yaş sel kimi axır. Səngərə uzanıram. Bölük komandirim- Mehdiyev Ramin evlərinə zəng edib. Oğlunun 1 yaşı iki gün qabaq olub. "Oğlum, səni çox istəyirəm, gələcəm yaxın günlərdə", - deyib çöhrəsində təbəssüm, yanaqlarında yaş ailəsi ilə danışır.


Tanrı bir daha bu xalqa müharibə göstərməsin.


Tanrı bizə sağlam, kindən-nifrətdən uzaq bir cəmiyyət qurmağımıza yardımçı olsun.


Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi