Modern.az

Əflatun Amaşov: “Mətbuat Muzeyi yaradılması təklifini dəstəkləyirəm”

Əflatun Amaşov: “Mətbuat Muzeyi yaradılması təklifini dəstəkləyirəm”

29 Sentyabr 2012, 11:46

Bir neçə gün öncə Parlament Jurnalistləri Birliyinin (PJB) sədri Elşad Eyvazlı Azərbaycan mətbuatının tarixinin qorunması ilə maraqlı bir təkliflə çıxış edib. O, bildirib ki, artıq Azərbaycanda mətbuat muzeyinin yaradılmasının vaxtı çatıb. Onun sözlərinə görə,  mətbuatı Azərbaycandan sonra yaranan ölkələrin əksəriyyətində belə muzeylər var və bu cür muzey Azərbaycanda da yaradılmalıdır.

E. Eyvazlı qeyd edib ki, bu məsələ ilə bağlı həm Mətbuat Şurasına, həm də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) müraciət edəcək.

Məsələ ilə bağlı Modern.az Mətbuat Şurasının sədri Əflatun Amaşov və KİVDF-nin icraçı direktoru Vüqar Səfərlinin münasibətini öyrənib.

Əflatun Amaşovun sözlərinə görə, artıq Azərbaycanda da Mətbuat Muzeyinin yaradılmasının vaxtı çatıb: “Mən buna çox müsbət yanaşıram. Hesab edirəm ki, Bakıda və eləcə də rayonlarda olan mətbuatla bağlı bütün eksponatlar muzeyə gətirilməlidir”.

MŞ sədri də təkliflə çıxış edib. O, bildirib ki, Cəlil Məmmədquluzadənin redaktorluğu ilə nəşr olunan “Molla Nəsrəddin” jurnalının çap olunduğu “Qeyrət” mətbəəsi Tiflisdə yerləşir. “Orada Azərbaycan mətbuatı tarixi ilə bağlı eksponatları muzeyə gətirməliyik. Həmçinin Dağıstanda, Rusiyanın ayrı-ayrı bölgələrində olan Azərbaycan mətbuatı ilə bağlı eksponatlar danışıqlar vasitəsilə ölkəyə gətirilməlidir. Bu muzey mütləq yaradılmalıdır”.

Vüqar Səfərli isə bildirib ki, muzey təklifi ilə bağlı məlumatı yoxdur. O, bildirib ki, PJB müraciət edəndən sonra öz fikrini bildirəcək.

Sevinc İltifatqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu