“Səttar Mehbalıyev həmkarlar təşkilatı yaradırsa, heç kimdən soruşmamalıdır ki...”
Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev parlamentin payız sessiyasında bildirmişdi ki, Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlər azərbaycanlı işçilərin həmkarlar ittifaqları yaratmaq istəyinə mane olurlar. Öz növbəsində Azərbaycanda fəaliyət göstərən iri transmillli şirkətlər də Səttar Mehbalıyevin səsləndirdiyi fikirlərə öz reaksiyalarını bildirmişdirlər.
Amma QHT rəhbərləri şirkətlərin ittihamla bağlı verdiyi cavablarının həqiqəti əks etdirmədiyini bildiriblər.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (ƏHML) sədri Sahib Məmmədov deyir ki, şirkətlər sözdə həmkarlar ittifaqının yaradılmasının sərbəst olduğunu desələr də, buna cəhd edən işçi dərhal işdən azad edilir.
“İşçilərin birləşmək huququ təşkil olunmayan fundemental huquqdur. Bunu pozan şirkətlər həmkarlar ittifaqı təşkilatının yaradılmasının sərbəst olduğunu deyirlərsə, bu, mənasız sözdür. Çünki “Azərbaycan COCA-COLA BOTTLERS” MMC, “British Petrolium”, “Azercell Telekom” MMC və digərləri də işçiləri istənilən vaxt , istənilən saniyə işdən qova bilirlər, azad edirlər. Halbuki, həmin təşkilatlarda həmkarlar ittifaqı fəaliyyət göstərsəydi, orada müqavimət də ola bilər. Sosial əmək haqqının yüksək olması, sosial paketin təqdim olunması həmkarlar itifaqının yaranmaması üçün əsas ola bilməz”-deyə S.Məmmədov bildirib.
QHT sədri daha sonra əlavə edib:
“İkinci tərəfdən şirkətlər deyir ki, həmkarlar ittifaqı müstəqil təşkilatdır, özü yaranmalıdır. O zaman qoysunlar biz qeyri- hökumət təşkilatları gedib yaradaq. Hansısa işçi buna azacıq cəhd edirsə, onu işdən qovurlar, adını da “qara siyahı”ya salırlar. Məsələn elə “British Petrolium” şirkətində bir nəfər həmkarlar ittifaqı yaratmağa cəhd edirsə, onu dərhal qovurlar, sonra da “qara siyahı”ya salırlar və həmin şəxs podratçı təşkilatların heç birində işə girə bilmir. Şirkət rəsmilərinin dediyinin hamısı uydurma, cəfəngiyyat sözlərdir”.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhramanlı isə hesab edir ki, həmkarlar ittifaqının yaradılmasında ilk növbədə işçilərin özləri maraqlı deyilər. Komitə sədri bunu onunla əsaslandırır ki, şirkətlərdə yaradılan həmkarlar təşkilatı işçilərin maraqlarını müdafiə etmək qabiliyətində deyil.
“Azərbaycanın Əmək Məcəlləsi bu əməliyyat şirkətləri yaradılanda artıq pozulub. Çünki bu şirkətlərin bəzilərində həmkarlar təşkilatı olsa da, hələ görməmişik ki, işçiləri müdafiə etsin. Söhbət xarici əməliyyat şirkətlərindən gedir. O cümlədən də Dövlət Neft Şirkəti. Bir çox işçilər narahatdırlar ki, həmkarlar təşkilatı yaradılsa, məcburi onları həmkarlar təşkilatının üzvü edəcəklər. Çünki milli neft şirkətlərində, istədin-istəmədin sən həmkarlar təşkilatının üzvüsən və aylıq əmək haqqından müəyyən məbləğ tutulur. Halbuki, hüquqları da müdafiə olunmur”.
M.Qəhramanlı bu səbəbdən işçilərin yardılan həmkarlar təşkilatına inamlarının olmadığını qeyd edib.
“Hazırada “British petrolium”dan işdən çıxarılma ilə əlaqədar bir nəfərin məhkəməsini aparırıq . İl ərzində bu şirkətin müqavilələrindən 6-7 şikayət gəlir. Ona görə də işçilər özləri də həmkarlar ittifaqı təşkilatının yaradılmasında maraqlı deyillər. Çünki onlar mövcud həmkarlar təşkilatına inamırlar. Məsələ burasındadır ki, bizdə həmkarlar təşkilatı işəgötürənə tabedir. Bu zaman isə belə təşkilat işçini müdafiə edə bilməyəcək. İşçilərə müstəqil həmkarlar təşkilatı lazımdır.
Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev həmkarlar təşkilatı yaradırsa, bunu heç kimdən soruşmamlıdır ki, işə götürən razıdır, ya yox. Konfederasiyanı yalnız üzvlük haqqından gələn pul maraqlandırır. İmkan verilərsə, Azərbaycanda çox gözəl müstəqil həmkarlar ittifaqı təşkilatı yaradılar. Ancaq Azərbaycanda hələlik bu qeyri-mümkündür ”- deyə M.Qəhramanlı billddirib .
Şahanə RƏHİMLİ