Fransa prezidentliyinə namizəd, hazırda İl-de-Frans şəhər şurasının sədri, Respublikaçılar Partiyasının nümayəndəsi Valeri Pekres gizli şəkildə Qarabağa qanunsuz səfər edib.
Eyni zamanda Pekress Xankəndi şəhərində qondarma qurumun nümayəndələri ilə görüşüb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Modern.az-a açıqlamasında bildirib ki, qanunsuz səfərin arxasında siyasi oyunlar dayanır:
“Mənim fikrim sadəcə qanunsuz səfərlə bağlı deyil. Orada fəaliyyət göstərən sülhməramlıların da günahı var. Biz onlara ən müqəddəs vəzifəni tapşırmışıq. Sülh və təhlükəsizliyimizi onlara əmanət etmişik. Əgər qanunsuz olaraq münaqişə yaradan insanları öz postlarına buraxırlarsa, o zaman hansı təhlükəsizlikdən söhbət gedə bilər. Burada çox suallar var, ciddi araşdırılmalıdır. Düşünülmüş işdir və dünya erməniləri burada yaşayan ermənilərin gələcəklərini düşünmədən şübhə altına qoymağa hazırdılar ki, öz məqsədlərinə nail olsunlar. Bu, siyasi oyundur, Fransada seçkilər zamanı onların səslərini toplamaq üçün hətta cinayət törətməyə də hazırdılar. Elə erməni xalqının faciəsi də ondan ibarətdir ki, həmişə kiminsə əlində alət olub. İndi də öz diasporunun əlində oyuncaqdır. Bütün danışıqları pozurlar ki, təki hansısa vəzifədə otursunlar. Səfər edən prezident olsun, nə edəcək? Vəzifədən öncə bir ölkənin qanunlarını pozursa, cinayət törədirsə, prezident olanda daha çox pozacaq? Suallar çoxdur, əminəm ki, bununla bağlı rəsmi təsdiq gələcək. Çünki özü qorxur bunu açıqlamağa, faktlar təsdiq olandan sonra rəsmi müraciətlər olacaq”.
Milli Məclisin Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov qeyd edib ki, namizədin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz səfəri beynəlxalq hüquqa və Fransanın ATƏT-in Minsk qrupunun üzv kimi üzərinə götürdüyü öhdəliklərə hörmətsizlikdir:
“Fransa Avropanın aparıcı ölkələrindən biri kimi Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasına töhfə vermək imkanındadır. Lakin bu ölkənin bəzi siyasətçilərinin davranışları Azərbaycan ictimaiyyətində Fransaya onsuz da zəif olan etimadı daha da sarsıdır.
Fransada prezidentliyə namizədlərin bir çoxu ermənipərəst mövqeyi ilə tanınır. İle-de-Frans bölgəsinin rəhbəri olan Valeri Pekrez hər zaman ermənipərəst mövqe nümayiş etdirib. Məlum olduğu kimi Fransada bir çox siyasətçilər erməni icmasının səsini qazanmaq üçün müxtəlif addımlar atırlar. Lakin təəssüf doğuran odur ki, bu cür təşəbbüslər bir çox hallarda həm də Fransanın öz maraqlarını zərbə altına qoyur.
Fransanın 44 günlük müharibə dövründə daim Ermənistana dəstək verdiyini xatırlayırıq. Bu ölkənin parlamentinin hər iki palatasında qəbul olunmuş qətnamələrin, eyni zamanda, dövlət rəsmilərinin verdiyi açıqlamaların ikitərəfli münasibətlərdə qarşılqlı etimada mənfi təsir göstərir. Müharibə başa çatdıqdan sonra da Fransa bu qərəzli siyasətini davam etdirib. Son dövrlərdə isə biz Fransa hökumətinin Cənubi Qafqazda sülhün təmin olunması prosesinə töhfə vermək təşəbbüslərini müşahidə edirdik. Fransa işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesinə köməyini təklif etmişdi. Prezident Makronun təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında qeyri-rəsmi formatda görüş baş tutmuşdu. Lakin Fransa prezidentliyinə namizəd olan bir şəxsin Azərbaycan ərazilərinə qanunsuz səfəri qarşılıqlı münasibətlərdə etimadın bərpası prosesinə kömək etmir. Hesab edirəm ki, bu cür addımlar Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində beynəlxalq birliyin səylərinə də ziddir”.
Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, bu kimi qanunsuz səfərlər biz sərhədlərimizə tam nəzərat etməyənə qədər davam edəcək:
“Mən Laçın dəhlizi deyilən ərazini nəzərdə tuturam. Orada təhlükəsizliyi qoruyanlar sülhməramlı deyil, erməniməramlıdır. Məqsədləri də məlumdur. Rus hərbçiləri elə bilirlər ki, sərhəd bunlara məxsusdur və həmin əraziyə dünyanın bütün cinayətkarlarını keçirə bilərlər. Bu kimi hallar Azərbaycana qarşı dözülməz bir haldır. Hörmətsiz hərəkəti fransız, ermənilərdən əvvəl rus sülhməramlıları edib. Tarixən rus bizimlə dost olmayıb. Azərbaycan ərazisində nə qədər erməni silahlısı var. Bunların hamısı rusların himayəsi altındadır. Bütün bunların hamısının qarşısını almağın bir yolu var ki, bu da bizim sərhədlərimizin hər qarışına özümüzün nəzarət etməyimizdir. Nə qədər ki, bizim ərazimizə girmək üçün bizdən icazə almırlar, belə hallar yaşanacaq”.