“Ermənistan tərəfi heç bir addım atmasa, o zaman “Google”un Bakının tələbini ödəyə bilməsi və Qarabağ toponimlərini Azərbaycanın istədiyi kimi göstərməsi ehtimalı yüksəkdir”.
Modern.az xəbər verir ki, bu barədə erməni media eksperti Artur Papyan deyib.
Maraqlıdır, bundan sonra şirkət Azərbaycanın müraciətini qəbul edəcəkmi?
İndiki vəziyyətdə “Google” yalnız Azərbaycanda xüsusi olaraq adları Azərbaycan dilində göstərir.
Bundan sonra üçüncü, neytral ölkədən baxanda onun necə görünəcəyi əsas sualdı. Məhz bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi “Google”a müraciət edib.
Qarabağ beynəlxalq münasibətlərdə tanınan münaqişə zonasıdır və ona görə də Azərbaycanın xəritəsinin üzərinə klikləsəniz, bu ərazilər göstərilmir, ümumiyyətlə Qarabağın sərhədləri yoxdur və adlar həm Azərbaycan, həm də erməni dillərində göstərilir.
“Google” mübahisəli işlərə kifayət qədər ciddi yanaşır. Şirkət öz siyasətinin konsepsiyasını dərc edib, bu cür hallarda adların necə yazıldığı və bu işlərə necə yanaşıldığını izah edir. Əgər toponim mübahisəli deyilsə, o zaman BMT tərəfindən təsdiq edilmiş xəritələr qəbul edilir, mübahisəli hallarda isə onlara xüsusi işarələr qoyulur, məsələn, sərhəd nöqtəli xətt ilə qeyd olunur.
Google vaxtaşırı müxtəlif bazarlar üçün xəritələri yenidən dizayn edə bilər. Məsələn, “Google Maps”i Rusiya ərazisindən açsanız, Krım Rusiyanın bir hissəsi kimi göstəriləcək, lakin başqa ölkələrdən bu, belə olmayacaq. Buna görə də Google bildirir ki, yer adları dil fərqlərinə görə müxtəlif ölkələrdə fərqli görünə bilər.
Qarabağda 44 günlük müharibə zamanı bəzi dəyişikliklər qeydə alınıb və adi istifadəçilər də “Google”a dəyişiklik təklif edə bilərlər. Bu düzəlişlər adətən moderasiya mərhələsindən keçir və bu mərhələdə neçə nəfərin müraciət etdiyi və ərizələrin əsaslandırılıb, əsaslandırılmaması nəzərə alınır. Şirkətin öz daxili qaydaları var, bunun əsasında şirkət iddianı təmin etmək və ya onu cavabsız qoymaq barədə qərar qəbul edir.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi diplomatik kanallar vasitəsilə “Google”a müraciət edərək, Qarabağda Azərbaycanın nəzarətində olan ərazilərin erməni adlarından istifadədən imtina etməsini xahiş edib. Hazırda isə “Google Maps” əlavəsində Qarabağın Azərbaycanın nəzarətində olan şəhər və rayonlarının adları Azərbaycan və erməni dillərində göstərilir.