Keçmiş məcburi köçkünlərin hansı hissəsinin evlə təmin olunması və hansı hissəsinin hələ də müvəqqəti yaşayış məntəqələrində yaşaması barədə məlumat var.
Modern.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Prezident: Zəfərə davam, zəfərə inam” adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hər bir yaşayış məntəqəsi üzrə böyük qayıdış prosesi başlayarkən bütün bunların hamısı nəzərə alınacaq:
“Bununla bağlı xüsusi işçi qrup fəaliyyət göstərir. Onlar böyük qayıdışla bağlı həm iqtisadi, həm sosial, həm də hüquqi işlərlə bağlı məsələləri araşdırırlar. Əminəm ki, növbəti proses ərzində bu iş yekunlaşacaq. Böyük qayıdışın hazırlıq mərhələsinə keçəcəyik”.
E.Hüseynov deyib ki, işğaldan azad olunmuş ərazilərdə son bir ildə başlamış işlər növbəti ildə də qrafikə uyğun davam etdiriləcək.
Onun sözlərinə görə, bu işlər ilk növbədə, Əlaqələndirmə Qərargahı çərçivəsində fəaliyyət göstərən işçi qruplarında aparılan bütün tədbirlərin əks olunduğu strateji fəaliyyət planı, ondan başqa, qəbul edilmiş xüsusi dövlət proqramı əsasında görüləcək.
"2030 Milli İnkişaf Prioritetləri adlı sənəddə qayıdışla bağlı hədəflər əks olunub. Həm dədə-baba yurduna qayıdan vətəndaşlarımızın reinteqrasiya olunması, həm də onların tam fəaliyyətinin təşkili və s. istiqamətlərdə tədbirlər sənəddə göstərilmiş qaydada icra olunmağa davam edəcək. Bəzi rayon mərkəzlərimizin artıq baş planları təsdiq olunub. Digər ərazilərdə bu işlər davam etdirilir. Növbəti ildə biz bu işlərin yekunlaşmasını gözləyirik. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə rayonlar üzrə kəndlərin planlarının layihələndirilməsi prosesi davam edir", - o bildirib.
E.Hüseynov qeyd edib ki, Zəngəzur dəhlizi ilə bağlı dəmiryolu layihəsinin icrası qrafikə uyğun növbəti ildə davam etdiriləcək.
"Vətəndaşlarımızın tez bir zamananda qayıdışı üçün tələb olunan fiziki, iqtisadi infrastrukturun, iş yerlərinin yaradılması istiqamətində başladılan layihə gələn il də davam etdiriləcək. Ənənəvi sahələrlə yanaşı, iqtisadi fəaliyyət sahələrində, müvafiq olaraq həm kiçik, həm də orta biznes nümayəndələri üçün şərait yaradılacaq ki, insanlar iqtisadi fəaliyyətlərini burada qura bilsinlər", - o əlavə edib.
E.Hüseynovun sözlərinə, işğaldan azad olunan ərazilərin iki iqtisadi rayon arasında bölüşdürülməsi vacib amildir.
O qeyd edib ki, bölgədə 4 klaster mərkəzi mövcuddur.
"Bu, Ağdamda sənaye, Cəbrayılda logistika, ticarət, tranzit, Şuşada mədəniyyət və turizm, Kəlbəcərdə isə mədənçilik və turizm klasteridir. Bu klasterlər iki-iki olmaqla, hər iki iqtisadi rayonda var. Bu potensialı reallaşdırmaq üçün hər bir iqtisadi rayonda bir ədəd sənaye parkı salınıb. Bunlar Ağdam və Araz Vadisi İqtisadi Zonası sənaye parklarıdır.
Sənaye parklarında gələcəkdə vətəndaşlarımızın qayıdışı zamanı iş yerlərinin yaradılması istiqamətində işlər aparılır. Rezidentlər artıq Ağdam Sənaye parkında öz zavodlarının inşasına başlayıblar. 28 ildən sonra Ağdamda sənaye potensialının tarixi şöhrəti özünə qaytarılır", - deyə o bildirib.