Artıq hər bir vətəndaşımız 30 ilə yaxın müddətdə həsrətində olduğu Qarabağa səfər edə bilər. Ötən həftdən etibarən Bakıdan Şuşaya və Ağdama avtobus reyslərinin təşkilinə başlanılıb. Səfər iştirakçıları Şuşada Cıdır düzü, Molla Pənah Vaqifin muzey-məqbərə komleksi, Bülbülün ev-muzeyi, Aşağı Gövhərağa məscidi, güllələnmiş heykəllər, Xurşidbanu Natəvan, Xan Qızı Bulağı və Şuşa Qalasını ziyarət etmək imkanı qazanırlar. Ağdamda isə Pənahəli Xanın sarayı, Çörək muzeyi, Şəhidlər xiyabanı, Dram teatrı, Cümə məscidi, Qiyaslı məscidi, Şahbulaq qalasına ziyarətlər təşkil olunur.
119 saylı Ağdam kənd seçki dairəsinin deputatı Bəxtiyar Sadıqov Qarabağ bölgəsinə səfərlərin əhəmiyyəti barədə Modern.az-a danışıb.
Onun sözlərinə görə, vətəndaşlarımız azad edilmiş ərazilərə baş çəkməklə, oradakı vəziyyəti öz gözləri ilə görə bilərlər:
“Ağdam Qarabağın qeyri-rəsmi mərkəzi idi. O dövrdə Pənahəli xan Ağdamı iqtisadi mərkəz kimi qurmuşdu. Bu fakt gerçəklikdə özünü doğrultmuşdu. Ağdam təkcə iqtisadiyyatı ilə tanınmırdı, Ağdamın elm adamları, dövlət qurumlarında işləyən tanınmış sakinləri var idi. Oranın camaatı həmişə zəhmət çəkib, tər töküb pul qazanmağı bacarıb. Əziyyətlə övladlarını oxudurdular, cəmiyyət üçün savadlı kadr yetişdirdilər. Müharibə dövründə erməniyə ən çox zərbəni Ağdam vurdu. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 günlük Vətən müharibəsində düşməni məhv etdi, torpaqlarımızı azad etdik. Hazırda azad edilmiş ərazilərdə möhtəşəm quruculuq işləri gedir. İlk olaraq ötən il mayın 28-də Ağdamın baş planı hazırlandı və təsdiq olundu. Cəmiyyətə çox möhtəşəm layihələr təqdim olundu. Düşmən yeni salınacaq şəhərlərimizə baxıb həsəd aparacaq. Bütün dünyanın gözü bizdədir. İşğal dövründə bizə yaxın gəlməyən, ağızlarına su alıb susan dövlətlər indi quruculuq işlərində köməklik etmək istəyirlər. Biz tək Ermənistanı yox, onun havadarlarını da məğlub etdik. Quruculuq işlərilə bütün dünyaya göstərəcəyik ki, ermənilərin xarabalığa çevirdiyi yerləri necə abadlaşdırırıq. Ağdam gələcəkdə Azərbaycanın iqtisadiyyatında böyük rol oynayacaq”.
Bəxtiyar Sadıqov qeyd edib ki, Ağdamdakı Cümə məscidini bütün müsəlmanlar ziyarət etməlidir:
“Hazırda konkret maşrutlar var, ziyarət o xətt üzrə baş tutur. Düzdür, ziyarət olunacaq yerləri ermənilər xarabalığa döndərib. Ağdamda Pənahəli xanın sarayı, Çörək muzeyi, Şəhidlər xiyabanı, Dram teatrı, Cümə məscidi, Qiyaslı məscidi, Şahbulaq qalasını hər birimiz ziyarət etməliyik. Xalqımız o qədim tarixə malik yerlərə mütləq getməlidir. Çörək muzeyi hər bir vətəndaşımızın gedib görməli olduğu yerdir. Çörək və çörək məmulatları, əkinçilik alətləri və onların tarixi haqqında muzeydir. Muzeydə təxminən 2800-ə yaxın eksponat vardı. Cümə məscdini isə bütün müsəlmanlar gedib ziyarət etməlidir. Ağdamda ermənilər tərəfindən tam dağıdılmayan tikili Cümə məscididir. Erməni daşnaqları məscidin içində donuz və mal-qara saxlayıblar. Onların vandallığını bütün dünyaya göstərməliyik. Ağdam yenidən qurulduqdan sonra görməli yerlərin sayı da artacaq. Gənclərimiz, xalqımız o möhtəşəmliyi görüb, bütün dünyaya çatdırmalıdır. Bu baxımdan Şuşa və Ağdama səfərlərin böyük əhəmiyyəti var”.
Qeyd edək ki, Bakı-Şuşa-Bakı avtobus reysi həftədə iki dəfə həyata keçirilir. Marşrut xətlərinə bilet satışı onlayn qaydada “Yolumuz Qarabağa” portalı vasitəsilə baş tutur. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. Müəyyən imtiyazlı şəxslərə ildə bir dəfə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən Müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ Müharibəsi əlilləri aiddir. İmtiyazlı şəxslər də daxil olmaqla bütün şəxslərə işğaldan azad olunmuş ərazilərə il ərzində yalnız bir dəfə səfər etmək hüququ verilir.
Sərnişin daşınması ilə bağlı müəyyən olunmuş kateqoriyalar üzrə növbəliliyin təmin edilməsi, kvotalara riayət edilməsi və güzəştlərin tətbiqi məqsədilə onlayn bilet satışı xidməti işğaldan azad olunmuş ərazilərə giriş icazəsi sisteminə, həmçinin COVID-19 virusuna yoluxma risklərinin minimuma endirilməsi üçün müvafiq informasiya sistemlərinə inteqrasiya olunub.