Modern.az saytı Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Mirhəsən Seyidovla müsahibəni təqdim edir.
- Əvvəlcə Azərbaycan gəncliyinin müasir durumu barədə fikirlərinizi bilmək istərdik.
- Gənclər üçün bügun imkanlar məhdudiyyətsizdir. Gənclərin müasir zamanda onlardan yararlanmaq imkanları nə dərəcədə mövcuddur? Gənclər buna nə dərəcə də maraqlıdır? Məncə bu suallar bügun bizi narahat etməlidir. Azərbaycan gəncliyinin müasiri durumu qənaətbəxşdir. Sadəcə bir neçə hallar var ki onları qeyd etmədən keçmək mümkünsüzdür. Gənclik bu gün daha çox sosial şəbəkələrdə, daha müasir metodlarnan işləməkdə, fəaliyyətlərini daha çox təkmilləşdirmək istiqamətində çalışsa belə, analiz etmək, nəyin düzgün, nəyin yanlış olduğuna dair qərar qəbul etməkdə bəzən çətinlik çəkir. Halbuki, gənclərin qərar qəbul olunması prosesində iştirakı aktivdir. Region gəncləri daha çox stimulizə olunurlar. Mən demək olar ki Azərbaycan Respublikasının bütün regionlarında və Avropanın bir çox ölkələrində olmuşam, həmişə qarşılaşdığım əsas məsələ və həllinə çalışdığım əsas məsələ ondan ibarətdir ki, gənclərin onlar üçün əhəmiyyət kəsb edən bir çox məsələdə qərar qəbul edə bilsin. Doğrudur ki, ölkədə gedən proseslərdən heç bir məlumatı olmayan, gəncliyini internet klublarda, çayxanalarda, faydasız işlərlə keçirən gənclərimiz də var. Bu həqiqətdir. Biz bugün həmin gənclərin ölkədə gedən gənclər siyasətinin proseslərinə cəlb etməliyik.
- Necə oldu ki gənclər hərəkatına qoşuldunuz?
- Hələ çox az yaşlarımda valideynlərim həmişə “Vətənin tarixini yaxşı oxu ki, yaxşı siyasətçi olasan” deyirdilər. Çılğın gənc kimi mən iqtisadiyyatı seçmişdim. İqtisadiyyat oxumuşam və hazırda magistr təhsil alıram. Hazırda sədr müavini olduğum Gənclər Təşkilatları Milli Şurası bizim məktəbdə təlim kurslarına görə dəvət almışdı. Təşkilatın fəaliyyəti diqqətimi çəkmişdi. 2005-ci ildə könüllü olaraq təşkilata yazıldım. Dostlarım, ətrafımdakı gənclər üçün nəysə etməyə çalışırdım həmişə. Bir neçə müddət fəaliyyət ilə tanışlıqdan sonra bir neçə layihə təklifləri ilə irəli çıxdım. Fəaliyyətə qoşulduğum dövrdə bizim təşkilatda rəhbər vəzifələrdə çalışan gənclər bugün ölkə gənclər siyasətinə böyük töhvə vermiş insanlardır. Onların qiymətləndirilməsi ilə təşkilatın katibliyində yer aldım. Pillə-pillə addımlayaraq insanların etimadını qazanaraq bugün sədr müavini kimi çalışıram.
- Bildiyimiz qədər “Avroviziya” mahni müsabiqəsinin təşkilində sizin də rolunuz olub. Gənclərdən ibarət fanatlara (“Avroviziya”nın Azərbaycandakı rəsmi Fan Klubuna) rəhbərlik etmisiniz...
- Rəhbərlik etmək deməzdim. Sadəcə ölkəmizin böyük uğuruna dəstək olmaq üçün bir komandanın yaranmasına təşəbbüskar idim. Bunu istədim, qarşıma məqsəd qoydum, çalışdım və məqsədimə çatdım. Fanat ordusu istənilən bir tədbirin ən yüksək səviyyədə təşkil olunması üçün ən güclü ordudur. Mən və mənim komandam sosial istiqamətdə, istənilən formatda heç bir məqsəd güdmədən xalqım üçün, gənclər üçün ən möhtəşəmini ərsəyə gətirmişdik. 3 ay ərzində 400.000 nəfərdən çox azərbaycanlının və daha sonra isə Avropanın marağında olmuş və “Avroviziya” mahnı müsabiqəsinin ən fəal fan klubu seçilmişdik. Əslində çox məsuliyyətli və heç də asan olmayan bir işin öhdəsindən layiqincə gəlməyimiz, təkcə bizim və komandamın deyil, bütün Azərbaycan gəncliyinin dəstəyi nəticəsində qazandığımız uğur idi. Və belə bir fəaliyyətin təşəbbüskarı olduğum üçün çox xoşbəxtəm. Ölkəm üçün çalışmaq mənim ən əsas məqsədimdir...
- Hazırda Gənclər Təşkilatları Milli Şurasında fəaliyyətiniz necədir?
Milli Şurada sədr müavini vəzifəsində çalışıram. Fəaliyyətim və gördüyüm işlər çoxdur. Bəzən həftə sonu demədən, bayram günlərini unudaraq işlədiyim vaxtlar olur. Ama bilirsiniz, insan öz işində zövq almalıdır. Hətta müzakirəli məqamlardan, hirslənməkdən, gülməkdən, iş aurasından və komanda fəaliyyətindən zövq almalıdır. Mən işimdən zövq alıram.
- Necə düşünürsünüz Azərbaycan gəncləri bu gün vətənpərvərdirmi?
- Azərbaycanın tarixinə nəzər salsaq, xalqımızın vətənpərvərlik nümunəsi olduğunu görə bilərik. Vətən böyük anlayışdır və vətənpərvərlik böyük insanlara nəsib olan bir xüsusiyyətdir. Vətənpərvərlik deməklə deyil, əməllə ölçülür. Azərbaycan gəncliyi bu gün istənilən istiqamətdə mədəni, elmi, siyasi istiqamətlərdə böyük uğurlar qazanır və bu uğur Vətən sevgisindən yaranır. Bu gün biz gənclər Azərbaycan gəncliyi üçün çalışırıq. Bu gün dünyanın 4 bir tərəfində yaşayan azərbaycanlı gənclər, Azərbaycanı istər mədəni, mənəvi, siyasi şəkildə ən yüksək səviyyədə təmsil edirlər. Biz gənclərin ən böyük uğuru, dövlətin, xalqın bizə olan dəstəyindən irəli gəlir. Və biz - gənclər vətənpərvərlik anlayışımızı bu gün yalnız sözlərlə deyil, bizə yaradılan imkanlar vasitəsi ilə etdiyimiz işlərlə göstəririk. Bir ölkənin sağlam gələcəyini, gələcək olan gəncliyin Vətən sevgisinin dərəcə ölçüsü göstərir...
- 23 yaşınızda Azərbaycanın ən böyük gənclər platformasında rəhbər vəzifədəsiniz. Çətin deyi ki?
- İnsanın məqsədi olanda və o, bu məqsəd üçün gecə-gündüz çalışanda ən çətin iş belə, onun üçün ən rahatına çevrilməsə belə, ən istəkli olduğu üçün, ən sevimlisinə çevrilir. Mən 8 ildir ki, artıq bu sahədəyəm və Azərbaycana, Azərbaycan gəncliyinə çalışmaqdan həm xoşbəxtəm, həm də məmnunam. 8 il o qədər də uzun müddət olmasa belə, qısa müddət də deyil. 8 il ərzində bu istiqamətdə baş verən bütün dəyişikliklərdə var olmuşam və sahəmlə bərabər, özüm də təkmilləşmiş və təmkinləşmişəm. Haqqımda deyilənlərə həmişə diqqətlə qulaq asmışam, yaxşı və pis olmasında asılı olmayaraq. Həmişə verilən söz üzərində durulmasını ən böyük prioritet seçmişəm. Öhdəliyimə götürdüyüm işin öhdəsindən gəlməyi bacarmışam. Bəzən ağır yollardan keçsəm belə, bir gün yolun hamarlaşacağına inanaraq, ümidimi üzmədən, bütün gücümlə çalışaraq, bu gün bu yaşda, bu yerə gəlib çatmışam. Və qarşımda daim bir istiqamət olub və olacaq: "Gənclər mənim hədəfim deyil, mənim dostlarımdır". Çünki biz gənclərin hər bir zaman ən çox etibar etdiyimiz, ən yaxşı məsləhətinə qulaq asdığımız dostlarımızdır.
- Müasir və kreativ gənc necə olmalıdır?
- Müasirlik və kreativlik həyat tərzidir. Müasir və kreativ gənc - bu XXI əsr anlayışının açıqlamasıdır. Bu gün müasir dünyanın, kreativ təlabatı gənclərdir. Demək ki, gənc həm müasir, həm kreativ olmalıdır. Müasir və kreativ gənc, təhsilli olmalıdır. Bu, ən ilkin şərtdir. Dünya görüşü olmalıdır. Müasir və kreativ gənc, keçmişi nəzərə alaraq, bu günümüzün qoyduğu qaydalara əsasən, gələcəyin tələbatını ödəyə bilmək üçün çalışan gəncdir. Düşünürəm ki, gəncliyimiz bu prinsipi artıq mənimsəyə bilir. Lakin, bunun üçün tələsmək lazım deyil, bunun üçün bu anlayışı anlamaq və düzgün istiqaməti tutmaq lazımdır.
- 2013-cü ildən nə gözləyirsiniz?
- Maraqlı sualdır. 2013-dən, 2012-də əldə etdiyimiz böyük uğurlardan daha böyük uğurlar gözləyirəm. Mən Azərbaycan gəncliyinin ilklərə imza atacaqlarına inanıram. Mən mənim - Mirhəsən Seyidovun gənclik üçün yeni və daha da əhəmiyyətli işlərin, dövlətin böyük dəstəyi ilə həyata keçirəcəyimə inanıram. Günü-gündən inkişafa doğru gedən Azərbaycanın, ən yüksək inkişaf mərhələsinə çatacağına inanıram. Bu il bütün məqsədyönlü təkliflərin reallığa çevriləcəyi ildir. Dağlıq Qarabağ düyününün çözülməsini gözləyirəm və gözləməklə kifayətlənməyərək, buna inanıram. Ən əsası bu il bütün Azərbaycan Gəncliyinin, onlara verilən diqqət və qayğının ən əsas səbəbkarı olan ölkə Prezidenti cənab İlham Əliyev ətrafında birləşməyini və qələbə gözləyirəm. Bu yolda addımlayan hər bir kəsə uğurlar arzulayıram.
- Son olaraq nəyi soruşmadıq ki, cavablandırmaq istərdiniz?
- Bir çox mövzulara toxunduq, bir çox məsələləri müzakirə etdik. Ama bir məsələni xüsusi ilə qeyd etmək istərdim. Problemlər həmişə var, cəmiyyət, insanlar, gənclər mövcud olduqca həmişə də olacaqdır. Amma bir Azərbaycan gənci kimi bizi narahat edən, bizim üçün ən öndə duran məsələ olaraq dəyişmədən qalmalıdır ki, bu da Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabaq münaqişəsi , hələ də 20% işğal altında olan torpaqlar və 1 milyon qaçqın məcburi köçkünü olan bütöv Azərbaycandır.
Mail Ağaxanov